Qazaxlılar zamanı qabaqlayıb: 8 ay ərzində rayonda görülən tikinti-abadlıq və yenidənqurma işləri buna əyani sübutdur
Qazax bu gün quruculuq və inkişaf dövrünə qədəm qoyub. İndi həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, tərəqqi və quruculuq olmasın. Görülən çoxşaxəli və genişmiqyaslı işlərin nəticəsidir ki, bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Ən xarakterik cəhət isə odur ki, tikinti-quruculuq işləri tək şəhərdə deyil, kəndlərdə, hətta sərhəddəki yaşayış məntəqələrində də aparılır. Görülən bu genişmiqyaslı və çoxşaxəli işlərin bünövrəsində isə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tükənməz enerjisi və rəhbərliyi dayanır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrini rəhbər tutan icra başçısı apardığı işlərlə rayonumuzun daha da inkişaf etməsi, Qazaxın respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilməsi üçün çalışır.
İndi Qazaxda sakinlər hər gün bir yeniliyin, bir inkişafın şahidi olurlar. Ötən 8 ay ərzində müasir bir görkəmə düşən, daha da yaraşıqlı və gözəl olan Qərbin qapısı başdan-başa yaşıllığa qərq olub. Gecələr isə özgə bir görkəmi olur Qazaxın. Küçə və meydanlar yanan gur işıqların fonunda bərq vuraraq insanlarda xoş əhval-ruhiyyə yaradır.
Oktyabr ayının 19-da isə Qazax daha bir tarixi gün yaşadı. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları rayona səfərə gəldi. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, “Daş Salahlı” yarımstansiyasının, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının və Qazax-Kosalar avtomobil yolunun açılşında iştirak etdi. Ölkə başçısı rayonda görülən işləri yüksək qiymətləndirdi və bildirdi ki, Qazax bütün bu görülən işlərə, inkişafa layiqdir.
Bu gün özünə inamıə qayıdasn Qazaxzlılar böyük bir qüvvə ilə çalışırlar. Bəzən adamın imanmağı gəlmir ki, 8 ay ərzində Qazaxda bu qədər işlər görülmüşdür. Az bir zaman kəsiyində Kosalar kəndinə 11 km uzunluğunda asfalt yol çəkilmiş, neçə-neçə kəndin yolları əsaslı təmir olunmuşdur. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində 22 ailənin həyətində ümumi uzunluğu 1381 p/m olmaqla, 4143 kv.m istinad divarı çəkilmişdir. Bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur.
Quşçu Ayrım kəndində illərdən bəri yığılıb qalmış problemlər öz həllini tapmışdır. Düşmənin atəş nöqtəsinə yaxın olan evlərin pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə lazımi tikinti materialları verilmiş və bir neçə evin pəncərələri hörülmüşdür. Kənddəki bulaq təmir olunaraq əsaslı şəkildə yenidən qurulmuşdur. Kəndarası bütün yollara çınqıl daşınıb tökülmüş və hamarlanmışdır. Hazırda Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə də Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ ikinci yolun çəkilişi davam edir. Bala Cəfərlidəki 24 evin dam örtüyü tam yenisi ilə əvəz olunmuşdur.
Şəhər və kənd qəbiristanlıqlarında təmizlik-abadlıq işləri aparılmış, şəhid qəbiristanlıqları və xiyabanları əsaslı təmir edilmişdir. Aprel şəhidlərinin adları əbədiləşdirilmiş, şəhərin mərkəzində bulaqlar tikilmişdir. Eyni işlər şəhidlərin xatirəsinə tikilmiş bütün bulaqlarda aparılmışdır. Qazaxbəyli kəndinin su problemi az vaxt ərzində öz həllini tapmış, Ürkməzli, Aslanbəyli və Alpout kəndlərinə də yeni içməli su xətləri çəkilmişdir.
Rayonun Birinci Şıxlı kəndində tikilmiş kəndli-fermer təsərrüfatı, Daş Salahlı, Çaylı və Yuxarı Salahlı kəndlərində yeni inşa olunmuş və əsaslı şəkildə yenidən qurulmuş məktəb binaları, qazılan artezian quyuları görülən işlərin miqyasını aydın şəkildə göstərir.
Bu gün şəhərə qədəm basarkən hər addımda bir yeniliyin şahidi olursan. Obelisk rayonumuz haqqında ilk baxışdan yüksək bir fikir yaradır. Təyyarə Abidə Kompleksi isə insanda böyük bir qürur hissi oyadır. Məşəl Meydanı və Heydər Əliyev prospekti yeni bir görkəm almışdır. Fəxr yerimiz olan Bayraq Meydanı öz əzəməti ilə diqqəti özünə cəlb edir. Yeni bağça binası isə yaxın vaxtlarda öz qapılarını körpə fidanların üzünə açacaqdır.
Havaların soyumasına baxmayaraq quruculuq işləri bu gün də davam edir. Artıq Fəxri Qazaxlılar parkı əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Respublika Prezidentinin sərəncamına əsasən ayrılmış vəsaitlə şəhərdəki çoxmənzilli 32 yaşayış binasının təmirinə başlanılmışdır. Artıq 13 binada əsaslı təmir işləri başa çatmışdır. Şəhərin bütün küçələrində, eləcə də parklarda tikinti-quruculuq və abadlıq işləri davam edir.
Rayonda görülən işləri saymaqla qurtaran deyil. Rayon rəhbərliyi Qazaxın ümumi problemlərini həll etməklə yanaşı, ayrı-ayrı vətəndaşların problemləri ilə də yaxından məşğul olur və onların aradan qaldırılmasını təmin edir.
Bundan başqa rayonda onlarla şəhid ailəsinin, müharibə veteranlarının, əlillərin və aztəminatlı ailələrin problemləri aradan qaldırılmış, yeni evlər tikilmiş və digər evlərdə əsaslı təmir işləri aparılmışdır. Ona görə də rayon sakinləri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovu öz xilaskarları bilirlər, problemlərini ona deyirlər, onun diqqət və qayğısı nəticəsində problemlərin həllinə nail olurlar.
Bir sözlə Qazax rayonunda tikinti, quruculuq və abadlıq işləri ilə yanaşı vətəndaş-məmur münaisbətlərinin düzgün qurulmasına və vətəndaşların bütün müraciətlərinə ciddi münasibət göstərilməsinə daim diqqət yetirilir.