Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər dövlətin daim diqqət mərkəzindədir

03 fevral 2017 | 16:00

  Gənclər Mərkəzində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr iştirak etmişdir. 
  Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad etmişlər.  Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən filmə baxmışlar.
  Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov gəncləri salamlayaraq qeyd etmişdir ki, dahi lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli lider 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi və ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev cənabları tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi gənc nəslə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
  Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev məruzə ilə çıxış edərək bütün gəncləri Gənclər Günü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayonumuzda fəaliyyətə başladığı ilk gündən gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Artıq ictimai həyatın bütün sahələrində rayonumuzda gənclərə böyük etimad göstərilir, onlar irəli çəkilir və daha fəal mövqe tutmaları üçün şərait yaradılır. Gənc nəslin fəaliyyəti üçün yaradılmış geniş imkanların nəticəsidir ki, gənclər cəmiyyətin aktiv qüvvəsinə çevrilib.
  Sonra BDU Qazax filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Məmmədli, Qazax Dövlət Sosial-İqtisadi Kollecin TGT-nın sədri Elvira Əfəndiyeva, RİH Aparatında baş məsləhətçi Teybə Hüseynova, hüquq məsləhətçisi Vəfa Cəbiyeva, məsləhətçi Müşfiq Pirverdiyev, fəal gənc Fəridə İsgəndərova, gənc şair Mahmud Məmmədov çıxış edərək Azərbaycan gənclərinin bugünkü uğurlarından danışıb, onlara göstərdiyi diqqət və qayğıya görə Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər
  Tədbirdə təhsil sahəsində, rayonun ictimai-siyasi həyatında fərqlənən, Aprel döyüşlərinin iştirakçıları olan gənclərə Fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.
Sonra gənc aşıq Şahin Süleymanov sazda qədim el havası ifa etmişdir.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbirə yekun vuraraq gənclər günü münasibətilə rayonun bütün gənclərini təbrik etmiş və onlara ən xoş arzularını bildirmişdir.

Keçidlər