Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir

01 mart 2017 | 16:00

Qazax şəhər 2 saylı tam orta məktəbində 1 mart “Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin, rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və KİV nümayəndələri iştirak edib.
  Məktəbin direktoru Murğuz Mustafayev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
  Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəqsanə Xanbabayeva “Əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi sahəsində dövlətin rolu” mövzusunda məruzə ilə çıxış edərək bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb.
  Qazax RİHB aparatında sektor müdiri Azad Hümbətov, Rayon Təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov və QAC Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı çıxış edərək 1 mart “Ümumdünya mülki müdafiə günü”nün rayonumuzda da yüksək səviyyədə qeyd olunmasından və bu sahədə həyata keçirilən maarifləndirmə işlərindən danışıblar.
  Tədbirdə həmçinin ilk açıq dərs dinlənilib, məktəblilər Mülki Müdafiə xidmətlərinin fəaliyyəti ilə tanış olublar. Bundan əlavə “Fövqəladə hadisələr uşaqların gözü ilə” rəsm işlərinə baxış keçirilib.
  Sonra məktəblilər MM normalarını yerinə yetirib, məktəb ərazisində şərti olaraq yaradılmış yanğın ocaqlarının söndürülməsi, hadisə nəticəsində xəsarət almış məktəblilərə ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən necə çıxarılmasını nümayiş etdiriblər.
  Tədbirdə QAC Qazax rayon bölməsinin könüllülərinin məktəblilərə xilasetmə işlərində necə kömək edilməsi və ilk tibbi yardımın təşkil olunması göstərilib.

Keçidlər