KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
12 noyabr Konstitusiya günü münasibətilə rayonumuzda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətində dəyirmi masa ətrafında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov giriş sözü ilə çıxış edərək müstəqil Azərbaycanın əsas qanunu olan Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Azərbaycanda qəbul olunmuş Konstitusiyamızın tarixindən danışaraq 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respulikanın dördüncü Konstitusiyası olmasını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Qazax rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülayə Həsənova məruzə ilə çıxış edərək qanunun aliliyindən, xalq və dövlət üçün zəruri olmasından söz açmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işçi qrupunun yaradılmasından, ümumxalq səsverməsi yolu ilə Konstitusiya Aktının qəbul olunmasından danışmışdır.
Qazax rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqı Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov çıxış edərək bildirmişlər ki, Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında demokratik quruluşlu dövlətimizin bütün sahələrini əks etdirən mənəvi və humanist ideyalar, dövlət və xalq üçün lazım olan bütün hüquq və azadlıqlar qanun şəklində öz əksini tapmışdır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq qeyd etmişdir ki, Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.