Qazaxda körpələrə qayğı diqqət mərkəzində
Regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonumuzda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Qazax rayonunda məktəb tikintisi ilə yanaşı böyüməkdə olan körpələrə də diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir. Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə açılışı olan körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi. Açılış mərasimində çıxış edən R.Babaşov qeyd etdi ki, bu körpələr evi-uşaq bağçası sakinlər üçün ən böyük hədiyyədir. Burada körpələrin yüksək səviyyədə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Bu bağçaya qədəm qoyan körpələr lazımi qayğı və diqqətlə əhatə olunacaq, ölkəmizin ən xoşbəxt balaları kimi böyüyəcəklər. Bağçada çalışan kollektiv qəsəbə sakinlərinin içərisindən seçilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışının sonunda qəsəbə sakinlərini, valideynləri, bağçanın kollektivini bir daha səmimi qəlbdən təbrik etdi və ən xoş arzularını bildirdi.
Sonra mərasimdə iştirak edən valideynlər, müəllimlər, qəsəbə sakinləri yeni bağçanın açılışına və onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Yeni körpələr evi-uşaq bağçasında yaradılan şərait müasir standartlara tam cavab verir. 3 qruplu 55 yerlik uşaq bağçasında uşaqların normal şəraitdə təlim-tərbiyə almaları üçün bütün şərait və imkanlar yaradılmışdır. Bağçada müasir avadanlıqlarla təchiz olunmuş mətbəx, uşaqların rahat şəkildə nahar etmələri üçün geniş və işıqlı yeməkxana vardır. Həmçinin bağçada müdir otağı, texniki işçilər otağı, uşaqların sağlamlığına nəzarət etmək üçün ayrıca tibb bacısı otağı da yaradılmışdır. Bağça binasının üstün cəhətlərindən biri də burada istilik sisteminin olmasıdır.
Yeni bağçada Barxudarlı, Bağanıs Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu və Xeyrımlı kəndlərindən olan məcburi köçkün uşaqları tərbiyə alırlar. Onların təlim-tərbiyəsi ilə 6 nəfər tərbiyəçi-müəllim məşğul olur.
Vəli VƏLİYEV,
“Respublika”
01.03.2017-ci il