Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi heç vaxt unudulmayacaq

26 fevral 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi və elmi-praktik konfrans keçirilib.
Universitetin akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev konfransı giriş sözü ilə açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köç tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov konfransda çıxış edərək qeyd edib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan ən ağrılısı Xocalı faciəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmirdi. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qərar da həmin yığıncaqda qəbul edilərək fevral ayının 26-ı “Xocalı soyqırımı günü” elan olundu.
  R.Babaşov bildirib ki, belə qanlı, bəlalı günlər Qazaxdan da yan keçməmiş, 7 kəndimiz işğal olunmuşdur. Bunun nəticəsidir ki, bu gün rayonumuzda 275 şəhid ailəsi, 377 nəfər Qarabağ müharibəsi əlili, 2310 nəfər Qarabağ müharibəsi veteranı və 7902 nəfər məcburi köçkün statusuna malik vətəndaşımız var.
  Anım mərasimində “Xocalı soyqırımı” adlı film nümayiş etdirildikdən sonra tələbələr faciəyə həsr olunmuş şeirlər söyləyiblər.
  Elmi-praktik konfransın sonunda Xocalı soyqırımına həsr olunmuş müxətlif mövzularda məruzələr dinlənildi.


           Vəli Vəliyev
          “Respublika”
            26.02.2017

Keçidlər