Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir

02 fevral 2017 | 16:00

Hesabat yığıncağını rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq tədbir iştirakçılarını salamlamış, 2017-ci ildə onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulamışdır. Bildirmişdir ki, 2016-cı il rayonumuz üçün uğurlu olmuşdur. Lakin ötən ilin ən əlamətdar, yadda qalan hadisəsi Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyev cənablarının Qazax rayonuna səfəridir. Sonra 2016-cı ildə   ölkəmizdə və rayonumuzda sosial-iqtisadi, tikinti–abadlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda bizim firavan yaşamağımız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aparılan güzgün, məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Bu gün bu siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları böyük uğurla davam etdirir. Dünyada ağır iqtisadi böhran olmasına baxmayaraq Azərbaycanın iqtisadiyyatı öz davamlılığını qoruyub saxlaya bilmiş və iqtisadi sabitlik təmin edilmişdir.
Ölkə prezidenti tərəfindən bu gün rayonumuza xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, rayonumuzda son aylarda tikinti–abadlıq işləri geniş vüsət almışdır. Qazax Rayon Tarix Diyarşünaslıq Muzeyi,  “Birinci Şıxlı” kəndli fermer təsərrüfatı, Qazax-Kosalar avtomobil yolu, Daş Salahlı kəndində 110/35/6 kilovoltluq yarımstansiya və digər sosial və istehsal yönümlü obyektlər bu diqqət və qayğı nəticəsində tikilib istifadəyə verilmişdir. Dövlət başçısı tərəfindən Qazax şəhərindəki çoxmənzilli binaların təmiri üçün 3 milyon manat vəsait ayrılmışdır. Biz həmin vəsaitlə 31 binada təmir işləri aparacağıq. Şəhərin hər yerində, mərkəzi parkda  tikinti-abadlıq işləri aparılır. Şəhərin bütün küçələrində işıqlandırma sistemi qurulacaqdır. Şəhərimizdə su-kanalizasiya sisteminin tikintisinə yaxın zamanlarda başlanılacaqdır. Artıq su anbarı üçün yer axtarılır. Yer düzgün seçilməlidir. Mart ayında bu məqsədlə tender keçiriləcəkdir.  Xalça sexində tikinti işləri davam edir. Burada 160 nəfərin işlə təmin  olunması nəzərdə tutulmuşdur. Xalça sexi aprel ayında istifadəyə veriləcəkdir. Çaylı yolunun tikintisi davam edir. May ayında Cəfərli yolunun tikintisinə başlanılacaqdır. “Mətanət A” şirkətində gedən işlər yaxın zamanda başa çatacaqdır. Burada 300 nəfər işlə təmin olunacaqdır. Bu il eyni zamanda Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılacaqdır. Bununla əlaqədar dövlət başçısına səhv məlumat verilibmiş. Guya ki, Qazax Müalicə Diaqnostika Mərkəzi insanların tələbatını tam ödəyə bilir, əslində isə orada cəmi 10 palata vardır, bu da 20 yerlikdir. Ona görə də siz əmin ola bilərsiniz ki, ölkə prezidentinin tapşırığına əsasən xəstəxana binasının tikintisinə başlanılacaqdır. BDU-nun Qazax filialı üçün 5 böyük binanın (1 əsas, 4 yataqxana) tikintisinə başlanılacaqdır. Filiala tələbə qəbulu planı da artırılaraq 450 nəfərə çatdırılacaqdır.  Bütün bunlar ölkə prezidentinin Qazax rayonuna olan diqqət və qayğısının nəticəsidir.
Qazax rayonunda 47000 hektar əkin sahəsi var. Onun cəmi 15000 hektarı suvarılan sahədir. Buna görə də rayonda suvarma işləri düzgün qurulmalı, bu sahədə olan problemlər  rayon suvarma sistemləri idarəsi və SİB-lər tərəfindən vaxtında aradan qaldırılmalıdır. Rayonda cəmi 12310 hektar əkin aparılmışdır. Ondan 8173 hektarında buğda, 2637 hektarında arpa səpilmişdir. Yazlıq əkinlərdən 800 hektar kartof, 500 hektar çuğundur və 50 hektar tütün əkilməsi və 4,5 ton barama istehsalı nəzərdə tutulmuşdur. Bu göstəricilər ötən illə müqayisədə  4-5 min hektar çoxdur. Bu günədək rayona 478 ton gübrə gətirilmişdir. Mən bütün bu işlərlə özüm məşğulam, məqsədimiz işsizliyin aradan qaldırılmasıdır. Daha sonra cənab Rəcəb Babaşov demişdir ki, İcra nümayəndəsinin hesabatı dinlədildikdən sonra şəhərin problemləri söyənilsin, hamı öz rəy və təkliflərini bildirsin.
Cənab Rəcəb Babaşovun çıxışı davamlı alqışlarla qarşılanmışdır.
  Qazax RİH Başçısının şəhər İƏD üzrə nümayəndəsi Akif Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Qazax şəhərinin əhalisi 21607 nəfər, təsərrüfatı 4472 ailə, fərdi yaşayış evinin sayı 4302, çoxmərtəbəli yaşayış binalarının sayı 156, ümumi torpaq sahəsi 743 hektar, xüsusi mülkiyyət 238 hektar, dövlət mülkiyyəti 195 hektar, bələdiyyə torpaqları isə 310 hektardır.
Hesabat ilində Qazax şəhərində 12661 kvadrat metr evlərin dam örtüyü dəyişdirilmiş, 5975 kvadrat metr evlərin və hasarların fasad hissələri suvanmış və rənglənmiş, 635 kvadrat metr hörgü işləri aparılmış, 20 ədəd yeni darvazalar qoyulmuş, 61 ədəd dəmir darvazalar təmizlənmiş dekorativ bəzəklər vurularaq rənglənmiş, 3100 paqon metr uzunluğunda küçə və prospekt boyunca bardürlər düzülmüş, 4250 kvadrat metr səkilərə yeni tamet daşları vurulmuşdur.
  Hesabat dövründə 16000 kvadrat metr yaşıllıq zolaqlarına ot örtüyü düzülmüş. Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, Nərimanov dairəsindən Bayraq Meydanına qədər yolun sol tərəfinə 46 ədəd yeni işıq dirəkləri quraşdırılaraq yolun iki tərəfli işıqlandırılması təmin edilmiş, yol boyu divarların və yaşıllıq zonalarının işıqlandırılması üçün yüzlərlə kiçik neon lampalar quraşdırılmışdır. Şəhərin mərkəzində olan “Fəxri qazaxlılar” parkı sökülərək tamamilə yenidən qurulmuş, həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, yeni oturacaqlar və zibil qabları qoyulmuş, müasir işıqlandırma dirəkləri quraşdırılmış, parkdakı fəvvarələr yenidən qurularaq mərmər üzlüklə üzlənmiş, rəngli işıqlarla bəzədilmişdir.
  Şəhərin təzə yaşayış məhləsinə, M.Ə.Rəsulzadə, O.Sərıvəlli və onlara bitişik 13 küçəyə, şəhərin Çinar dibi adlanan yaşayış massivinə, F.Qayıbov, N.Tusi, Babək, Xətai, N.Nərimanov küçələrinə, N.Nərimanov yaşayış sahəsində olan küçələrə ümumi uzunluğu 20 kilometr  olan şəhərdaxili yollara çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.
  2016-cı il ərzində məktəbəqədər uşaq müəssisələrinə 5600 manat dəyərində yumşaq inventar, 20937 manat dəyərində bərk inventar və avadanlıq alınıb verilmişdir.
  Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri səviyyəsində quraraq hər gün şəhərin təmizlik işlərinə diqqət və qayğı göstərir. Rayon rəhbərliyinin kombinata olan diqqət və qayğısı nəticəsində lazım olan maşın və mexanizmlərdə nasazlıqlar aradan qaldırılmış, 1 ədəd dəmir sepli DT-75 markalı bulduzer, 1 ədəd Qaz-53 markalı yükü özü boşaldan yük maşını, 1 ədəd isə traktor üçün qoşqu rəhbərliyin vəsaiti hesabına alınıb kombinata verilmişdir. Bundan başqa, Qazax şəhər Mənzil İstismar Sahəsinin balansında olan 1 ədəd iri tonnajlı yükü özüboşaldan, 1 ədəd asfalt basan, 1 ədəd avtoqreyder kombinatın balansına verilmişdir. Şəhərin təmizliyinin tam bərpasını həyata keçirmək məqsədilə 2016-cı ilin əvvəllərində sutka ərzində bir dəfə zibilin götürülməsi təmin edilirdisə, may ayından sonra şəhərdə zibilin götürülməsi iki dəfəyə keçirilmiş və axşam saat 19:00-dan sonra zibilin götürülməsi üçün növbətçi maşın ayrılmışdır. Şəhərin Ağköynək kəndində yerləşən zibil poliqonu dəmir torla tam hasarlanmış, köhnə zibil tullantıları iri buldozerler vasitəsilə torpaq örtüyü ilə örtülmüş, poliqona gedən yol çınqıl örtüyü ilə hamarlanmış və bir ədəd DT-75 markalı traktor ayrılmışdır.
  Qazax şəhəri ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar Sahəsi 156 binaya xidmət edir. Həmin binalarda 192 mənzil vardır. 2016-cı ildə balansda olan binalarda H.Əliyev prospekti 58, Azadlıq küçəsi 117, Ş.Xiyabanı küçəsi 131 yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmiş, su ötürücü navalçalar və borular quraşdırılmışdır. H.Əliyev prospekti 65, 81, 114 saylı, Azadlıq küçəsi 92, 95, 97, 98, 208, 208A, Ə.Şıxlinski küçəsi 4, 5 saylı, Ə.Qədirov 1 saylı, N.Nərimanov qəsəbəsi 1, 49, 50, 51 saylı, Ş.Xiyabani küçəsi 12, 14, 25 saylı binalarının blok və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda MİS-in balansında olan H.Əliyev prospekti 61 A, 63, 175, 179 saylı, Azadlıq küçəsi 31, 33, 64, 76, 97, 98, 151, 208A saylı, Vaqif küçəsi 5 ünvanında yerləşən 2 mənzilli, Ş.Xiyabani küçəsi 12, 25, 27, 29, 31 saylı, Ş.Çobanov küçəsi 11 saylı ümumi məhlə, N.Nərimanov qəsəbəsi 3, 8, 9, 12, 23, 34, 35, 49, 50, 51 saylı, Ə.Dilbazi küçəsik 2, 4 saylı, Vidadi küçəsi 14 saylı, Bakı küçəsi 1, 33 saylı yaşayış binalarının dam örtüyündə əsaslı cari təmir işləri aparılmışdır. Bütün bunlara baxmayaraq hələ də görülməmiş işlərimiz çoxdur. Bir çox binaların dam örtüyündə əsaslı cari təmirə ehtiyac var, bu məqəsdlə 2017-ci ildə həmin binalarda görüləcək işlər plana salınmışdır.
  İstismar vaxtını keçmiş transformatorların 20 ədədi yeni müasir tipli komplekt transformator məntəqələri ilə əvəz edilmiş, oradan çıxan 25 kilometr uzunluğunda olan istismara yararsız naqillər yeni SİP kabellərlə əvəz edilmişdir. 997 ədəd ağac və beton dayaqlar metal dayaqlarla əvəz edilmişdir. Şəhərin küçələrini, magistral yollarını park və xiyabanlarını qidalandırmaq üçün əlavə işıqlandırma sistemi yaradılmışdır.
  RİH Başçısının sərəncamına əsasən yaradılmış 5 nəfərdən ibarət işçi qrupu qaldırılan məsələləri yerində öyrənərək həll etmişdir.
  Hesabat ilində Su-kanal idarəsi 2 ədəd artezian nasosunu yenisi ilə əvəz etmiş, 3 ədəd artezian nasosu və 8 ədəd su mühərriki əsaslı təmir olunmuş, 2 ədəd su nasosu mühərriki ilə birlikdə yenisi ilə əvəz edilmişdir.
  Qazax Poçt filialı 2016-cı ildə plan və tapşırıqları 112 % yerinə yetirmiş, 253510 manat plana qarşı 284120 manat vəsait toplamışdır.
  Sonra məruzə ətrafında çıxışlar olub. Mənzil İstismar Sahəsinin rəisi Azər Məhərrəmov çıxış edərək ötən ildə müəssisə tərəfindən görülən işlər barədə məlumat verib.
  Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Nəzakət İsgəndərova öz çıxışında bütün şəhər bağçalarını istilik sistemi ilə təmin etdiyinə görə valideynlər və müəllimlər adından öz dərin minnətdarlığını bildirib.
  Qazax bələdiyyəsi sədrinin müavini Vüsal İsmayılov, Qazax rayonu üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, şəhər sakini Səfər Cəfərov çıxış edərək cari ildə şəhərdə aparılan tikinti-quruculuq işlərinə görə bütün sakinlər adından minnətdarlıq ediblər.
  Hərbi şəhərciyin komendantı Tamella Məmmədova, Çinar dibi yaşayış massivində yaşayan Vahid Əsgərov, ƏBƏU Cəmiyyətin Qazax bölgəsinin sədri Ayət Hüseynov, şəhid ailələri adından Kifayət Mustafayeva və başqaları çıxış edərək hərbi şəhərcikdə, N.Nərimanov və Çinar dibi yaşayış massivlərində uzun illərdən bəri yığılıb qalmış problemləri həll etdiyinə görə cənab Rəcəb Babaşova təşəkkürlərini bildirmişlər.
Hesabat yığıncağını rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yekun vurmuşdur.

Keçidlər