Sərhəd kəndi hesabat verdi
Qazax RİH Başçısının Fərəhli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Vəliyev hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, nümayəndəlik iki kəndi - Fərəhli və Qızılhacılı kəndlərini əhatə edir. Fərəhli kəndində 909 nəfər, 234 təsərrüfat, Qızılhacılı kəndi üzrə isə 293 nəfər, 83 təsərrüfat var. Nümayəndəliyin ərazisi 2354 hektardır. Qızılhacılı kəndinin əhalisi 11 may 1992-ci il tarixdən məcburi köçkün kimi Qazax şəhərində və kəndlərdə məskunlaşıblar.
Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1 diyarşünaslıq klubu, 1 kitabxana və poçt fəaliyyət göstərir.
İşçi qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin bütün problemləri ilə maraqlanmaq və həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kəndimizdə yaradılmış işçi qrupu kənd fəallarının iştirakı ilə mövcud problemlərin həllinə çalışmışlar. İkinci kənd investisya layihəsinin xətti ilə 9800 metr kəndarası yollar qum-çınqılla təmir olunaraq hamarlanmışdır. Kənd əhalisinin istifadə etdiyi bulaqlarda təmir işləri aparılaraq 30 metr su borusu yenisi ilə əvəz edilmişdir.
Hesabat dövründə kənddə elektrik enerjisinin və qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Qəzalı vəziyyətdə olan 4 ədəd 10 minlik beton, 2 ədəd 04 kilovoltluq dəmir elektrik dayaqlarının dəyişdirilməsi üçün rəsmi olaraq Elektrik Şəbəkəsinə müraciət edilmiş və yenisi ilə əvəz olunmuşdur.
Hesabat dövründə yol kənarlarında və kəndarası yollarda müntəzəm olaraq iməciliklər keçirilmlş, kəndin təmizliyini saxlamaq üçün əhalini maarifləndirmə məqsədilə kəndin giriş-çıxışında elan lövhələri vurulmuş, kəndin mərkəzinə 3 ədəd zibil qutusu quraşdırılmış, qəbiristanlıqda təmizlik işləri aparılmış, giriş qapısı və su çəni rənglənmişdir.
Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov müntəzəm olaraq kəndin sakinləri ilə görüşlər keçirmiş, qaldırılmış poblemlərlə bağlı aidiyyatı üzrə tapşırıqlarını vermişdir. Həmin tapşırıqlara əsasən magistral yoldan kəndin girişinə olan 4,5 kilometr yolda iki dəfə - iyul və sentyabr aylarında əsaslı təmir işləri aparılmışdır.
Fərəhli və Qızıl Hacılı kəndlərindən olan şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram günlərində bayram sovqatları verilmişdir.
Əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2016-cı ilin məhsulu üçün 261 hektarda payızlıq taxıl, 1 hektarda yonca, 5 hektarda vələmir, 2 hektarda qarğıdalı və 3 hektarda kartof və s. əkilib becərilmişdir. Kənd təsərrüfatı bitkiləri əkən 115 nəfər istehsalçıya yanacaq və sürtgü yağlarına görə 16720 manat subsidiya verilmişdir.
Fərəhli və Qızılhacılı kəndlərinin istehsalçıları 2017-ci ilin məhsulu üçün 345 hektar yer şumlamışdır ki, bunun 72 hektarına arpa, 226 hektarına isə buğda səpilmişdir. 26 hektar şumlanmış sahədə kartof səpilməsi nəzərdə tutulmuşdur.
Hesabat ilində 674 baş iribuynuzlu mal-qara, 1545 baş xırdabuynuzlu qoyun-keçi, 1317 baş ev quşları qeydə alınmışdır.
Kənd sakinlərindən Musa Musayev, Sakit Daşdəmirov və Alı Həsənov çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər. Çıxış edən kənd sakinləri içməli su borularının dəyişdirilməsini, yol problemini, həyətyanı torpaq sahələrinin verilməsini, qış olmasına baxmayaraq kənd əhalisinə nasos vasitəsilə suyun verilməsini xahiş etmişlər.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev və aparatın məsul işçiləri iştirak etmişlər.