Aşağı Salahlılar dövlətin qayğısından razıdırlar
Aşağı Salahlı Qazax rayonunun ən böyük kəndlərindəndir. 1900 nəfər əhalisi, 474 təsərrüfatı olan kənddə məktəb, Diyarşünaslıq evi, kitabxana, körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, ticarət və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Aşağı Salahlıda 1900 başdan çox qaramal, 9750 baş davar var. Mal-qaraya xidmət göstərmək üçün rayon baytarlıq idarəsi tərəfindən kəndə həkim və baytar texniki, həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama texniki təyin edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, keçən il 74 inək mayalandırılmış, hələlik 10 baş bala alınmışdır. Hər bala üçün inək sahiblərinə 100 manat subsidiya ödənilmişdir.
Görülən işlər barədə Aşağı Salahlı kənd inzibati ərazi dairəsi üzrə keçirilən hesabat yığıncağında ətraflı danışılmışdır. İcra nümayəndəsi Zahid Mirzəyev qarşıda duran vəzifələrdən də söhbət açaraq bildirmişdir ki, kənddə 3 fermer təsərrüfatı fəaliyyət göstərir və onlar əsasən heyvandarlıqla məşğuldur: “İstehsal olunan süd və süd məhsulları pərakəndə halda satılır. Keçən il əkinçilik sahəsində də uğurlu göstəricilərə nail olunmuşdur. 200 hektar buğda və 40 hektar arpa sahəsinin hər hektarından orta hesabla 35,5, 40 hektar qarğıdalı sahəsinin hər hektarından 40 sentner məhsul götürülmüşdür. Kənd sakinləri arasında kartofçuluğa və üzümçülüyə də maraq artmış, hər hektar kartof sahəsindən 100, üzüm bağlarının hər hektarından isə 50 sentner məhsul yığılmışdır”.
Qeyd edilmişdir ki, əkin sahələrinin suvarma suyu ilə təminatında heç bir problem olmamışdır. Belə ki, kəndə həm “Zor” arxı, həm də “Axmaz” arxı istiqamətində daxil olan suyun həcmi imkan vermişdir ki, əkin sahələri vaxtında suvarılsın.
Bildirilmişdir ki, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlara qoşulan Aşağı Salahlı kəndinin sakinləri keçən il həm baramaçılıqda, həm də tütünçülükdə xeyli təcrübə əldə etmişlər. Nəticədə Şəki İpək Kombinatına 85 kiloqram barama təhvil verilmişdir. Hazırda bu sahənin daha da inkişaf etdirilməsi üçün yem bazası yaradılır. Ayrılmış sahədə Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilir.
Tütünçülükdə də yüksək göstəricilər qazanılmışdır. Kənd sakini Məzahir Hüseynov 0,5 hektar tütün sahəsindən 940 kiloqram məhsul əldə edərək 1380 manat gəlir götürmüşdür.
Daha çox gəlir gətirən məhsulların əkilməsinə maraq göstərən sakinlərin şəkər çuğunduruna da maraqları artmışdır. Kənd sakinləri bu il 70 hektar sahədə şəkər çuğunduru əkməyi planlaşdırmışlar.
Keçən il həmçinin kəndin infrastrukturunda yenidənqurma işləri həyata keçirilmişdir. Körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılmış, həyətində yaşıllaşdırma işləri görülmüş, təzə inventarlar alınmış, su və kanalizasiya sistemi yenilənmişdir. Bundan əlavə, 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində təmir işləri aparılmış, ətrafında gül-çiçək əkilmişdir. Kəndin Hacıxəlili məhəlləsində yerləşən Şəhidlər bulağında da təmir işləri görülmüş, ətrafı yaşıllaşdırılmış, bir imkansız vətəndaşın həyətinə, 7 ailənin yaşadığı məhəlləyə su çəkilmişdir.
Qeyd edilmişdir ki, kənd məktəbinin şagirdləri bir çox müsabiqələrdə yüksək göstəricilərə nail olmuşlar. Məsələn, 8-ci sinif şagirdi Sahilə Sarıyeva rus dili fənni üzrə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Azərbaycan Təhsil Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə fərqləndirici yer tutaraq mükafat almışdır. Keçən il məktəbi bitirən 16 şagirddən 2 nəfəri müxtəlif ali təhsil ocaqlarına, 3 nəfəri orta ixtisas məktəblərinə daxil olmuşdur.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək rayonun digər kənd və qəsəbələri kimi, Aşağı Salahlı kəndinin də gündən-günə inkişaf etdiyini diqqətə çatdırmış, qazanılan bütün bu nailiyyətləri ölkədə aparılan sosial-iqtisadi inkişafın nəticəsi kimi dəyərləndirmişdir.
Kənd sakinlərindən Mirzə Nuriyev, Nüsrət Aşırov, İlham Musayev, Cavid Budaqov və başqaları çıxış edərək kəndin inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildirməklə yanaşı, bir sıra məsələlər, o cümlədən Kür çayının sağ sahilində bəndbərkitmə işlərinin aparılması, ərazidə yeni subartezian quyusunun qazılması, yeni tibb məntəqəsinin və poçt filialının tikintisi, elektrik transformatorunun yenilənməsi və s. məsələlər ətrafında təkliflər irəli sürmüşlər.
Sabir ƏLİYEV,
“Azərbaycan”
02.02.2017