Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlar unudulmur

28 yanvar 2017 | 16:00

Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. O, 1979-cu ildə burada məktəbə gedib, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə çağrılıb. Sovet Ordusu sıralarınada bir il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb.
Mərfət Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edərək şəxsi igidlik və fədakarlıq nümunəsi göstərib. Mərfət torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-də Mərfət Nəsibov sonuncu dəfə döyüşə gedib. O, Qazaxın Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak olub. Rayonun Məzəm kəndində dəfn edilib.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna ölümündən sonra “Azərbacanın Milli Qəhrəmanı” adı verilib.
  Rayonda adına bulaq tikilib. Bu günlərdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən həmin abidə kompleksdə yenidənqurma işləri aparılmış və bulaq öz görkəmini dəyişmişdir.
2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin—Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir.

Keçidlər