Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi və elmi-praktik konfrans keçirilib

23 fevral 2017 | 16:00

  Qazax rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi və elmi-praktik konfrans keçirilib.
  Universitetin akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev konfransı giriş sözü ilə açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov konfransda çıxış edərək qeyd edib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan ən ağrılısı Xocalı faciəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu.
  Bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
  Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmirdi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açıldı.
  Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qərar da həmin yığıncaqda qəbul edilərək fevral ayının 26-ı “Xocalı soyqırımı günü” elan olundu.
  Respublika Prezidenti İlham Əliyev Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı belə demişdir: “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.
  R.Babaşov bildirib ki, belə qanlı, bəlalı günlər Qazaxdan da yan keçməmiş, 7 kəndimiz işğal olunmuşdur. Bunun nəticəsidir ki, bu gün rayonumuzda 275 şəhid ailəsi, 377 nəfər Qarabağ müharibəsi əlili, 2310 nəfər Qarabağ müharibəsi veteranı və 7902 nəfər məcburi köçkün statusuna malik vətəndaşımız var.
  Aprel döyüşlərinə əsasən əminliklə deyə bilərik ki, işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində layiqli sahibinə qayıdacağına və həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanacağına az müddət qalmışdır.
  Anım mərasimində “Xocalı soyqırımı” adlı film nümayiş etdirildikdən sonra tələbələr faciəyə həsr olunmuş şeirlər söyləyiblər.
  Daha sonra elmi-praktik konfransda məruzələr dinlənilib. Filialın fakültə dekanı, professor Hüseyn Xəlilov, kafedra müdiri, baş müəllim İradə Arıxova, kafedra müdiri, dosent Rəşid Məhərrəmov, baş müəllimlərdən Mübariz Süleymanov, Zeynəb Mustafayeva, müəllimlərdən Gülnar Nəzərova, Ülviyyə Bayramova, tələbələrdən Nicat Məmmədov və Aysel Kazımova Xocalı soyqırımına həsr olunmuş müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Keçidlər