Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü qeyd edilmişdir
Yeni Azərbaycan Partiyasının yaranmasının 20–ci ildönümü münasibətilə Qazax rayonunda tədbir keçirilmişdir. Olimpiya İdman Kompleksində keçirilən tədbirdə YAP Qazax rayon təşkilatının şura üzvləri, gənclər birliyinin təşkilat üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəlmişlər. Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Sonra tədbir Olimpiya İdman Kompleksində davam etdirilmişdir. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bütün partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə təbrik etmişdir.
Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
H.Pənahov geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, YAP yeganə partiyadır ki, hal-hazırda 600 min nəfərə yaxın üzvü vardır. YAP siyasi cəhətdən yetkin, xalqımızın mənafeyinə xidmət edən ümumxalq partiyasına çevrilmişdir. Partiyamızın bütün seçkilərdə əldə etdiyi qələbələr, YAP-ın hakimiyyəti dövründə yüksək seçki mədəniyyətinin formalaşması və demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılması buna əyani sübutdur. 1993-cü il iyul ayının 24-də təsis edilən YAP Qazax rayon təşkilatının hal-hazırda 6033 nəfər üzvü vardır.
Sonra Milli Məcilisin deputatı Əhməd Vəliyev çıxış edərək YAP-ın yaranma tarixindən söz açmış, ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və bu gün Prezident İlham Əliyevin sədrliyi ilə fəaliyyət göstərən partiyanın əldə etdiyi uğurlardan danışmışdır.
YAP icra katibliyinin məsul işçisi Rəfael Gülməmmədov öz çıxışında 20 il ərzində YAP-ın keçdiyi tarixi inkişaf yolundan, partiyanın ölkəmizdə ən böyük və yeganə siyasi qüvvə olmasından söz açmışdır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək YAP-ın yaranmasının 20 illiyi münasibətilə bütün tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Azərbaycan özünün dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bəyan etdikdən sonra yeni bir ümumxalq partiyasına ehtiyac var idi. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin sədrliyi ilə bu zərurətdən yarandı və zaman keçdikcə ən böyük siyasi qüvvəyə çevrildi. Beləliklə, Azərbaycanın ictimai həyatında olduğu kimi siyasi həyatında da yeni dövr başlandı.
Sonra YAP Siyasi Şurasının üzvü Abbas Göyüşov, YAP rayon təşkilatının şura üzvü Tərlan Bədəlova, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının III kurs tələbəsi Aysel Hüseynova, rayon veteranlar şurasının sədri Xanqulu Süleymanov çıxış edərək bildirmişlər ki, YAP 20 il ərzində respublikamızda ictimai-siyasi sabitliyin yaradılmasına, sürətli iqtisadi inkişafa, xalqımızın sosial problemlərinin həllinə, dövlətimizin regionun aparıcı bir ölkəsinə çevrilməsinə nail olmuşdur.
Tədbirin sonunda YAP rayon təşkilatının ən fəal üzvləri Fəxri Fərmanlarla təltif edilmişlər.