Qazax rayonunda ötən ilə yekun vuruldu, qarşıda duran vəzifələr müəyyənləşdirildi
Qazax rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə edilmiş və ötən ilin sosial-iqtisadi inkişafına yekun vurulmuşdur.
Tədbirdən əvvəl, rayon rəhbərliyi və rəsmi qonaqlar xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmişlər və abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra rayon Gənclər Mərkəzində keçirilən tədbir öz işinə başlamışdır. Rayon rəhbərliyi, rəsmi qonaqlar və yığıncaq iştirakçıları Gənclər Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuşlar, rayonun ötən ilki sosial-iqtisadi inkişafını əks etdrən göstəricilər, qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər, sərgi ilə tanış olanlarda belə bir əminlik yaratmışdır ki, Qazax bu gün sürətlə inkişaf edir və sabah daha da inkişaf edəcəkdir.
Hesabat yığıncağını Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş məruzə ilə çıxış etmişdir.
Məruzə qısa ixtisarla dərc olunur.
Hörmətli qonaqlar və toplantı iştirakçıları,
Bildiyiniz kimi, yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabnetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilmişdir. Ölkə başçısı 2016-cı ildə baş vermiş çətinliklərə baxmayaraq, Azərbaycanın öz inamlı inkişafını və eyni zamanda təhlükəsizlik tədbirlərini təmin etdiyini qeyd etmişdir.
Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur. Biz 2016-cı ildə müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, uğurlarla qarşılamışıq.
Bildiyiniz kimi, İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək.
Ümumi daxili məhsul aşağı düşsə də, - bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərmişdir.
Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı 2,6 faiz artmışdır.
Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır.
Ölkəmizdə yaradılmış gözəl sərmayə iqlimi hesabına 8 milyard dollar xarici investisiya cəlb edilmişdir. Baxmayaraq, bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Ölkəmiz buna nail olmuşdur.
Hörmətli toplantı iştirakçıları,
2016-cı il bizim rayonumuz üçün də uğurlu il olmuşdur.
Qazax rayonu üzrə 2016-ci ilin yerli gəlir və xərclərinin proqnozu 19 670 799 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6 614 000 manatını yerli daxilolmalar, 13 056 799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz təşkil etmişdir.
2016-cı ildə yerli daxilolmalar 6 614 000 manat proqnoza qarşı 6 799 163 manat və ya 102,8 faiz yerinə yetirilərək büdcəyə 185 163 manat, yəni 2,8 faiz çox vəsait mədaxil olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 92 186 manat və ya 1,3 faiz az vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 94,5 faiz icra olunmuşdur.
2016-ci ildə yerli gəlirlər cəmi 22 694 894 manat proqnoza qarşı 22 155 258 manat, yəni 97,6 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 539 636 manat az vəsait mədaxil olmuşdur. Bütövlükdə yerli gəlirlərin kəsrlə icra olunmasının səbəbi mərkəzləşdirilmiş xərclərdən dotasiyanın 724 799 manat kəsrlə alınması hesabına olmuşdur.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Ötən il ərzində 75 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9.715.100 manat verilmiş kreditlər hesabına 2016-cı ildə 432 yeni iş yerləri açılmışdır .
Hesabat ilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 15.908.000 manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi 176 134 000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz çoxdur.
2015-ci illə müqayisə etdikdə kənd təsərrüfat məhsulunun həcmi 3,1 faiz, sənaye məhsulunun həcmi isə 7,3 faiz artıq olmuşdur.
Rayon üzrə adambaşına düşən ümumi məhsulun həcmi 1 841 manat, orta aylıq əmək haqqı 263 manat olmuşdur. Əhali tərəfindən rayonumuzun yaşayış məntəqələrində 192 fərdi yaşayış evləri tikilmişdir.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir - tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2016-cı ildə də uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səkkizinci dəfə rayonumuza rəsmi səfər etmişdir. Bu səfər zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən 940,8 kvadrat metr sahəsi olan 3 mərtəbəli "Tarix-Diyarşünaslıq" muzeyinin, yeni tikilmiş uzunluğu 10 kilometr olan Qazax-Kosalar avtomobil yolunun, 110/35/6 kilovoltluq Daş Salahlı yarımstansiyasının və "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" binasının açılışında iştirak etmişdir.
Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatına yararlı əkin sahələrindən səmərəli istifadə, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasıdır. Layihə smeta dəyəri 3 milyon 241 min manat olan MMC-nin tikintisinə may ayında başlanılmış və tikinti işləri oktyabr ayında başa çatdırılmışdır. "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC sahəsi 560 kvadrat metr olan inzibati bina və eyni zamanda tərəvəzlərin (kartof, soğan, kök) təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və paketlənməsi üçün sahəsi 600 kv.m olan sex və bir ədəd tutumu 2 min ton, sahəsi 600 kvadrat metr olan anbardan ibarətdir. Təsərrüfatla bağlı maşın mexanizmlər alınmış və 250 kvadrat metr sahədə Texnika parkı yaradılmışdır. 15 hektar torpaq şumlanaraq pilot suvarma sistemi qurulmuş və 211,5 hektar torpaq sahəsinin suvarılması üçün muasir yağmur suvarma sistemi xaricdən alınaraq gətirilmişdir. Hazırda təsərrüfatın ümumi əkin sahəsi 755,68 hektardır. Ondan 211,50 hektarı kartof, 411,18 hektarı taxıl, 103 hektarı şəkər çuğunduru, 30 hektar tütün sahəsidir.
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-də hazırda işçilərin sayı 37 nəfərdir, gələcəkdə işçilərin sayının 600-750-nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Hal-hazırda fermer təsərrüfatı öz işlərinə başlamışdır.
Rayonda Kənd Təsərrüfatı idarəsi üçün inşa edilən iki mərtəbəli, mansardlı binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkün ailələri həmin binalara köçürülmüşlər.
Bərpa Agentliyi tərəfindən Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Qazax şəhər 2,3,4 və 6 saylı körpələr evi uşaq baxçalarında müasir isitmə sistemləri qurulub istifadəyə verilmişdir.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatmış, 25 nəfər işlə təmin olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir.
Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
“HGC GROUP” MMC (keçmiş “Qazax Sement zavodu” MMC) tərəfindən 2016-cı ildə 717 900 ton klinker və 626 356 ton sement istehsal edilmişdir, hazırda MMC tərəfindən sement zavoduna yeni investisiya qoyuluşu ilə ildə 2 milyon ton sement və gündəlik 5000 ton klinker istehsalı gücünə malik olan ikinci istehsal xəttinin tikintisinə hazırlıq işləri aparılır. Bu isə yeni iş yerlərinin açılmasına və rayon iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir.
Qazax rayonunda “Azərxalça” ASC tərəfindən 160 iş yerlik Xalça fabrikasının tikintisi davam etdirilir.
Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş düyədən 76 buzov alınmış, hazırda təsərrüfatda əlavə tikinti işləri başa çatmış və daha 100 baş cins düyələrin gətirilməsi istiqamətində danışıqlar aparılır.
Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi işləri davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpaylıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılmış və 2014-cü ilin mart ayından isə tikinti işləri dayandırılmışdır. Hal-hazırda hazırlıq işləri aparılır ki, bu ayın 15-dən tikinti işlərinə başlanılacaqdır.
“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunun Qazax-Əskipara yolu ilə birləşdirən uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam edir.
2017-ci ildə uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisinə başlanılacaqdır.
Yaxın vaxtlarda Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 31 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi nəzərdə tutulmuşdur.
Qazax şəhərində Şəhidlər Xiyabanı qəbirstanlığında abadlıq-bərpa işləri aparılmış, belə ki, 500 kvadrat metrdən çox döşəmə tamamilə dəyişdirilmiş, qəbir daşları və divarlar cilalanmış, çökmüş qəbirlər bərpa olunmuş, 400 kvadrat metr sahəyə qazon otu əkilmiş, Şəhidlər bulağına su xətti çəkilərək Xiyabanın yolu təmir olunmuşdur. Şəhər ərazisində olan bütün şəhid bulaqlarında təmir işləri aparılmışdır. Aprel ayında şəhid olmuş 3 nəfər şəhidimizin xatirəsinə şəhərin mərkəzində yeni bulaqlar tikilmişdir. Eyni zamanda rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərində Şəhidlər Xiyabanlarında təmir işləri başa çatdırılmışdır.
Rayonun girişində olan abidənin ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq şəbəkələr qurulmuş, 5000 kvadrat metr sahəyə qazon otu döşənmiş, həmin ərazinin suvarılması üçün su xətti çəkilmiş və işıqlanma sistemi qurulmuşdur. Həmin ərazidə Azərbaycanın ilk təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmışdır. Bundan əlavə bayraq meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir işləri aparılaraq abidələr tamamilə yenidən qurulmuş, abidənin ətrafında geniş abadlıq-quruculuq işləri aparılaraq qazon otu əkilmiş və yeni işıqlanma sistemi quraşdırılmışdır.
Heydər Əliyev Parkı ərazisində yaradılmış süni gölün içərisində işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə kompleksi quraşdırılaraq istifadəyə verilmişdir.
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri başa çatmış, parkın 4 443 kvadrat metr sahəsinə tamet döşənmiş, 1 656 paqon metr uzunluğunda bardür düzülmüş, yeni işıqlanma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmiş, fontan kompleksi tamamilə yenidən qurulmuşdur.
Qazax şəhərində 24 çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılmışdır. Həmin binalardan hazırda 10 binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmış, 14 binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində təmir işləri davam edir. Vətəndaşların müraciətlərinə əsasən əlavə 7 çoxmənzilli binalarda da təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 12 000 kvadrat metrə yaxın dəmir kirəmit vurulmuş, 300 kvadrat metrə yaxın hasar hörülmüş və evlərin fasad hissəsində və hasarlarda 5000 kvadrat metr suvaq işləri aparılmış, 30.000 kvadrat metrə yaxın rənglənmə işləri, yaşayış evlərinə və məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapıları düzəldilmiş 60-a yaxın giriş qapılarında isə təmir və rənglənmə işləri aparılmışdır.
Rayon ərazisində olan 10 ədəd çoxmənzilli yaşayış evlərinin həyətlərinə 8 000 kvadrat metrdən artıq asfalt örtüyü çəkilmişdir. Heydər Əliyev prospekti boyunca çalaların təmir olunmasına və həyətlərin giriş hissəsinə 60 tona yaxın asfalt örtüyü qoyulmuşdur.
2016-cı il ərzində şəhərin Heydər Əliyev prospekti boyunca, mərkəzi küçələrdə və parklarda abadlıq işləri aparılmış, 50 000 yeni ağac və gül kolları, 16 000 kvadrat metr sahəyə qazon otu, 12 000 ədəd qızılgül və gül kolları əkilmiş, 125 ədəd yeni işıq dirəkləri qoyularaq işıqlanma sistemi yenidən qurulmuşdur. Şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Qazax şəhərinin küçələrinə 20 kilometr uzunluğunda, kənd yaşayış məntəqələrində isə 160 kilometr uzunluğunda kənd daxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 paqon metr istinad divarlarının inşası başa çatmışdır.
Bundan əlavə rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində yaşayış evlərinin həyətlərində ümumi uzunluğu 1381 paqon metr olmaqla, 4 143 kvadrat metr istinad divarı çəkilmişdir. İkinci mərhələ tikinti işlərinə başlanılmış, hazırda işlər davam edir.
Quşçu Ayrım kəndinin əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.
Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Bala Cəfərli kəndində 6 evin dam örtüyü tamamilə 18 evin dam örtüyü isə qismən dəyişdirilmişdir. Quşçu Ayrım, Ürkməzli və Dəmirçilər kəndlərinin hər birində bir Şəhid ailəsi və Dəmirçilər, Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmış, Xanlıqlar kəndində isə bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.
Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Ürkməzli kəndində bir ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu quraşdırılmış, 2 km uzunluğunda su xətti, Dəmirçilər kəndində 1 km uzunluğunda içməli su xətti çəkilmişdir. Aslanbəyli kəndində 1 ədəd 5 tonluq su çəni quraşdırılaraq 350 metr uzunluğunda, Alpout kəndində 1 ədəd 25 tonluq su çəni quraşdırılaraq 700 metr uzunluğunda, Qazaxbəyli kəndində isə 1170 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
2016-cı il ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı kəndində 2 ədəd, Çaylı, Kosalar və Xanlıqlar kəndlərinin hər birində 1 ədəd olmaqla cəmi 6 ədəd subartezian quyularının qazıntı işləri davam etdirilir. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır. Eyni zamanda əvvəlki illərdə qazılmış və istifadyə verilməmiş 11 ədəd subartezian quyusundan 10 ədədi texniki şərt alaraq balansa götürülmüş və istifadəyə verilmişdir.
Hörmətli toplantı iştirakçıları,
2016-cı ildə rayonumuzda olan 48 265 nəfər iqtisadi fəal əhalinin 47 415 nəfəri iqtisadiyyatda məşğul olanlardır.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək rayon üzrə 310 müəssisə yaradılmış 12 161 daimi olmaqla 14 639 yeni iş yeri, o cümlədən 2016-cı ildə rayonda 20 yeni müəssisə yaradılaraq 2 031 daimi olmaqla 2 141 yeni iş yeri açılmışdır.
Hesabat ilində Qazax rayon Məşğulluq Mərkəzinə 17 müəssisədən 282 boş iş yeri təqdim olunmuşdur. Mərkəzə 2 318 nəfər müraciət etmiş, onlardan 1 014 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 773 nəfəri münasib işlə təmin olunmuşdur. 114 nəfərə işsizlik statusu verilmiş və 118 nəfərə müavinat təyinatı aparılmışdır. İdarə və müəssisələrdən boş iş yerlərində əməyin ödənişində minimum əmək haqqı 109 manat, maksimum əmək haqqı isə 500 manat olmuşdur.
Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir. Məşğulluq Mərkəzi ilə “Saloğlu” fərdi firması arasında bağlanmış dördtərəfli müqaviləyə əsasən 24 nəfər “Dərzi” peşə kursuna cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlardan 10 nəfəri işlə təmin edilmişdir.
Qazax rayon Məşğulluq Mərkəzi 2017-ci ildə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri ilə daha sıx əlaqə yaratmalı və müraciət etmiş vətəndaşları vaxtında qeydiyyata almaqla işlə təmin olmalarına lazımi kömək göstərməlidir.
2016-cı ildə rayon üzrə 14 895 hektar əkin sahəsi olmuşdur ki, ondan 7926,5 hektar dənli və dənli paxlalılar, o cümlədən 5 559 hektar buğda, 2 261 hektar arpa, 86,5 hektar vələmir, 20 hektar digər paxlalı bitkilərdir. Qarğıdalı 324 hektar, günəbaxan 46,5 hektar, kartof 433 hektar, tərəvəz 435 hektar, bostan 34,5 hektar, tütün 10 hektar, süpürgə 20,5 hektar, yonca 5 665 hektar olmuşdur. Bundan başqa 1 303 hektar meyvə bağı, 325 hektar üzüm bağı vardır.
2015-ci illə müqayisədə 2016-cı ildə 23998,4 ton dənli paxlalılar məhsulu istehsal olunmuşdur ki, bu da 5781,4 ton artıq, orta məhsuldarlıq 30,4 sentner yəni 0,2 sentner artıq olmuşdur. Dən qarğıdalı 121 ton, günəbaxan 17 ton, kartof 4 185 ton, bostan məhsulları 43 ton, meyvə 155 ton artıq istehsal olunmuşdur.
2016-cı ildə rayonumuzda 10 hektar sahədə tütün əkilərək 15 635 kq quru tütün məhsulu və 1 502 kq barama istehsal olunmuşdur. 39 hektar sahədə yeni fındıq bağı salınmış, 4,5 hektar sahədə baramaçılığın inkişafı üçün 22 000 ədəd yeni tut (çətil) tingləri basdırılmışdır ki, bunun da 20 000 ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. 4 500 kq barama istehsalı üçün hazırlıq işləri aparılır.
2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 10 810 hektar sahədə yəni ötən mövsümə nisbətən 3 049 hektar çox payızlıq taxıl əkilmişdir. Bundan 8 173 hektarı buğda, 2 637 hektarı isə arpadır.
2016-cı ildə 2017-ci ilin yazlıq əkinləri üçün 1 346 hektar sahədə şum aparılmışdır. 2017-ci ildə 500 hektardan çox sahədə şəkər çuğunduru, 800 hektar kartof əkini, 50 hektardan çox sahələrdə tütün əkini nəzərdə tutulmuşdur.
2016-cı ildə “Aqrolizinq” ASC-nin Qazax rayon bölməsi tərəfindən istehsalçılara güzəştli qiymətlərlə 519 ton 730 kq mineral gübrələr və 1 830 kq pesdisidlər satılmışdır. “Aqrolizinq” ASC-nin Qazax filialına 2016-cı ildə 1 ədəd kombayn, 3 ədəd traktor, 3 ədəd kotan gətirilmişdir.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2016-cı ildə 8 333 nəfər kənd təsərrüfatı istehsalçılarına əkin sahələrinin becərilməsinə görə yanacaq və motor yağı üçün 765744,8 manat subsidiya hesablanaraq verilmişdir. Tütün istehsalına görə subsidiyanın verilməsi üçün sənədlər Respublika komissiyasına təqdim edilmişdir.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün əsas amillərdən biri bitkilərin vaxtında və kifayət qədər suvarma suyu ilə təmin olunmasıdır.
Suvarma Sistemləri idarəsi tərəfindən 2016-cı vegetasiya ilində dəhnələrdən təsərrüfatlara 103,5 milyon kub metr, ayrıclardan isə 74,4 milyon kub metr su verilməsi planlaşdırılmış və həmin su ilə artan yekunla 40 018 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. Ötən ilin aprel-may aylarında hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar suvarma suyuna tələbatın az olması nəticəsində il ərzində ayrıcılardan təsərrüfatlara 74,4 milyon kub metr əvəzinə faktiki olaraq 60,0 milyon kub metr su verilmişdir ki, Bununla artan yekunla 30 237 hektar əkin sahəsi suvarılmışdır ki, bu da nəzərdə tutulandan az olmuşdur.
Qazax Melioservis idarəsi ilə Suvarma Sistemləri idarəsi arasında bağlanmış müqavilə əsasında rayonun Şıxlı, Naqornı, Axmaz, Daş Salahlı, Aslanbəyli, və Qanırma arxlarında 279 min kub metr həcmində, idarənin öz gücü hesabına isə Daş Salahlı, Kosalar, Zor, K-1 kanalı, Çaylı, Dəmirçilər, Kommuna, Gözət, İkinci Şıxlı təsərrüfatdaxili arxlarında 439 min m3 iş görülmüşdür.
Birinci Şıxlı, Aslanbəyli və Salahlı düzənliyi 1-ci pillə nasos stansiyalarının su təminatının yaxşılaşdırılması üçün Kür çayından artan yekunla 150 min m3 həcmində çay məcralarının təmizlənməsi işləri aparılmışdır.
Meşələrin bərpası üçün 2016-ci ilin yazında və payızında 280 500 ədəd müxtəlif növ tinglər basırılmışdır.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. İl ərzində lizinq yolu ilə 10 baş Holştein-friz, simmental cinsindən olan inək gətirilmişdir. Hazırda rayonda 196 baş cins mal-qara vardır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün il ərzində 404 baş iri buynuzlu heyvanlarda süni mayalanma aparılmış, 262 bala alınmışdır. 2016-cı il oktyabr ayının 1-dən etibarən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə dövlət tərəfindən 100 manat subsidiya verilməsi təmin edilmişdir ki, oktyabr, noyabr aylarında Qazax rayonunda süni mayalanma nəticəsində 17 baş buzova görə 16 nəfər vətəndaşa 1700 manat subsidiya ödənilmişdir. Dekabr ayında doğulmuş 19 baş buzova görə subsidiyanın verilməsi üçün müvafiq sənədlər Respublika komissiyasına təqdim olunmuşdur.
Heyvandarlıq sahəsində məhsul istehsalı artmaqdadır. Belə ki, 2016-cı ildə ötən ilə nisbətən 1169 ton artıq süd istehsal olunaraq 31172 tona, 83 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5 584 tona və 152 000 ədəd çox yumurta alınaraq 11 653 000 min ədədə, iribuynuzlu mal-qaranın baş sayı 941 baş artaraq 31 130 başa çatdırılmışdır.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2016-cı ildə epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30 111 baş iri buynuzlu, 7 008 baş iri buynuzlu cavanlar və 1 757 baş təkdırnaqlılar, 136 970 baş xırda buynuzlu heyvanlar qarayara, 78 103 baş iri buynuzlu heyvanlar, 104 685 baş xırda buynuzlu heyvanlar dabaq, 5 806 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir. Həmçinin 245 650 baş körpə ev quşları taun xəstəliyinə qarşı La-Sota ilə, 191 135 baş yetkin ev quşları isə taun xəstəliyinə qarşı “H” vaksini ilə peyvənd olunmuşlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2016-cı ildə ödəniş müəssisələrinə 36 765 000 manat vəsait köçürülmüşdür. Şöbədə 2016-cı ildə sosial sığorta haqları üzrə yığım proqnozu 87,0 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə 4 469 400 manat proqnoza qarşı 3 938 500 manat, yəni 88,1 faiz, qeyri büdcə təşkilatları üzrə 1 161 300 manata qarşı 956 300 manat olmaqla 82,3 faiz o cümlədən, hüquqi şəxslər üzrə 91 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 75 faiz, pay torpaq mülkiyyətçiləri tərəfindən 16,5 faiz yerinə yetirilmişdir.
2016-cı il ərzində Fond tərəfindən 1 695 ailənin 6 981 üzvünə 3 099 000 manat ünvanlı sosial yardım təyin edimiş və ödənilmişdir.
Respublikanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən 2310 nəfər müharibə veteranına 1 316 000 manat müavinət və 3215 nəfərə 2 996 300 manat sosial müavinət ödənilmişdir.
Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2016-cı il tarixli Fərmanı ilə şəhər və rayon İcra Hakimiyyətlərinə ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirilməsi tapşırılmışdır.
Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülmüşdür.
Qazax Telekommunikasiya Qovşağı cari ildə planı 102 faiz yerinə yetirmiş və ötən müddət ərzində 258 ədəd yeni telefon xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. Lakin vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq yeni nömrələrin alınması və internet xəttlərinin sürətlərinin nizamlanması məqsədilə Telekommunikasiya qovşağının rəhbərliyi bu sahəyə diqqəti artırmalı və yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
Qazax Poçt filialı 2016-cı il ərzində planı 112 faiz yerinə yetirərək əhalidən elektrik enerjisi, təbii qaz, su, telefon, vergi və sair pulları qəbul edilib aidiyyəti təşkilatların bank hesablarına köçürmüşdür. Əlavə olaraq 8 577 ədəd məktub göndərilmiş, 10 020 ədəd məktub qəbul edilmişdir.
“Qazax-Avtovağzal ”ATSC tərəfindən 2016-cı ildə 306 215 sərnişinə xidmət göstərmişdir. Avtovağzalda təmir işləri aparılmışdır.
28 saylı Yol İstismar İdarəsi 58 kilometr respublika əhəmiyyətli, 134 km yerli əhəmiyyətli avtomobil yollarına və uzunluğu 914 paqon metr olan 23 ədəd körpülərə xidmət edir. İdarə tərəfindən 2016-cı ildə Qazax-Kosalar avtomobil yolu keyfiyyətlə tikilərək istifadəyə verilmiş, hazırda Çaylı kəndi ərazisində yeni avtomobil yolunda tikinti işləri davam etdirilir.
Qazax Mənzil İstismar Sahəsinin balansında olan 3 yaşayış binasının dam örtüyündə, 19 binanın blok və fasad hissəsində əsaslı, 35 binanın dam örtüyündə və 11 binanın kanalizasiya sistemində cari təmir işləri aparılmış, 20 binanın 95 mənzilində tüstü bacası və hava təmizləyici kanalı təmizlənərək sakinlərin istifadəsinə verilmişdir. Mənzil İstismar Sahəsi tərəfindən 8 binanın həyətinə qum-çınqıl tökülərək yayılmış, sakinlərin rahat gediş-gəlişinə şərait yaradılmışdır.
Qazax Kommunal Müəssisələri Kombinatı əsasən şəhərin təmizliyi və yaşıllaşdırılması işi ilə məşğul olur.
2016-cı ildə kombinata 350 369 manat vəsait daxil olmuşdur. 2015-ci ildə isə bu rəqəm 193 950 manat olmuşdur ki, hesabat ilində kombinata 156 419 manat çox vəsait daxil olmuşdur.
İşsizliyin aradan qaldırılması məqsədilə 2016-cı ildə kombinatın yaşıllaşdırma və təmizlik sahələrinə 100 nəfər işçi qəbul olunmuşdur. Nasaz vəziyyətdə kombinatın balansında olan maşın və mexanizmlərin nasazlıqları aradan qaldırılmış, əlavə olaraq 1 ədəd DT markalı traktor, 1 ədəd QAZ-53 markalı zibil daşıyan avtomaşın, 1 ədəd traktor qoşqusu alınaraq Kombinatın istifadəsinə verilmişdir. Şəhərin təmizliyinin tam bərpa olunmasını həyata keçirmək məqsədilə zibillərin götürülmə qrafikləri dəyişdirilmiş, əvvəllər yalnız səhərlər zibilləri götürülən yerlərdə zibillərin axşam-səhər götürülməsi və ayda bir-iki dəfə zibilləri götürülən yerlərdə isə həftədə bir dəfə lazım gəldikdə gündəlik götürülməsi öz müsbət nəticəsini vermişdir.
Bundan əlavə şəhərdən kənarda yerləşən zibil poliqonunun ətrafı dəmir tor vasitəsi ilə hasara alınmış, müntəzəm nəzarət olunması üçün poliqona məsul şəxs təyin olunmuşdur.
Kommunal Müəssisələr Kombinatı öz işlərini daha da yaxşılaşdırmalı və təmizlik işlərini gücləndirməlidir.
Hesabat ilində əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Elektrik Şəbəkəsi tərəfindən 2016-cı ildə cəmi pul yığımı 5 136 400 manat yerinə yetirilmişdir. Ümumi yığım 94,6 faiz, o cümlədən yerli əhali üzrə 96,6 faiz olmuşdur. 2015-2016-cı illərin göstəricilərini müqayisə edərkən 2016-cı ildə Şəbəkə üzrə cəmi pul yığımında 411,7 min manat, əhali sektorunda isə 145,6 min manat artım olmuşdur.
2016-cı il ərzində əhali tərəfindən tikilən 145 evə və 15 qeyri əhali abonentinə elektrik xətti çəkilmişdir.
Bildiyiniz kimi, Dövlət Proqramında Qazax rayonunun elektrik daşıyıcılarının SİP kabellə əvəz olunması işlərinə başlanılmışdır. İstismar vaxtını keçmiş dəfələrlə təmir olunmuş 22 ədəd müxtəlif güclərdə olan transformatorlar yeni komplekt transformatorlarla əvəz edilmiş, həmin transformatorlardan çıxan 0,4 kilovoltluq hava xətti 33,9 kilometr uzunluğunda SİP kabellə əvəz edilmiş, 1696 ədəd metal dayaq quraşdırılmışdır. Əlavə olaraq fəaliyyətdə olan 4 ədəd transformatorun 0,4 kilovoltluq tərəflərində (Qazax şəhəri, Ağköynək və Birinci Şıxlı kəndləri) 13,8 kilometr uzunluğunda SİP kabel çəkilmiş və 818 ədəd metal dayaq quraşdırılmışdır.
35/10 kv-luq Qazax-1 yarımstansiyasında 4 mvA transformator 6,3 mvA ilə, Kompressor yarımstansiyasında isə 1,0 mvA transformator 2,5 mvA transformatorlarla əvəz edilmişdir. 35/10 Qazax-1 yarımstansiyası tamamilə yenidən qurulmuşdur.
Qazax şəhərini eləcədə 21 yaşayış sahəsini iki tərəfli qidalandırmaq üçün 18,9 kilometr uzunluğunda 35 kilovoltluq hava xətti çəkilmiş, 35/10 kilovoltluq “Cəfərli” və “Vaqif” yarımstansiyalarında əlavə 35 kilovoltluq yağ açarları və xətt ayrıcı quraşdırılaraq sxemaya qoşulmuşdur. 11,2 kilometr uzunluğunda “Xramçay” hava xətti tam yenidən qurulmuşdur.
0,4 kilovoltluq xətlərdə 15,25 kilometr uzunluğunda cari təmir işləri aparılmış, 168 ədəd zədəli ağac dayaqlar yeni dayaqlarla əvəz edilmiş, 6,07 kilometr uzunluğunda zədəli naqil, 787 ədəd zədəli izolyator dəyişdirilmişdir.
Şəmkir rayon Qaz İstimar idarəsi tərəfindən 2016-cı ildə cəmi pul yığımı 12 030 106 manat olmuşdur. Ümumi yığım 100,9 faiz, o cümlədən yerli əhali abonentləri üzrə 88,01 faiz olmuşdur. 2015-2016-cı illərin göstəricilərini müqayisə edərkən 2016-cı ildə yığım 15,1 faiz artıq olmuş, itki 3,4 faiz azalmışdır.
Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır. Ümumilikdə 2016-cı ildə 664 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur.
2016-ci il ərzində 810 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz edilmiş, rayon ərazisində müxtəlif diametrli 2095 paqon metr korroziyaya uğramış qaz xətləri yenisi ilə əvəz edilmiş, məcburi köçkünlərin məskunlaşdığı evlərə diametri 15-20 millimetrlik 100 paqonmetr qaz xətti çəkilmişdir.
Qazax rayonu ərazisində əhalinin qaz təminatının yaxşılaşdırılması üçün 12 ədəd müasir şkaf tipli tənzimləyici quraşdırılmışdır.
Qazax “Sukanal” idarəsi tərəfindən 2016-cı il ərzində 57 abonentə yeni su xətti çəkilmiş, 5993 əhali abonetlərinə (18340 nəfər) xidmət göstərilmişdir. İl ərzində əhali abonentlərindən ödəniş satışın 92,4 faizini, cəmi ödəniş isə satışın 89,4 faizini təşkil etmişdir. 2015-ci illə müqayisədə satış 64 590 manat, ödəniş isə 14 564 manat artmışdır.
Su Quyularının İstismarı İdarəsinin Qazax İstismar sahəsinin balansında 146 ədəd subartezian quyusu vardır. 58 ədəd subartezian quyusunda əsaslı, 60 ədəd subartezian quyusunda cari təmir işləri aparılmışdır.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11 691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1 713 nəfər müəllim məşğul olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə 01.07.2016-cı il tarixdən etibarən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Qazax filialı, Bakı Dövlət Universitetinin Qazax filialı elan edilmişdir.
2016/2017-ci tədris ilində 6 ixtisas üzrə tələbə qəbulu aparılmışdır. Filialda Respublikanın 40-dan çox rayonundan 388 nəfər tələbə təhsil alır. 2017/2018-ci tədris ili üçün filiala 13 ixtisas üzrə 500-ə yaxın tələbə qəbulu planlaşdırılmışdır.
Filialın yeni tədris binasının tikintisi ilə bağlı 8 hektar torpaq sahəsinin ayrılması məqsədilə sənədləşmə işləri aparılır, yaxın zamanlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.
2015-2016-cı tədris ilində 846 nəfər məzunlarından 468 nəfəri, əvvəlki illərin məzunlarından 50 nəfəri cəmi 518 nəfər TQDK-ya sənəd vermiş onlardan 319 nəfəri ali məktəblərə, 88 nəfəri isə orta ixtisas təhsili məktəblərinə daxil olmuşlar. Qəbul olmuş məzunlardan 78 nəfəri 300-dən 400-ə qədər, 65 nəfəri 400-dən 500-ə qədər, 58 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Rayon üzrə qəbulun nəticəsi 63 faiz olmuşdur.
Ali hərbi və xüsusi təyinatlı təhsil müəssisələrinə 9 nəfər daxil olmuşdur. Hazırda respublikanın ali hərbi və xüsusi təyinatlı müəssisələrində 46 nəfər, hərbi liseylərdə isə 15 nəfər təhsil alır.
Şəhər 2 saylı tam orta məktəbin məzunu Mirzəyev İlham və Məktəb-liseyin məzunu Məmmədova Leyla təhsillərini yüksək nailiyyətlərlə başa vurduqlarına görə Təhsil Nazirliyi tərəfindən “Qızıl Medala” layiq görülmüşlər.
Ali məktəblərə qəbul imtahanlarında Mirzəyev İlham 690 balla Azərbaycan Diplomatiya Akademiyasının kompyuter mühəndisliyi, Məmmədova Leyla 682 balla Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur.
Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı respublika üzrə 700 bal toplayan 10 məzundan biri olaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olmuşdur.
Ötən müddət ərzində təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda hər 20 şagirdə bir kompyuter düşür. Rayonun 26 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.
Ölkə Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında IX-XI sinif şagirdlərindən 40 nəfərinin Lənkəran-Astara bölgəsinə ekskursiyası təşkil olunmuşdur.
Təhsilin səviyyəsini yüksəldilməsi məqsədilə yaradılmış fəal müəllimlər qrupu tərəfindən müəllimlərin hazırlıq səviyyəsini, şagirdlərin məktəbə davamiyyətini öyrənmək üçün vaxtaşırı reydlər keçirilir.
Rayonun Ağköynək kənd tam orta məktəbin biologiya müəllimi Əmirxanova Sədaqət Əmirxan qızı 2016-cı ildə Prezident Sərəncamı ilə “Əməkdar müəllim”, şəhər Humanitar və Təbiət fənləri üzrə məktəb-liseyin təlim-tərbiyyə işləri üzrə direktor müavini Muradov Rəhim Murad oğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Bundan başqa Təhsil Nazirliyinin əmri ilə rayonun Səməd Vurğun adına şəhər 2 saylı tam orta məktəbinin direktoru Mustafayev Murğuz Nəbi oğlu “Qabaqcıl Təhsil işçisi” döş nişanına, Fərəhli kənd ümumi orta məktəbinin riyaziyyat-informatika müəllimi, direktor vəzifəsini icra edən Həsənov Ramin Əhməd oğlu “Fəxri Fərman”la təltif edilmişlər.
Qazax rayon Mərkəzi xəstəxanasına 2016-cı ildə ambulator müraciətlər 119 235 nəfər olmuşdur. Onlardan 1 230 nəfəri rentgen-flüoqrafiya, 5 098 nəfər laborator müayinə olunmuş, 408 nəfərin isə üzərində əməliyyatlar (cərrahi) aparılmışdır.
Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Uşaqlar arasında qoruyucu peyvəndlər müntəzəm olaraq aparılır.
Azərbaycan Respublikasi Prezidentinin tapşırıq və tövsiyyəsi əsasında Səhiyyə şöbəsi tərəfindən rayon əhalisi kütləvi olaraq tibbi müayinələrə cəlb olunmuş, müayinə nəticəsində 3 018 nəfər ambulator, 246 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 43 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Həmçinin rayonda keçirilmiş qan vermə aksiyasında 70 litr qan tədarük olunaraq Respublika və Gəncə “Qan Bankı”na göndərilmişdir.
2016-cı ildə Qazax RMX-da müxtəlif xəstəlik qrupları üzrə 5 940 nəfər imtiyazlı xəstə qeydiyyatda dayanıb. Onlardan 2 660 nəfər şəkərli diabet, 325 nəfər vərəm, 625 onkoloji və 2 305 nəfər digər imtiyazlı qrup xəstələridir. 2016-cı il ərzində Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzindən tələbnaməyə uyğun olaraq, 625 750 manat məbləğində dərman və sarğı materialları xəstəxananın aptekinə daxil olmuşdur. Bundan şəkərli diabet xəstələri üçün 400 901 manat, vərəmli xəstələrə 20 469 manat, onkoloji xəstələrə 12000 manat, ruhi xəstələrə 24 000 manat, digər qrup əlillərə 19 760 manat xərclənmişdir. Şəhər və kəndlərdə yürləşən xəstəxana, həkim məntəqələri və tibb məntəqələrinə isə 148 570 manat məbləğində dərman və sarğı materialları yönəldilmişdir.
Vərəmli, şəkərli diabet və onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr vaxtaşırı müntəzəm olaraq, pulsuz dərman pereparatları ilə təmin edilirlər. Bugünə qədər 1 750 xəstəyə qanda şəkərin miqdarını təyin edən “Qlukometr” aparatı paylanmışdır.
Rayonda fəaliyyət göstərən Müalicə Diaqnostika Mərkəzinin carrahiyyə şöbəsinə 1 025 xəstə daxil olub, 823 cərrahi əməliyyat aparılmışdır.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2016-cı ildə 62 mədəni-kütləvi tədbir, bayram konsertləri, şənliklər, yubileylər, sərgilər, əlamətdar günlər və müsabiqələr keçirilmişdir.
Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən 2016-cı ildə gənclərlə iş sahəsi üzrə 19, bədən tərbiyəsi və idman sahəsi üzrə 34 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 5 095 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
2016-cı il ərzində beynəlxalq yarışlarda idmançılarımız 23, Respublika yarışlarında isə 68 dəfə mükafata layiq yerlər tutmuşlar. İdmançılarımızdan Əsgər Məmmədəliyev, Əşrəf Aşurov, Elşən Eyyubov, Elnarə Abbasova, Sona Məmmədova, Fərid Məmmədov, Nəsib Yusibov, Fərid Hüseynov, Ceyhun Mədədli, İsmayıl Osmanov, Nemət Vəkilov, Ramazan Rüstəmov, Əli Əlizadə, Tapdıq Paşayev, Sənan Xəlilov, Emin Namazov, Qurban İsmayılov, Yaqub Manafov, İsrafil Məmmədov, Həsənəli Həsənov, Əfqan Xaşalov, Sərxan Qasımlı, Ruzi Məmmədzadə və Nurlan Məmmədzadə daha yaxşı nəticələr göstərmişlər.
Rayonda 4 siyasi partiya, 17 ictimai birlik və 4 dini icma fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının 7 853 nəfər, digər partiyaların isə cəmi 251 nəfər üzvü vardır.
2016-cı ildə gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı Fərmanlara müvafiq olaraq Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən çağırışçıların təyin olunduqları hərbi hissələrə göndərilməsi tam mütəşəkkil və vaxtında təmin edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsaitlərin toplanması ilə bağlı aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, 2016-cı ildə ümumilikdə 35610,47 manat vəsait köçürülmüşdür.
2016-cı ildə də yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Hesabat ilində rayonda mövcud olan kriminogen vəziyyətin təhlili və qanun pozuntularına qarşı aparılan mübarizə tədbirlərinə dair rayonun hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək zəruri tədbirlərdən biri kimi hesab edilir. Qazax rayonu ərazisində 2016-cı ildə icraatda olan 200 cinayət hadisəsinin o cümlədən keçən ildən 4 bağlı qalmış cinayət işinin açılması təmin edilmiş, 19-u isə bağlı qalmışdır. Cinayətlərin açılması 91,3 faiz təmin edilmişdir.
Hesabat dövrü ərzində 62 cinayət qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərdən 64 cinayət hadisəsinin açılması təmin edilmiş, 11-i isə bağlı qalmışdır. Cinayətlərin açılması 85,3 faiz olmuşdur.
Hesabat dövrü ərzində keçirilmiş tədbirlər nəticəsində narkotiklə bağlı 18 fakt aşkar edilmişdir. Onlardan 5 fakt satış, 11 fakt saxlama, 1 əkin faktı aşkar edilmişdir. Ümumilikdə 2 kq 267 qram müxtəlif növ narkotik maddələr dövriyyədən çıxarılmışdır.
2016-cı ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Qazax rayonu ərazisində 64 ədəd müxtəlif növ hərbi sursatlar zərərsizləşdirilmişdir.
Şəhərin və rayonun kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətində müsbət dönüş yaradılmışdır. Bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunmasına müntəzəm nəzarət olunur.
Qazax rayonunun ümumi istifadəsində olan 69 229 hektar torpaq sahəsinin 15 402 hektar dövlət mülkiyyətində saxlanılmış, 29 353 hektarı bələdiyyə mülkiyyıtində, qalan 24 474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir.
İl ərzində rayon üzrə keçirilmiş 9 torpaq müsabiqəsində 22 000 kvadrat metr torpaq sahəsi 2 nəfərə kənd təsərrüfatı məqsədilə icarəyə verilmiş, 1694 kvadrat metr torpaq sahəsi sahibkarlıq məqsədilə 7 nəfər fiziki şəxsə satılmışdır.
2015-ci illə müqayisədə 2016-cı ildə Qazax rayon İcra hakimiyyəti başçısının aparatına daxil olmuş müraciətlərin sayı artmışdır. İl ərzində rayon İcra hakimiyyətinə 1493 müraciət daxil olmuşdur.
Bilavasitə rayon İcra hakimiyyətinə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin sayı artmış, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı azalmışdır. Belə ki, 2015-ci il ərzində İcra hakimiyyətinə 480, Prezident Administrasiyasına 311 müraciət, 2016-cı il ərzində isə İcra hakimiyyətinə 1101, Prezident Administrasiyasına 300 müraciət daxil olmuşdur. Ümumillikdə 2016-cı il ərzində rayon İcra Hakimiyyətinə 223 məcburi köçkün, 55 şəhid ailəsi, 46 Qarabağ müharibəsi əlilləri, 18 Qarabağ müharibəsi veteranı müraciət etmişdir. (bundan 68-i müsbət həll olunmuş, 274-nə müvafiq izahat verilmişdir).
Müraciətlərin böyük əksəriyyəti sosial müdafiə, mənzil problemlərinin həll edil¬məsi, işlə təmin olunma və digər məsələlər barəsində xahişlərdən ibarətdir. Ərizələrin bir hissəsi müsbət həll olunmuş, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilmiş və ya əsaslandırılmış cavab verilmişdir. 2016-cı ildə rayon İcra hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 26,2 faizi mərkəzi orqanlardan, 73,8 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 22,3 faizi müsbət həll olunmuş, 3,3 faizi qismən həll olunmuş, 0,2 faizi əsassız sayılmış, 72,8 faizinə müvafiq izahat verilmiş, 1,3 faizi aidiyyəti üzrə göndərilmiş, 0,1 faizinin icrası Dövlət Proqramında nəzərdə tutulmuşdur.
2016-cı ildə təsdiq edilmiş qrafik üzrə rayon İcra hakimiyyəti başçısının qəbulunda 2 240 nəfər və 46 səyyar görüşlər zamanı keçirilən qəbullarda 19 750 nəfər rayon sakini iştirak etmişdir. Qəbullar dövlət hakimiyyəti orqanlarının yerli qurumların rəhbərlərinin, rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə təşkil olunur. Səyyar qəbullarda müraciət etmiş 498 nəfərin irəli sürdükləri 323 məsələdən 170-i həll edilmiş, 147-si əsasında aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, 6-sı əsasında isə müvafiq işlər aparılır.
Bildiyiniz kimi, 26 sentyabr 2016-ci il tarixdə ölkəmizdə ümumxalq səs verməsi (referendum) keçirilmişdir. 107 saylı Qazax DSK və 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-ları nəzdində 48 seçki məntəqəsi mövcud olmuşdur. Rayon üzrə ümumilikdə 59 689 nəfər seçici vardır.
Səsvermənin hazırlanması və keçirilməsi prosesi yüksək səviyyədə təşkil olunmuş və heç bir qanun pozuntusuna yol verilməmişdir.
2017-cı ilin yanvar ayından başlayaraq rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində hesabat seçki yığıncaqları keçirilmişdir. Hesabatlar şəhər və kənd sakinlərinin yüksək fəallığı ilə keçirilmiş, yığıncaqlarda söylənilmiş təkliflər ümumiləşdirilərək rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə təqdim olunmuşdur. Təkliflər əsasən yeni uşaq bağçaları və körpələr evinin, həkim məntəqələrinin tikilməsi, kəndarası yolların təmir edilməsi, içməli və suvarma suyu ilə təmin olunmaları, Kür çayı sahili boyunca sahilbərkitmə işlərinin davam etdirilməsi, məcburi köçkünlərin və imtiyazlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binalarının tikilməsi və kəndlərdə yeni artezian quyularının qazılmasına dair olmuşdur.
Hörmətli toplantı iştirakçıları,
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etmək istəyirik ki, 2017-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər edərək daha uğurlu nəticələr əldə edəcəyik və Dövlət Başçısının Qazax rayonuna göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.
Diqqətinizə görə sağ olun!
Tədbirdə çıxış edən Azərbaycan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva ölkəmzidə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirərək əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində görülən işlərdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əlievin müəyyənləşdirdiyi strategiyanın ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrdə yüksək nailiyyətlər əldə olunmuşdur. Son illər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyması ilə əlaqədar sosial-iqtisadi tərəqqinin daha da sürətlənəcəyi əminliklə qeyd olunmuşdur.
Hesabat yığıncağında Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri idarəsinin rəisi Abbas Göyüşov, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Qazax Elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov çıxış etmişlər.
Rayon sakinlərindən Nəzakət İsgəndərova, Sücayət Nağdalıyev, Şəmşəd İbrahimov, Cavanşir Rüstəmov, Gülnaz Alışanova, Rəhim Rəhimov, Tofiq Cəfərov, Yusif Nəbiyev, Alı Həsənov, Süleyman Süleymanov, Yasin Əkbərov, Seyfəddin Vəliyev və Ceyhun Rəhimov söz alaraq öz rəy və təkliflərini bildirmişlər. Rayonda görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Şura iclasına yekun vuran cənab Rəcəb Babaşov, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, geniş abadlıq və quruculuq işlərinin aparılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, şəhid ailələrinin, Qarabağ Müharibəsi əlillərinin müharibə veteranlarının və aztəminatlı ailələrin problemlərinin həllinə diqqətlə yanaşılması, vətəndaş-məmur münasibətlərinin düzgün qurulması, kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini bildirmişdir.
Axırda yığıncaq iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev cənablarına rayonun inkişafına göstərdiyi diqqət və qayğını, 2016-cı ilin yekunlarını və 2017-ci ildə qarşıya qoyulmuş vəzifələri əks etdirən Müraciət qəbul olunmuşdur.