Şəhid Süleyman Süleymanov son mənzilə yola salınmışdır
Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbiçimiz – Süleymanov Süleyman Elçin oğlunun doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində dəfn mərasimi keçirilmişdir.
Dəfn mərasimində Müdafiyə Nazirliyinin əməkdaşları, Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov və Aparatın məsul işçiləri, polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, KİV nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə rayon sakini iştirak etmişdir.
Süleyman Süleymanovun anadan olduğu evdə keçirilən dəfn mərasimində çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Şəhid atası Elçin Süleymanov çıxış edərək övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Şəhid Süleymanov Süleyman Elçin oğlunun cənazəsi hərbi orkestrin ifasında matəm marşının sədaları altında son mənzilə yola salınıb.
Əsgərlərin çiyinlərində Şəhidlər Xiyabanına aparılan şəhidi yol kənarlarında toplaşan yüzlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar.
Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid hərbiçimizin cənazəsi Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşi altında kənddəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.