Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub

21 fevral 2017 | 16:00

Regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonumuzda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Qazax rayonunda məktəb tikintisi ilə yanaşı böyüməkdə olan körpələrə də diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir. Bu gün Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə açılışı olan körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir. Açılış mərasimində çıxış edən R.Babaşov qeyd edib ki, bu gün açılışını etdiyimiz körpələr evi-uşaq bağçası sizlər üçün ən böyük hədiyyədir. Burada körpələrin yüksək səviyyədə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İnanıram ki, bu gün bu bağçaya qədəm qoyan körpələr lazımi qayğı və diqqətlə əhatə olunacaq, ölkəmizin ən xoşbəxt balaları kimi böyüyəcəklər. Onu da qeyd edim ki, bu bağçada çalışan kollektiv qəsəbə sakinlərinin içərisindən seçilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxışının sonunda qəsəbə sakinlərini, valideynləri, bağçanın kollektivini bir daha səmimi qəlbdən təbrik etmiş və ən xoş arzularını bildirmişdir.
Sonra mərasimdə iştirak edən valideynlər, müəllimlər, qəsəbə sakinləri yeni bağçanın açılışına və onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Yeni körpələr evi-uşaq bağçasında yaradılan şərait müasir standartlara tam cavab verir. 3 qruplu 55 yerlik uşaq bağçasında uşaqların normal şəraitdə təlim-tərbiyə almaları üçün bütün şərait və imkanlar yaradılmışdır. Bağçada müasir avadanlıqlarla təchiz olunmuş mətbəx, uşaqların rahat şəkildə nahar etmələri üçün geniş və işıqlı yeməkxana vardır. Həmçinin bağçada müdir otağı, texniki işçilər otağı, uşaqların sağlamlığına nəzarət etmək üçün ayrıca tibb bacısı otağı da yaradılmışdır. Bağça binasının üstün cəhətlərindən biri də burada istilik sisteminin olmasıdır.
Yeni bağçada Barxudarlı, Bağanıs Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu və Xeyrımlı kəndlərindən olan məcburi köçkün uşaqları tərbiyə alırlar. Onların təlim-tərbiyəsi ilə 6 nəfər tərbiyəçi-müəllim məşğul olur.

Keçidlər