Şriftin ölçüsü :

Saytın rəngi :

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ BAYRAM ŞƏNLİYİ KEÇİRİLMİŞDİR

30 dekabr 2012 | 16:00

Yola saldığımız 2012-ci il istər respublikamız, istərsə da rayonumuz üçün uğurlu və yaddaqalan olmuşdur. Bunu ictimai-siyasi həyatda, eləcə də həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən aydın şəkildə görmək olar. Yola saldığımız il bir sıra tarixi məqamları ilə öz izlərini qoymuşdur. Ən başlıcası isə odur ki, 2012-ci ildə Möhtərəm cənab Prezident İlham Əliyev rayonumuza səfər etmişdir. Ölkə başçısı rayonumuzda olarkən bir sıra obyektlərin açılışında iştirak etmiş, həyata keçirilən tikinti-quruculuq işləri ilə ətraflı tanış olmuşdur.
İl ili əvəz edir, dünya yeni bir ilə qədəm qoyur, həyat öz axarı ilə davam edir. Zaman dəyişdikcə istər-istəməz insan dönüb yola saldığı ilə nəzər yetirir, hansı nailiyyətləri qazandığını dilə gətirir. 2012-ci il rayonumuzun tikinti tarixinə düşən bir sıra binaların istifadəyə verilməsi ilə də yadda qalmışdır.
Möhtərəm cənab Prezident İlham Əliyevin iştirakı ilə rayonumuzda Şahmat Mərkəzinin, Gənclər Mərkəzinin, Qazaxbəyli-Aşağı Salahlı asfalt yolunun, Konserv zavodunun açılışları olmuşdur. Heydər Əliyev parkı və Heydər Əliyev Elm Mərkəzi yenidən qurulmuş və əsaslı şəkildə təmir edilmişdir. Bununla yanaşı rayonumuzda Bayraq Meydanı, Qüllə, rayonun ünvanını bildirən Obelisk tikilib istifadəyə verilmişdir. Eyni zamanda tikilən 4 yeni məktəb binası və bir məktəb üçün əlavə tədris korpusu da ötən ilin “yadigarıdır”.
Şəhərin girişindəki 5 mərtəbəli yaşayış binasına yeni həyat verilmişdir. Tikinti işlərinin davamı olaraq şəhərin Heydər Əliyev prospektində yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bir sözlə, şəhərimiz yeni görkəm alır. Tikinti-quruculuq işləri ilə yanaşı şəhərin işıqlandırılmasına da xüsusi diqqət yetirilir. Bununla əlaqədar küçələrə yeni işıq dirəkləri quraşdırılır.
Ötən ilin ən yaddaqalan hadisələrindən biri də rayonumuzun bütün yaşayış məntəqələrinin qazla təchiz olunmasıdır. Bayram ərəfəsində rayonumuzun daha 5 kəndinə qaz verilmiş və Qazax respublikamızda ilk dəfə olaraq mavi yanacaqla tam təmin olunmuşdur.
Rayonumuzda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə bu barədə danışılmışdır.
Həmin gün şəhər başdan-başa bayram libasına bürünmüşdü. Hər tərəfə al-əlvan rəngli şarlar asılmış, bütün mağaza və ticarət mərkəzlərinin üzərinə yeni ilin gəlməsini xəbər verən Şaxta baba və Qar qızın şəkilləri, yolka şəkili çəkilmişdi.
Bayramın ən gözəl atributu isə yeni il yolkasıdır. Rayonumuzda da böyük bir yolka qurulmuşdu. Bir neçə gün öncə rayon mədəniyyət sarayının qarşısında qurulmuş yolkanın ətrafına yüzlərlə rayon sakini toplaşmışdı. Uşaqların, valideynlərin, gənclərin, ağsaqqalların üz-gözündən sevinc hissi yağırdı həmin gün. Rayon sakinləri bayram münasibətilə bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər. Sarayın qarşısında böyük bayram izdihamı var idi. Rayon mədəniyyət sarayının ansamblının ifa etdiyi musiqilər bayrama daha bir bayram əhval-ruhiyyəsi qatırdı. Ətrafa yayılan şən, şux musiqi sədaları bütün rayon sakinlərini şənliyə çağırırdı. Hər kəsin üzündən sevinc hissi yağırdı.
Aparıcı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbiri açıq elan edərək xalqımızın həmrəyliyindən, yeni il arzularından söz açdı. Qeyd etdi ki, bu gün bayram bayrama qovuşmuşdur. Bu gün həm xalqımızın həmrəyliyinin, həm də yeni ilimizin bayramıdır.
Sonra Şaxta baba ilə Qar qız şənliyə dəvət olundu. Qarlı dağlar aşan, çox ellər dolaşan Şaxta baba ilə Qar qız öz gəlişləri ilə şənliyə əsl bayram əhval-ruhiyyəsi, böyük coşqu qatdılar. Musiqi sədaları altında şənliyə qatılan Şaxta baba ilə Qar qız uşaqlarla rəqs edərək onları sevindirdilər. Şeir söyləyən, mahnı oxuyan, yaxşı rəqs edən uşaqlara hədiyyələr payladılar. Şənlik getdikcə daha rəngarəng olurdu. Bir-birindən gözəl şeirlər, mahnılar bir-birini əvəz edir, musiqi sədaları ətrafa yayılırdı. Rayon sakinləri yeni ili yüksək əhval-ruhiyyə ilə qarşıladılar.
Həmişə olduğu kimi bu il də rayonumuzda yaşayan şəhid, köçkün ailələri, imkansız adamlara diqqət və qayğı göstərildi, yeni il hədiyyələri verildi. Bu dəfə də bayram ərəfəsində rayon İcra Aparatı adından rayonumuzdakı bu qəbildən olan ailələrə ərzaq məhsullarından, meyvə və şirniyyatlardan ibarət yeni il sovqatları paylanıldı. Həmçinin körpə fidanlar da yaddan çıxarılmadı. Belə ki, orta məktəblərin ibtidai sinfində təhsil alan və bağçalara gedən uşaqlara yeni il hədiyyələri verildi.
 

Keçidlər