Şriftin ölçüsü :

Saytın rəngi :

Günü-gündən gözəlləşən şəhərim

12 dekabr 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri rayonumuzda da böyük vüsətlə həyata keçirilir. Bu gün birmənalı şəkildə demək olar ki, Qazax böyük bir tikinti meydançasına bənzəyir. Şəhərimizin demək olar ki, hər yerində abadlıq və yenidənqurma işləri aparılır. Hər tərəfdə insanlar bir yenilik yaradır, yeni-yeni binalar tikməklə yanaşı mövcud olan binaların, hasarların, ticarət obyektlərinin simalarını dəyişdirərək yeniləşdirirlər. Hər gün şəhəri gəzərkən təzə bir yeniliyin şahidi olur, dəyişikliklərlə qarşılaşırıq. Bu da hər bir rayon sakini tərəfindən böyük rəğbətlə qarşılanır, qazaxlılarda sevinc və fərəh hissi oyadır.
Rayonumuzda aparılan tikinti-quruculuq işləri Heydər Əliyev prospektində daha geniş vüsət almışdır. Şəhərin mərkəzi küçəsi olan bu ərazi demək olar ki, başdan-başa yenidən qurulur. Çoxmərtəbəli yaşayış binalarının fasad hissələri aqlay daşları ilə üzlənir, ticarət obyektləri, ictimai binalar əsaslı şəkildə yenidən qurulur. Şəhərimizin girişində yerləşən 5 mərtəbəli bina ilin əvvəllində əsaslı şəkildə yenidən qurularaq gözəl bir görkəmə salınmışdır. Bu gün həmin bina şəhərimizə xüsusi yaraşıq verir. Heydər Əliyev prospektindəki bütün çoxmərtəbəli yaşayış binalarında da yenidənqurma işləri həyata keçirilərək təzə bir görkəmə salınır. İnşaatçılar mövcud binaların fasad hissələrini əsaslı şəkildə dəyişdirirlər. Belə ki, binaların üz örtüyü aqlay daşları ilə üzlənir, köhnə görkəmlərindən əsər-əlamət belə qalmır. Ona görə də bu gün yeni görkəmə salınan həmin binalar göz oxşayır. Şəhərimizə xüsusi yaraşıq verməklə insanların qəlbində sevinc və fərəh hissləri oyadır.
H.Əliyev prospekti boyunca çoxlu sayda ticarət obyektləri və ictimai binalar vardır. Artıq bir neçə aydır ki, burada da yenidənqurma və abadlıq işləri aparılır. İnşaatçılar adları çəkilən obyektlərə də “əl gəzdirirlər”. Prospekt boyunca yerləşən bütün mağazalar, salonlar, banklar, yaşayış evləri, hasarlar əsaslı şəkildə yenidən qurularaq təzə bir görkəmə salınır. Adları çəkilən obyektlərin bütün hamısı aqlay daşları ilə üzlənir, müasir standartalara cavab verən vəıziyyətə gətirilir. Bu gün yenidənqurma işləri başa çatmış yerlərə baxdıqca, sözün əsl mənasında insanın ürəyi açılır. Hər tərəfdən yenilik yağır, müasirlik hiss olunur. Bu da şəhərimizin görkəminin gözəlləşməsindən, Qazağın respublikamızın yaraşıqlı şəhərlərindən birinə çevrilməsindən xəbər verir.
H.Əliyev prospektində tikilməkdə olan binalar da diqqəti çox özünə cəlb edir. Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən tikilən Ədəbiyyat muzeyində inşaat işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda tikintisi başa çatdırılacaq 3 mərtəbəli muzey şəhərimizə xüsusi yaraşıq verəcəkdir.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı üçün inşa edilən inzibati bina da H.Əliyev prospektində tikilir. 2 mərtəbədən ibarət olacaq bina yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Eyni zamanda prospektdə daha bir yeni bina da inşa olunur. Rayon polis şöbəsi üçün tikilən inzibati bina şəhərimizin ən gözəl binalarından biri olacaqdır. 3 mərtəbədən ibarət olan yeni inzibati binada tikinti işlərinin yaxın aylarda başa çatdırılması gözlənilir.
Bir sözlə, Heydər Əliyev prospekti boyunca bütün sahələrdə yenidənqurma, əsaslı təmir işləri aparılır, abadlıq işləri həyata keçirilir. Prospekt gündən-günə sözün yaxşı mənasında öz görkəmini dəyişir. Burada ışlər yekunlaşdıqdan sonra şəhərin digər küçələri də abadlaşdırılacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun rəhbərliyi altında görülən bütün quruculuq işləri rayon sakinlərində böyük fərəh hissi oyadır, hər bir qazaxlının ürəyindən xəbər verməklə onu sevindirir. Sürətlə həyata keçirilən yenidənqurma və abadlıq işləri yaxın vaxtlarda başa çatdırıldıqdan sonra Qazax respublikamızın ən abad və gözəl şəhərlərindən birinə çevriləcəkdir.
 

Keçidlər