Qazaxda SHXÇDX-nin yaradılmasının beşinci ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilmişdir
Qazaxda Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə xidmətin yaradılmasının beşinci ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, DX-nin əməkdaşları, Qarabağ Müharibəsi veteranları və əlilləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə tər gül dəstələri qoymuşlar.
Əvvəlcə tədbir iştirakçılarına vətənin müdafiəsinə hazıram mövzusunda video-çarx nümayiş olunmuş, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
Sonra DX-nin Rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tədbiri açaraq çıxış üçün Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova söz vermişdir. Cənab Rəcəb Babaşov geniş və ətraflı çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamış və “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünə məxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” demişdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsi ölkəmizin təhlükəsizlik və müdafiə gücünün artmasına bilavasitə təsir göstərmiş, silahlı qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi, silahlı qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmış və onların torpaqlarımızın işğaldan azad olunmasında yeni-yeni qələbələrə ruhlandırmışdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də bütün sahələrdə uğur və inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən 5 il ərzində əsaslı tədbirlər görülüb.
Belə ki, Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. Ötən müddətdə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Qazaxlılar həmişə yüksək mərdlik və mübarizlik göstərərək torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışlar. Ulu Öndər bu şücaəti yüksək qiymətləndirərək demişdir: “Siz, əziz Qazaxlılar, burada öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz Azərbaycan xalqının dayağısınız”.
2016-cı ildə rayonumuzda gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamlara müvafiq olaraq Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən çağırışçıların təyin olunduqları hərbi hissələrə göndərilməsi tam mütəşəkkil və vaxtında təmin edilmişdir.
Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə Xidmətin Qazax rayon şöbəsi tərəfindən Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb.
Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.
2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Aprel döyüşləri nəticəsində dövlətimiz öz hərbi gücünü bütün dünyaya sübut etmişdir.
2016-cı ilin aprel ayının 2-də təmas xəttində erməni təxribatlarına layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəsi, yüksəkliklər ələ keçirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir.
Həmin gecə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini və Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının aprel ayının 2-nin Azərbaycan Ordusunun tarixində parlaq zəfər günü kimi qalacağını bəyan etməsini hər bir Qazaxlı böyük qurur hissi ilə qarşılamışdır.
Həmin döyüşlərdə rayonumuzdan 3 nəfər hərbiçi, kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlu erməni işğalçıları ilə aparılan müharibədə böyük rəşadət və qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmışlar.
Döyüşlərdə göstərdikləri mərdlik və şücaətə görə şəhidlərimiz medallarla təltif olunmuşlar. Qazax rayonunda bununla əlaqədar medalların təqdim olunma mərasimi keçirilmişdir. Şəhidlərin ailə üzvlərinin, hərbiçi yoldaşlarının, Müdafiə Nazirliyinin əməkdaşlarının, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Qarabağ Müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları - kapitan Orucov Mühüd Qurban oğlu “İğidliyə görə”, baş leytenant Namazov Elvin Məmməd oğlu “Vətən uğrunda” və əsgər Əliyev Orxan Məhəmməd oğlu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur. Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salanlar onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirmişlər. Tədbirdə “Bayraqtəpə qartalları” adlı sənədli film nümayiş olunmuşdur.
Şəhidlərimizin ruhuna hörmət etmək, əziz xatirələrini daim yad etmək isə bizim ən əsas vəzifəmiz və vətəndaşlıq borcumuzdur. Şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Qazax şəhərində aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə bulaqlar tikilmişdir.
29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Qazax rayonu İcra Hakimiyyəti ilə birgə təşkil edilmiş “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbirdən əvvəl aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsinə tikilmiş bulaq komplekslərinin açılışı olmuşdur.
Qazax şəhərində Şəhidlər Xiyabanı qəbristanlığında abadlıq-bərpa işləri aparılmış, 500 m2 -dən çox döşəmə tamamilə dəyişdirilmiş, qəbir daşları və divarlar hamarlanmış, çökmüş qəbirlər bərpa olunmuş, 400 m2 sahəyə qazon otu əkilmiş, Şəhidlər bulağına su xətti çəkilərək Xiyabanın yolu təmir olunmuşdur.
Qazax şəhərində Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlunun və “Şəhid polislərin xatirəsinə” tikilmiş bulaq komplekslərində yenidənqurma işləri aparılmış və həmin bulaqlar öz görkəmini dəyişmişdir. Şəhər ərazisində olan bütün şəhid bulaqlarında təmir işləri aparılmışdır.
Rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında da tikinti-abadlıq və bərpa işləri aparılmışdır.
Tikilmiş bulaqlar şəhidlərin ruhuna olan hörmət və ehtiramın ən gözəl nümunəsidir. Həmin bulaqlar bu gün rayonumuza gələn qonaqlar və sakinlər tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanır.
Rayonun girişində olan Abidə ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmışdır. Abidə ətrafında geniş abadlıq-quruculuq işləri aparılaraq qazon otu əkilmiş və yeni işıqlanma sistemi quraşdırılmışdır.
Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Hazırda abadlıq işləri üçün şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılmışdır. Həmin ərazinin ümumi sahəsi 1000 kvadrat metrdən çoxdur.
2016-cı ildə rayonun Quşçu Ayrım, Ürkməzli və Dəmirçilər kəndlərinin hər birində bir Şəhid ailəsi və Dəmirçilər, Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmış, Xanlıqlar kəndində isə bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.
DSMF Qazax rayon şöbəsi tərəfindən respublikanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən 2310 nəfər müharibə veteranına 1316000 manat müavinət ödənilmişdir.
Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 279 nəfər şəhid vermiş, 267 nəfər əlil olmuşdur. Rayonumuzdan 5 nəfər - Şamoy Çobanov, Firuddin Şamoyev, Mərfət Nəsibov, Aqil Musayev və Alı Mustafayev Azərbacanın Milli Qəhrəmanlarıdır.
Azərbacanın Milli Qəhrəmanları – Mərfət Nəsibov, Şamoy Çobanov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" bədii-sənədli filmi 2013-cü ildə və “Ölümə qənşər” adlı bədii-sənədli filmi isə 2015-ci ildə çəkilmiş və nümayiş etdirilmişdir.
2016-cı ildə aprel döyüşlərində şəhid olmuş Orxan Əliyevin və Elvin Namazovun doğum günləri qeyd olunmuşdur. Bununla əlaqədar hər iki şəhidin uyuduğu Aslanbəyli və Yuxarı Salahlı kənd qəbiristanlıqlarında, şəhidlərin məzarı önündə tədbirlər keçirilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, ehsan süfrələri açılmışdır.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax şəhər 1 saylı tam orta məktəbində “Vətən üçün hazır ol” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında və “Mən sabahın əsgəriyəm” mövzusunda məktəblilər arasında inşa yazı müsabiqəsi, Qazax Olimpiya İdman Kompleksində “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində mini futbol üzrə rayon turniri, Qazax şəhər stadionunda orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Marş irəli!” devizi altında Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmiş, qaliblərə qiymətli hədiyyələr və diplomlar verilmişdir.
“Sərhəd” hərbi idman oyunlarının Şəmkir rayonunda keçirilən zona mərhələsində rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin “Dəli Kür” komandası birinci yer tutmuşdur. “Şahin” hərbi idman oyunlarının rayon mərhələsində birinci yer tutan Aşağı Salahlı kənd tam orta məktəbi komandası Gədəbəy rayonunda keçirilən zona mərhələsində 12 rayonun komandası arasında 5-ci olmuşdur.
Hər il Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibəti ilə toplantı keçirilir. Qələbə günü münasibətilə veteranlar təbrik edilir, müharibə veteranlarına qiymətli hədiyyələr verilir və xatirə şəklləri çəkilir. Veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparılır.
Böyük Atatürkün dediyi kimi : "Sülh istəyən xalq hərbə hazır olmalıdır" . Azərbaycan xalqı müharibə arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olub. Azərbaycan xalqı qəhrəman xalqdır, öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirir.
Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində böyük rol oynayır.
Bu gün Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.
2015-2016-cı tədris ilinin yekununda təhsil müəssisələri üzrə 12 nəfər şagirdimiz Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 9 nəfər şagirdimiz isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Hazırda respublikanın ali hərbi və xüsusi təyinatlı müəssisələrində 46 nəfər, hərbi liseylərdə isə 15 nəfər təhsil alır.
Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına, qəhrəmanlarımızın qanının yerdə qalmayacağına əmin ola bilərik.
Axırda Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov əmin olduğunu bildirmişdir ki, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları dövlətin, xalqın və ali Baş Komandanın onlara göstərdiyi etimadı doğruldacaqlar və üzərlərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirəcəklər.
Cənab Rəcəb Babaşov SHXÇDX-nin yaradılmasının beşinci ildönümü münasibətilə xidmətin şəxsi heyətini təbrik etmiş və onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır.
Dövlət xidmətinin rayon şöbəsinin rəisi, polkovnik leytenant Vüqar Mirzəyev, RİHB aparatında məsul işçi Müşviq Pirverdiyev, Qarabağ Müharibəsi Veteranı Baxış Hüseynov, Yuxarı Salahlı kənd tam orta məktəbinin hərbi rəhbəri İsabalı Mustafayev və başqaları çıxış edərək xidmətin fəaliyyət göstərdiyi 5 il ərzində qazanılmış nailiyyətlər əldə olunmuş uğurlar barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova DX-nin 5 illik fəaliyyətini əks etdirən kitab hədiyyə olunmuşdur.
Sonda bir qrup Müharibə veteranı və ehtiyyatda olan zabitlərə, xidmətin rayon şöbəsinin əməkdaşlarına təşəkkürlər elan edilmiş, Fəxri Fərman və pul mükafatları təqdim olunmuşdur.