“Nə gözəldir, nə qəşəngdir bağçamız”
Rayonumuzda bütün sahələrə olduğu kimi böyüməkdə olan gənc nəslə də böyük diqqət və qayğı göstərilir. Açıq etiraf etməliyik ki, əvvəlki illərdən fərqli olaraq rayonumuzda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında vəziyyət kəskin şəkildə dəyişib.
Qazaxın “Su-15” adlanan yaşayış massivində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında olduğu kimi. Bağçanın girişində yaradılan səliqə-sahman, təmizlik elə ilk baxışdan diqqətimizi cəlb etdi. Ən gözəl təəssurat yaradan hisslərdən biri də o oldu ki, körpə fidanların musiqi müəllimi Təranə Nəcəfovanın fortopianoda müşayəti ilə oxuduqları Dövlət Himninin sədaları ətrafa yayılmışdı. Öyrəndik ki, hər səhər Dövlət Himnini oxumaq bağçada artıq ənənə şəklini alıb.
İçəri daxil olan kimi divardakı guşə diqqətimizi özünə cəlb elədi. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə xüsusi önəm verilib, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən fotostend yaradılıb. Prezident İlham Əliyevin respublikada həyata keçirdiyi layihələri, rayonumuza səfərlərini özündə əks etdirən fotoşəkillərdən ibarət stend də foyedə diqqəti cəlb edir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə geniş əks olunub. Eyni zamanda uşaqların milli vətənpərvər ruhda tərbiyə olunmaları üçün Milli Qəhrəman Mübariz İbrahimovun şəkli də bağça divarını bəzəyir.
Bağçadakı 3 qrup otağında uşaqların normal şəraitdə təlim-tərbiyə almaları üçün bütün imkanlar yaradılıb. 100 yerlik olan uşaq bağçasında hər bir otaq bütün avadanlıqlarla təmin olunub. Dəhlizə salınmış xalılar, otaqlarda olan çarpayı, stol və stullar öz səliqə-sahmanı ilə göz oxşayır. Üzəri nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmiş şkaflar otaqlara xüsusi bir gözəllik verir. Otaqlarda olan oyuncaqlar isə uşaqların maraq dünyasını zənginləşdirir.
Uşaqların sağlam və təmiz qidalarla qidalanmasında mətbəx mühüm rol oynayır. Bağçada müasir avadanlıqlarla təchiz olunmuş mətbəx, uşaqların rahat şəkildə nahar etmələri üçün geniş və işıqlı yeməkxana da vardır. Həmçinin bağçada müdir otağı, texniki işçilər otağı ayrılıb.
Bu gün bağça mərkəzləşdirilmiş qaydada təchiz edilmiş istilik sisteminə malikdir ki, bu da uşaqların normal şəraitdə təlim-tərbiyə almalarına imkan yaradır.
Bu gün bağçada 3 qrupda 55 uşaq təlim-tərbiyə alır. Onlarla 8 nəfər tərbiyəçi-müəllim məşğul olur. Müəllimlərdən Dilarə Hüseynova, Şayəstə Bayramova, Gülbəniz Əliyeva və Vüsalə Quliyeva körpə fidanların vətənpərvər ruhda böyüməsi və təlim-tərbiyə alması üçün əllərindən gələni əsirgəmirlər.
Onu da qeyd edək ki, bağçadakı oyun meydançasında uşaqların asudə vaxtlarının səmərəli təşkili və idmanla məşğul olmaları üçün də hər cür şərait var. Belə ki, həyətdə uşaqların marağına səbəb olan müxtəlif oyun avadanlıqları və yellənçəklər quraşdırılıb.
Bu gün tam əminliklə deyə bilərik ki, 1 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait müasir standartlara tam cavab verir.
Bağça müdiri Hicran Xəlilovanın sözlərinə görə bağçada yaradılan şərait müəllim və valideynlərin ürəyincədir. Bu, istər müəllimlərdə, istərsə də valideynlərdə böyük ruh yüksəkliyi yaradır. O, göstərilən diqqət və qayğıya görə öz adından, müəllim kollektivi və valideynlər adından rayon rəhbərliyinə dərin minnətdarlığını bildirdi.