Böyük nailiyyətlər əldə edəcəyik
Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin əvəzi Ramil Dursunov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hər il olduğu kimi bu il də ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilmiş, genişmiqyaslı tikinti-quruculuq işləri görülmüş, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər əldə olunmuşdur.
Qeyd edib ki, Aslanbəyli kəndi rayonun ən qədim kəndlərindən biridir. Kənd ərazisində Hacımahmud Əfəndi ziyarətgahı, Hacımahmud Əfəndi məscidi mövcuddur. Kəndin 4217 nəfər əhalisi, 980 təsərrüfatı var. Nümayəndəliyin ərazisində bələdiyyə, tam orta məktəb, folklor evi, kitabxana, həkim məntəqəsi, poçt, rabitə şöbəsi, ATS və s. fəaliyyət göstərir.
Hesabat ilində Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq kənd sakinləri ilə görüşmüş və onları narahat edən problemlər öz müsbət həllini tapmışdır. Eyni zamanda RİH Başçısının tapşırığına əsasən kənddə tərkibi 5 nəfərdən ibarət olan işçi qrupu yaradılmış və bəzi məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
Hesabat dövründə kənddə əhalinin məişət suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə 2 ədəd subartezian quyusu qazılaraq balansa alınmış və sakinlərin istifadəsinə verilmişdir. Əlavə olaraq 4 ədəd quyunun qazılması da nəzərdə tutulmuşdur. Bundan başqa əhalinin suvarma suyuna olan tələbatını ödəmək üçün uzunluğu 11,5 kilometr olan suvarma arxının 3,2 kilometr hissəsi texnika vasitəsilə, 3,5 kilometr hissəsi isə işçi qüvvəsi tərəfindən təmizlənmişdir.
Hesabat ilində kənd İnvestisiya Layihəsi tərəfindən kənddə qəbiristanlığın ətrafına 1400 metr metal tordan hasar çəkilərək yardımçı tikililər tikilmişdir. Kənd sakinlərinin iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Belə iməcliklər il ərzində mütəmadi olaraq davam etdirilmişdir.
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 2016-cı ilin məhsulu üçün 346 hektarda buğda, 401 hektarda arpa, 255 hektarda yonca, 4 hektarda isə qarğıdalı əkilib becərilmişdir. Hər hektardan 25-30 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə kənd ərazisində 14 hektar üzüm bağları da vardır.
2017-ci ilin məhsulu üçün 965 hektar sahədə şumlanma işləri aparılmış, bunun 466 hektarında buğda, 488 hektarında arpa, qalan 11 hektarda isə digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda kənddə 9,76 hektar sahədə şəkər çuğundurunun əkilməsi və 150 kiloqram barama istehsal olunması nəzərə alınmışdır. Barama istehsalının inkişaf etdirilməsi üçün kənd ərazisində 1000 ədəd tut ağacı tingləri basdırılmışdır.
Hesabat ilində kənd təsərrüfatı bitkiləri əkən 650 nəfərə yanacaq və sürtkü yağlarına görə 65284 manat subsidiya verilmişdir.
Hesabat dövründə əhali və fermer təsərrüfatında 945 baş iribuynuzlu mal-qara, 5900 baş xırdabuynuzlu qoyun-keçi və 9520 baş quş qeydiyyata alınmışdır.
Sonra kənd sakinləri çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Daha böyük nailiyyətlər əldə edəcəklərini vurğulayıblar.
RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək hesabat yığıncağına yekun vurub.