Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ

13 dekabr 2012 | 21:00

Qazax rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyətində keçirilən dəyirmi masada Heydər Əliyevin titanik fəaliyyətindən danışılmış, xatirəsi böyük ehtiramla yad olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa, vətənə məhəbbət və sədaqət meyarı olmuşdur. Heydər Əliyevin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirmişdir. Müasir, müstəqil Azərbaycan Ulu öndərin siyasəti ilə daha da inkişaf edir və yaşayır. Ulu öndər Heydər Əliyevin “şah əsəri” olan Azərbaycan onun layiqli davamçısı - dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.
Rayon prokuroru Abisalam Heydərov, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru Afaq Qasımova, rayon suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev tədbirdə çıxış edərək bildirmişlər ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdi. Ulu öndər Heydər Əliyev təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Məhz Ümummilli liderin gərgin səyi və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik bir ölkə kimi tanınır.
Tədbirin sonunda Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş “Müstəqil Azərbaycanın qurucusu” adlı film nümayiş olunmuşdur.
Anım mərasimi dekabrın 12-də Heydər Əliyev adına parkda davam etdirilmişdir. Əllərində gül dəstələri tutmuş rayon ictimaiyyətinin nümayəndələri - ağsaqqallar, ziyalılar, gənclər, müxtəlif peşə sahibləri olan insanlar Ümummilli liderə olan hörmət və ehtiramlarını bildirmək üçün müqəddəs bildikləri bu məkana toplaşmışdılar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ulu öndərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına parka gəlmişdir. Ayaz Əsgərov Ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli önünə gül dəstəsi qoymuş, Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad etmişdir. Sonra rayon sakinləri Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyub Ümummilli liderə öz ehtiramlarını bildirmişlər. Anım mərasimində minlərlə rayon sakini iştirak etmişdir.
 

Keçidlər