Şriftin ölçüsü :

Saytın rəngi :

Daş Salahlı və Quşçu Ayrım kəndlərində hesabat yığıncaqları keçirilmişdir

23 yanvar 2017 | 16:00

Hesabat yığıncağını giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il rayonumuz üçün də uğurlu olmuşdur və tikinti-abadlıq işləri daha da genişlənmişdir. Bütün bunların ölkə prezidenti İlham ƏIiyev cənablarının düzgün siyasətinin nəticəsi olduğu bildirilmişdir.
Sonra söz Daş Salahlı kənd icra nümayəndəsi Tahir Hüseynliyə verilmişdir. O, 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat vermişdi. 2016-cı il respublikamızda və rayonumuzda görülmüş işlər, qazanılmış uğurlar, ordumuzun daha da güclənməsi, Aprel döyüşləri zamanı qazanılmış tarixi qələbə, rayonumuzda referendumun şəffaf keçirilməsi, Ölkə prezidenti İlham Əliyev cənablarının rayonumuza tarixi səfəri və səfər zamanı bir sıra  sosial və istehsal yönümlü obyektlərin açılışında iştirak etməsi və digər məsələlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermiş, Daş Salahlı kəndində görülmüş işlər barədə danışmışdır. Söyləmişdir ki, hesabat dövründə Rayon İcra Hakimiyyətinin başçısı cəbab Rəcəb Babaşov  mütəmadi olaraq kənd sakinləri ilə görüşmüş, onları narahat edən problemlərin həllinə köməklik göstərmişdir. Şəhidlər Xiyabanında əsaslı, kənddəki seçki məntəqələrində və kitabxanada cari təmir işləri aparılmışdır. 1, 2 və 3 saylı körpələr evi-uşaq bağçalarına içməli su xətti çəkilmişdir. Tələbatın yaxşılaşdırılması məqsədilə kəndə 170 metr içməli, 778 metr uzunluğunda məişət su xətti çəkilmişdir. “Coğazçay” su anbarından gələn 12 kilometrlik su xəttinin 500 metr hissəsində  təmir işləri aparılmış, 53 metr hissə isə yenisi ilə əvəz olunmuşdur. Kəndə gələn su xəttinin 1,5 kilometr hissəsi təmir edilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır. Qazaxbəyli kəndindən Daş Salahlı kəndinə gələn yolun 6,5 kilometr hissəsinə asfalt örtüyü qoyulmuş, kənddaxili yolların 30 kilometrlik hissəsinə qum-çınqıl döşənmişdir.
Kənddə 2017-ci ilin məhsulu üçün 2050 hektar şum aparılmış, bunun 1450 hektarı buğda, 500 hektarı arpa olmuşdur. Bundan başqa, 60 hektar şəkər çuğunduru,2 hektar tütün əkilməsi və 150 kiloqram barama istehsal olunması nəzərdə tutulmuşdur. Bu ötən illə müqayisədə xeyli çoxdur. Baramaçılığın inkişafı üçün 2200 ədəd tut ağacı əkilmişdir, 1390 nəfər əkinçiyə 138810 manat subsidiya verilmişdir.
Kənd sakinlərindən Məmməd Omarov, Hicranə Məmmədova, Almara Abdullayevə, Cəfərli Tofiq və Akif Yusifov çıxış edərək kənd yoluna asfalt qoyulması, məktəblərdə istilik sisteminin qaydaya salınması, su anbarının təmir olunması, 2 saylı məktəbin texniki su probleminin həll olunması və kənddə çörək sexinin tikilməsi barədə təkliflər irəli sürmüşlər.
Quşçu Ayrım kəndində keçirilən hesabat yığıncağını  giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açmış, hesabat ilində ölkəmizdə və Qazax rayonunda görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Sonra söz Quşçu Ayrım kənd icra nümayəndəsi Elman Nəsibova verilmişdir. Elman Nəsibov ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, sosial-iqtisadi və tikinti abadlıq sahəsində ölkəmizdə və rayonumuzda əldə olunmuş uğurlar, Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun dəfələrlə Quşçu Ayrım və Məzəm kəndlərində əhali ilə görüşməsi, ölkəmizin müdafiə qabiliyyətinin daha da artması və digər məsələlər barədə ətraflı danışmışdır. Söyləmişdir ki, hesabat dövründə Məzəm kəndində 22 evin ətrafına istinad divarı çəkilmişdir. Kəndarası yolların 2 kilometrinə çınqıl döşənmiş, Əsli Nəsibovanın  erməni atəşi nəticəsində yanmış evi təmir edilmiş, Quşçu Ayrım kəndində evlərin düşmən mövqelərinə baxan pəncərələrinin bağlanması üçün 143 evə daş, qum, sement verilmiş, şəhid Yavər Mirzəyevin xatirəsinə tikilmiş bulaqda və “Düzlü noy” adlanan bulaqda təmir işləri aparılmış, 4 kilometr kəndarası yollara çınqıl döşənmiş, şəhid anası Gülsəhər Məmmədovaya yeni yaşayış evi tikilmiş, iki pilləli su nasosunun motoru təmir edilmiş və 1 ədəd transformator yenisi ilə əvəz olunmuşdur.
Vaxtaşırı hər iki kənddə qəbiristanlıqlarda iməciliklər keçirilmiş və abadlıq işləri aparılmışdır. Bütün bunlar hamısı icra başçısı cənab Rəcəb Babaşovun sərhəd kəndlərinə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Hesabat məruzəsindən sonra kənd sakinlərindən  Bəhruz Hüseynov, Yusif Nəbiyev, Lətif Dünyamalıyev və başqaları çıxış etmişlər, öz rəy və təkliflərini bildirmişlər. Ötən il əldə olunmuş uğurlara görə dövlət başçısı İlham Əliyev cənablarına və Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz minnətdarlıqlarını bildirmişlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova, RİHB aparatınta ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, aparatın məsul işçilər Barat Vəliyev, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

Keçidlər