Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

17 yanvar 2017 | 16:00

Hesabat yığıncağını Qazax RİHB aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, rayonda ötən il qazanılmış nailiyyətlərdən və əldə olunmuş uğurlardan danışaraq yığıncaq iştirakçılarına məlumat vermişdir. Sonra hesabat üçün söz Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəsi Ramiz Əsədova verilmişdir.  Ramiz Əsədov bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət nəticəsində 2016-cı ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Bir çox beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana dəstək nümayiş olunmuşdur. Azərbaycanın hərbi potensialı böyük dərəcədə artmışdır. Bunun nəticəsidir ki, ötən ilin aprel ayında Azərbaycan ordusu böyük hərbi qələbə əldə etmişdir.
  Son illərdə dövlət başçısı İlham Əliyev cənablarının Qazax rayonuna etdiyi səfərləri bu bölgənin də taleyində mühüm rol oynamışdır. Rayonda gedən quruculuq və abadlıq işləri daha da genişlənmişdir. Dövlət başçısı ötən il oktyabrın  19-da rayonumuzda olarkən rayonun sosial-iqtisadi,  mədəni həyatı ilə yaxından tanış olmuş, qısa müddət ərzində rayonda aparılmış işlərlə yaxından maraqlanmışdır. Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax-Kosalar avtomobil yolunun, 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının açılışında iştirak etmişdir.
Rayonumuzda görülən bu işlərə görə biz  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına  və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova minnətdarlığımızı bildiririk. Bundan başqa, uzun illər kənd sakinlərini narahat edən əsas problemlər, işıq, qaz, su, yol və sair öz həllini tapmışdır. Kəndimizdə 2 ədəd subartezian quyusu qazılmış, 5 kilometr kənddaxili yollara qum-çınqıl döşənmiş, 90 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəkləri, 1000 metr elektrik naqilləri yenisi ilə əvəz olunmuş, kənddə fəaliyyət göstərən 3 saylı uşaq bağçası əsaslı təmir olunmuşdur.
Ötən il kəndimizdə heyvandarlıq, bitkiçilik və digər sahələrdə də uğurlar qazanılmışdır.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qarada 18 baş, xırdabuynuzlularda isə 61 baş artım olmuşdur. 2016-cı ilin məhsulu üçün  192 hektarda payızlıq taxıl, 20 hektarda qarğıdalı, 305 hektarda yonca, 5 hektarda bostan, 45 hektarda tərəvəz, 35 hektarda kartof əkilmişdir. Hər hektardan məhsuldarlıq yüksək olmuşdur.  Kənd təsərrüfatı bitkiləri üçün 544 nəfər əkinçiyə 32910 manat yanacaq və sürtkü yağlarına görə subsidiya ödənilmişdir.
Azərbaycanın xoş gələcəyi ölkə prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində əldə olunacaqdır, ona görə də biz bu siyasəti dəstəkləyirik və müdafiə edirik.
Hesabat məruzəsindən sonra çıxışlar olmuşdur. Kənd sakinlərindən Taryel Nəsibov, Musa Qasımov, Cavanşir Rüstəmov, Çərkəz Nəsibov və başqaları çıxış edərək öz arzularını, rəy və təkliflərini söyləmişlər. Onlar Kosalar kəndinin bütün problemlərinin həll olunmasına görə dövlət başçısı İlham Əliyev cənablarına və Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda kənddəki orta məktəb binasının və idman zalının təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Hesabat yığıncağında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova, RİHB aparatında şöbə müdiri Məmməd Alıyev, şöbə müdirinin müavini Yaşar Əfəndiyev, aparatın məsul işçisi Qərib Bayramov iştirak etmişlər.

Keçidlər