Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın “Qərb qapısı”nın yeni növrağı

30 yanvar 2017 | 16:00

 

 

– Bax bu, Əhmədin evidir, Əhməd Mansurovun. Özünün qarağat, fındıq bağları var. İlboyu özü, ailə üzvləri torpaqla əlləşir, zəhmət çəkir, bəhrəsini də görürlər. Gördüyünüz evi də təzə tikdirib, sağlığına qismət olsun... Bu isə Mahmud Abdullayevin evidir. Əvvəllər Göyçayda sovxoz direktoru işləyib, torpağın və zəhmətin nəyə qadir olduğunu yaxşı bilir. Ailə üzvləri ilə birlikdə 2 hektar torpaq sahəsi var. Bir qarışını da qoymaz ki, boş qalsın. Gah qarğıdalı əkir, gah yonca səpir, gah da tərəvəz, bostan yetişdirir…
  Bayaqdan Qazağın Yuxarı Salahlı bələdiyyəsinin sədri Şahismayıl Məmmədovla kəndi dolaşırıq. Bir-birindən gözəl nə qədər təzə ev tikilib! Ağ mişar daşından kürsülü, hətta ikimərtəbəli  evlər göz oxşayır. Artıq içinə köçəni də var, son tamamlama işləri görüb yır-yığış edəni də. Bələdiyyə sədri deyir ki, kənddə heç vaxt bu qədər ev tikilməyib. Adamlar torpağın bəhrəsini indi-indi görməyə başlayıblar. Çünki şərait olmayıb. Xüsusilə suyun olmaması, texnikanın çatışmaması fərdi torpağı olanların əlini işdən soyutmuşdu.
  Ş. Məmmədov barmaqlarını bir-bir qatlayıb saymağa başlayır: Şərif Kəlayevin, Yaşar Hüseynovun... bütövlükdə 16 nəfərin adını çəkir ki, son aylar kənddə belə evlər ucaldıblar. İndi hamı torpaqdan maksimum faydalanmağa çalışır. Sovetlər dönəmində Daş Salahlı keçmiş İttifaqın Keçici Qırmızı Bayrağını alıb. Bilirsiniz nə qədər məhsul götürüblər? Hər hektar üzüm bağından 140 sentner məhsul alınıb. İndi niyə olmasın?! Torpaqları çox məhsuldardır, nə əksən bol məhsul alacaqsan. Sadəcə inam olmayıb. “Birdən əkərəm, su tapmaram” narahatlığı kənd adamını daim izləyib. Amma keçən ildən başlayaraq adamlar inanmağa başlayıblar ki, su olacaq. Sadəcə bu işi təşkil etmək, adamları inandırmaq və təbii ki, konkret kömək göstərmək lazım imiş. Texnika ilə təminat da öz yerində. İllər boyu əl vurulmayan arxların təmizlənməsi, Gürcüstan ərasisindən gələn Xramçayın bir qolunun kəndin müəyyən hissəsində torpaqların suvarılmasında istifadə olunması və digər tədbirlər yaranmış problemin qısa müddətdə aradan qaldırılmasına kömək göstərmişdir.
  Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbərinin təşəbbüsü ilə Gürcüstana nümayəndə heyətinin göndərilməsi və orada yerli məmurlarla konkret söhbətlər aparılması illərdən bəri həll olunmayan bir problemin--suyun Qazağın ərazisinə gəlib çıxması məsələsini birdəfəlik yoluna qoymuşdur. İndi Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinin sakinləri də suvarmada həmin çaydan geninə-boluna istifadə edə bilirlər. Bax budur, konkret iş! Yoxsa “su yoxdur, əkə bilmirik” deyib illər boyu torpağı boş saxlamaqla nə ev tikmək olardı, nə də düz-əməlli dolanışıq qurmaq.
  Birinci Şıxlıda da sadə kənd adamlarının üzündən bir inam və ona qarışıq sevinc hissi oxunurdu. Kənd icra nümayəndəsinin müavini Çərkəz Adıgözəlov məlumat verdi ki, Birinci Şıxlının 3600 nəfərə yaxın sakini var. Keçən ilin aprel-may aylarına kimi əksəriyyət boş-bekarçılıqdan, torpaqda işləmək üçün şəraitin olmamasından bezərək sərhədi o tərəfə adlayır, oradan gətirdikəri məhsulları satmaqla məşğul idi. Amma indi tamamilə başqa mənzərədir. Gürcüstana ayda-ildə bir dəfə gedənləri barmaqla göstərmək olar. Hamı pay torpaqlarının əkilib becərilməsi ilə məşğuldur.
  Ç. Adıgözəlov yolun kənarında maşınımızı saxlamağı məsləhət görür. Hündür yamacların üstündə, səfalı bir yerdə ucaldılan ikimərtəbəli evi göstərərək “Ramin Hüseynovun evidir, təzə tikdirib”,-- deyir. Ağ mişar daşından zövqlə tikilmiş evin qarşısındakı traktor, kotan, taxılsəpən qurğu uzaqdan diqqətimizi cəlb edir. Öyrənirik ki, hamısı özünündür. Lazım gələndə başqalarına icarəyə də verir. İstifadəsində 2,5 hektar torpağı var. Növbə ilə buğda, qarğıdalı, tərəvəz, bostan məhsulları yetişdirir. Bəhrəsini də görür. Necə deyərlər : maşallah, “topdağıtmaz ev” tikdirib.
  Daş Salahlı kəndində də olduq. Əslində, bura kənd də demək olmaz. Çünki əhalisinin sayı 10 min nəfəri haqlayıb və bir sıra infrastruktura malik bir yerdir. Daha dəqiq desək, hazırda Daş Salahlıda 9880 nəfər əhali yaşayır. Kəndin aşağı hissəsi tamamilə asfaltlaşdırılıb. Tezliklə mərkəzi küçəyə də asfalt salınacaq. Kəndin qəsəbə statusu alacağı gün uzaqda deyil. Hazırda bu sahədə konkret işlər gedir və məsələ yaxın zamanlarda öz həllini tapacaqdır. Maraqlıdır ki, son vaxtlar kəndə axın xeyli artıb. Keçən il bura 25 nəfər köçüb gəlib və torpaqla məşğul olmağa başlayıb. Gedənlər isə tək-tükdür və əsasən ailə qurub köçən qızlardır.
  – Keçən il 1500 hektar taxıl əkmişdik, bu il 2100 hektar. Bilirsiniz niyə artıb bu rəqəm, --deyə kənd icra nümayəndəsinin müavini Məhəmməd İsmayılov söhbətinə Daş Salahlıda torpağa münasibətin kökündən dəyişdiyini bildirir.--Sudan daha korluq çəkmirik, arxları təmizləmişik və bu iş hələ də davam edir. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bizim torpağa olan inamımızı özümüzə qaytardı. Bir daha əmin olduq ki, torpaqdan səmərəli istifadə etsək, istəyimizə nail olacağıq. O gün bir daha yeni ev tikənlərin siyahısını dəqiqləşdirdik. Son 7-8 ayda təzə ev tikənlərin sayı 50 nəfərə yaxındır. Asif Yusifov, Qəhrəman İsmiyev və onlarca başqaları yaxşı məhsul əldə etdikləri üçün özlərinə lazımi şərait yarada biliblər: ev tikiblər, maşın alıblar, mal-qara saxlamağa başlayıblar.
  Bizim belə bir atalar sözü var: torpaq deyir: “Öldür məni, dirildim səni” . Məcazi mənada deyilmiş bu sözlərdə böyük bir həqiqətin olması hamıya məlumdur. Kəndlini yaşadan da, onu ev-eşik sahibi edən də torpaqdır. Amma başqa bir atalar sözündə deyildiyi kimi “halva, halva deməklə ağız şirin olmur”. Əgər kəndli ona verilmiş torpağı suvarmaq üçün su tapmırsa, əkdiyi buğdanı biçmək üçün qapı-qapı düşüb kombayn axtarırsa, yaxud yetişdirdiyi məhsulu satmaq üçün şərait yoxdursa, o nə ev tikə biləcəkdir, nə də yaxşı yaşayacaqdır.
  Amma nə yaxşı ki, bütün bunları düşünüb konkret iş görənlər tapıldı Qazaxda. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov nəinki adamları bu sahədə səfərbər edə bildi, həm də onları inandırdı, inamlarını artırdı və əlbəttə, konkret kömək göstərdi.
  İndi Qazaxda hara baxırsan səhərdən axşama kimi torpaqda çalışan insanları görürsən. Səmimi deyirəm və yəqin ki, qazaxlılar inciməz. Əvvəllər Qazaxa yolum düşəndə elə bilirdim onların əkməyə-biçməyə torpaqları yoxdur. Çünki çöldə-tarlada bir nəfər belə görmək mümkün deyildi. Amma bu dəfə gördüklərimiz tamamilə başqa mənzərə idi. Hətta bu günlərdə tamamilə öz görkəmini dəyişmiş şəhərin mərkəzi parkında dincələn qocanın, cavanın  söhbətinin mövzusu da indi torpaq və onun necə becərilməsi haqqındadır. Maraq üçün axşamlar yolunuzu füsunkar görkəm almış bu parkdan salın, bir stəkan pürrəngi çaya qonaq olun, görəcəksiniz ki, insanlar sabaha necə böyük ümidlə baxırlar...
  Rayon icra hakimiyyətindən aldığımız rəqəmlərə nəzər saldıqda bir daha aydın olur ki, Qazax tezliklə regionda bol məhsul götürə biləcək bir yer kimi tanınacaqdır. Yeri gəlmişkən qeyd edək ki, kənd təsərrüfatında işlərin gedişi tamamilə rayon icra hakimiyyəti başçısının nəzarətindədir. Hansısa kənddə, hətta 5 kiloqram buğda səpiləndə də R.Babaşovun xəbəri olur və o, hədsiz sevinir, nə kimi köməklik lazım olması ilə maraqlanır, vaxt tapıb onunla görüşür, daha da həvəsləndirir. Belə olmasaydı, bu gün Qazaxda adamlar torpağa bu qədər bağlanmazdılar. Hələ ötən həftə aldığımız rəqəmlərə istinad etsək, Qazaxda payızlıq taxıl səpini əvvəlki illə müqayisədə 3049 hektar çoxdur. Əgər 2016-cı ildə rayonda 5647 hektar sahədə buğda əkilmişdirsə, bu gün həmin rəqəm 8173 hektara çatmışdır. Elə torpağın ötən illə müqayisədə şumlanmağı da bir daha sübut edir ki, hədəf torpaqdan maksimum yararlanmaqdır. Özünüz fikirləşin: keçən il bu vaxtlar cəmi 7900 hektar sahədə şumlama aparılmışdırsa, indi 12 min hektarı çoxdan keçib. Tütün, çuğundur, barama keçən il və ondan əvvəlki dövrlərdə yetişdirilmədiyi halda, hazırda bu sahələrin inkişafı üçün kompleks tədbirlər görülür. Adamlar arasında aparılan izahat-təbliğat işinin nəticəsidir ki, həmin sahələrə böyük maraq var.
  Barama istehsalına xüsusi diqqət yetirilməyə başlanıb. Bu sahənin daha yaxşı inkişaf etdirilməsi üçün möhkəm yem bazasının yaradılması başlıca vəzifə kimi ön plana çəkilib. Rayonda Çin Xalq Respublikasından gətirilmiş tinglərdən yeni tut bağları salınıb, köhnə bağlar isə bərpa olunub.
  ...Qazax son aylar əsl tikinti, abadlıq, quruculuq meydanını xatırladır. Biz rayonda olarkən rayonun Ağstafa tərəfdən girişi tamamilə yenidən qurulurdu. Çoxmərtəbəli yaşayış binalarının, digər müxtəlif tikililərin üzlükləri sökülüb yenidən qurulur, yollar və səkilər nəfis şəkildə düzəldilir, park və xiyabanlar yeni görkəmə salınırdı. Hara baxırdın iş gedirdi. Bir qədər sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb söhbət edərkən bu məsələyə toxunduq və dedik ki, bəzi məmurlar vəsait çatışmazlığından gileylənirlər, sizin rayonda isə deyəsən bunun əksinədir. İcra hakimiyyətinin başçısı “özünü sığortalayanların sözü olar, ayrılan vəsait düzgün, təyinatı üzrə xərclənsə, istənilən rayonu, o cümlədən Qazaxı cənnətə çevirmək olar” dedi.
  Yeri gəlmişkən qeyd edək ki, icra hakimiyyətinin başçısı hər cür neqativ halların, rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq üçün əməli tədbirlər həyata keçirib və buna da nail olub.R.Babaşovun bu məsələdə mövqeyini, prinsipiallığını rayonda artıq hamı bilir.
Rayon rəhbəri onu da bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev regionların inkişafı üçün əlindən gələni əsirgəmir. Gərək biz də bu diqqətə, qayğıya öz vicdanlı işimizlə cavab verək, etimadı doğruldaq.
  Bəs 2016-cı il Qazaxın həyatında nə ilə yadda qaldı? Qazaxlılar deyirlər ki, ölkə Prezidentinin rayona növbəti səfəri onları hədsiz ruhlandırıb. Bir də ki, təkcə son aylarda görün rayonda nə qədər işlər görülüb: Qazax rayon tarix diyarşünaslıq muzeyi, Daş Salahlı kəndində 110 kilovoltluq yarımstansiya, Birinci Şıxlı kəndli fermer təsərrüfatı, ümumi uzunluğu 10 kilometr olan və  6 min nəfərdən çox əhalinin yaşadığı kəndləri birləşdirən Qazax-Kosalar avtomobil yolu… Neçə-neçə  küçə və döngə, park və xiyaban, kəndlərdə aparılan geniş abadlıq-quruculuq işləri  rayonun simasını dəyişir, gözəlliyə qovuşdurur. Rəqəmlər nə qədər quru, yorucu da olsa nəzər salmağa dəyər.Çünki onların arxasında gecəli- gündüzlü gərgin iş dayanır. Keçən il şəhərin küçələrinə 3100 metr uzunluğunda yeni bardür düzülmüş, 4250 kvadratmetr əraziyə tamet döşənmiş, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər yenə davam edir.
  Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilmiş,12 min kvadratmetrə yaxın dəmir kirəmit vurulmuş, 300 kvadratmetrə yaxın hasar hörülmüş və evlərin 5 min kvadratmetrlik fasad hissəsində və hasarlarda suvaq işləri aparılmışdır.
  Bayraq meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, şəhərin girişində, rayonun ünvanını bildirən “obelisk”də və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmışdır.
  Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatmışdır. Parkın 4443 kvadratmetr sahəsinə tamet döşənmiş, 1656 metr uzunluğunda yeni bardürlər düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuş, oturacaqlar təzələnmiş, qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Rayonun görkəmli şəxsiyyətlərinin buradakı 12 büstü restavrasiya olunaraq müasir görkəmə salınmışdır.
  Şəhidlər xiyabanı küçəsində, Cümə məscidinin qarşısındakı ərazidə abadlıq işlərinə başlanılmışdır. Əraziyə tamet döşənir, bardür düzülür və işıq sistemi quraşdırılır.
  Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində və mərkəzi küçələrdə abadlıq işləri aparılmışdır.
  Qazax şəhərindəki, rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər xiyabanlarında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparılmışdır.
  “Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan, 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 kilometr olan, Ermənistanla sərhəddə yerləşən, 1213 nəfər əhalinin yaşadığı Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi üçün hazırlıq işləri görülür.
  Qazax şəhərində 20 kilometr uzunluğunda küçədaxili yollara, kənd yaşayış məntəqələrində isə 160 kilometr uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.
  Keçən ilin noyabr ayında şəhər ərazisində, yol kənarlarına və parklara 12 min qızılgül və gül kolları əkilmişdir.
  Şəhərdə 160 nəfərin işləyə biləcəyi xalça müəssisəsinin tikintisinə başlanılmışdır.
  Rayon icra hakimiyyətinin köməyi ilə Məzəm kəndində 21 ailənin həyətində ümumi uzunluğu 1381 metr  olmaqla, 4143 kvadratmetr istinad divarı çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.
  Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu-Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi davam etdirilir.
  Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə yaşayış evlərinin bütün ifrastrukturlarla tikintisi məqsədilə sənədləşmə işləri aparılmışdır.
  “Mətanət A” şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi işləri davam etdirilir.
  Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermaları tikilib istifadəyə verilmişdir.
Lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndirmə işləri başa çatmışdır.
  Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və əsaslı təmir işləri aparılmış, 504 şagird yerlik Çaylı kənd 1 saylı tam orta məktəbin əsas hissəsi əsaslı təmir olunmuşdur.
  Dəmirçilər kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur. Qazax şəhərində 3 mərtəbə və 1 mansarddan ibarət ümumi sahəsi 1800 kvadratmetr olan 100 uşaq yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
  Qazax şəhər 2, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sisteminin qurulması işləri başa çatdırılmış, 3 saylı körpələr evi-uşaq bağçasında isə işlər davam etdirilir.
  Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanaraq tenderə verilmişdir. Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Qazaxbəyli, Ürkməzli, Dəmirçilər, Aslanbəyli, Alpout kəndlərinə içməli su xətləri çəkilmişdir.
  …Bax, beləcə Azərbaycanın “Qərb qapısı” adlandırılan Qazax hər gün, hər saat gözəlləşir, adamların gün-güzəranı yaxşılaşır. Hər tikilən ev də, salınan küçə də, əkilən ağac da inama söykənir.

Hamlet  Qasımov,
  “Xalq qəzeti”nin
   bölgə müxbiri
   28.01.2017

Keçidlər