Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunmuşdur

04 mart 2017 | 16:00

Qazaxda 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, aparatın məsul işçiləri, idmançılar, məşqçi müəllimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. 
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək  dəstələri qoyulmuşdur. 
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov idmançıları “5 mart Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik edərək geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Ümummilli Lider idmana çox önəm verərək bildirirdi: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.
   Azərbaycanın bədən tərbiyəsi və idman tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan folklorunda igidlərin oxatma, atçapma, güləş və digər xalq oyunlarında göstərdikləri şücayət və qəhrəmanlıqlar tərənnüm olunmuşdur. Qobustan qayaüstü rəsmlərində qədim insanın müxtəlif fiziki hərəkətlərin əyani təsviri Azərbaycanda idmanın uzaq tarixindən xəbər verir.
   Bu gün martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
    Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı Ulu Öndərin  adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev həmişə idmançılara diqqətlə, qayğıyla yanaşmışdır.  Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin gün Ümummilli Liderimiz bu sözləri deyib: “ Bu gündən idmana və bədən tərbiyəsinə xüsusi qayğını öz üzərimə götürürəm və sizləri əmin edirəm ki, bu gündən bu qayğı və diqqəti öz üzərinizdə daim hiss edəcəksiniz”.
     Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya İdman kompleksləri inşa olunmaqdadır.
    Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərib.
    Azərbaycanda idmanın inkişafını Olimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar. 1996-cı ildə Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatmışdı. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazanmış və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutmuşdu. İdmançılarımız London Olimpiadasında rekord sayda – 10 medal, o cümlədən 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.
    London Olimpiyadasında Azərbaycan paralimpiyaçıları da yüksək nəticələr göstəriblər. Pekin paralimpiadasında cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12, o cümlədən 4 qızıl medalla qayıdıblar.
  Ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçirilən bu mötəbər yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi Azərbaycanın dünyada güclü idman dövləti kimi tanınmasının parlaq göstəricisi idi. Oyunlara hazırlıq üçün cəmi 2,5 il vaxt ayrılmasına baxmayaraq, Azərbaycan dünyanı heyran qoyaraq qısa müddətdə ən müasir standartlara cavab verən, bir-birindən möhtəşəm idman arenalarını inşa etməklə, yarışa yüksək səviyyədə keçirməklə Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mühüm uğuru Azərbaycan idmançılarının qələbələri daha da zirvəyə çatdırdı. Atletlərimiz birinci Avropa Oyunlarında 18-i qızıl, 18-i gümüş, 20-si isə bürünc olmaqla 56 medal qazandılar. Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu.
    Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Ötən il Azərbaycanda dünya miqyaslı üç böyük yarış təşkil olundu. May ayında  17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi, iyun ayında “Formula-1” Avropa Qran-pri yarışı, sentyabrda Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bununla yanaşı, ölkəmiz iki aydan sonra IV İslam Həmrəylik Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Azərbaycan yeganə ölkədir ki, 2015-ci ildə ilk Avropa Olimpia oyunlarını keçirmiş və may ayında IV İslam Həmrəylik Oyunlarını keçirəcək.
    Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
    Prezident İlham Əliyev Qazax idmanına və idmançılarına hər zaman  diqqət göstərmişdir.  Belə ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2007-ci ildə may ayının 30-da istifadəyə verilmiş möhtəşəm Qazax Olimpiya İdman Kompleksi Qazax idmanının inkişafına xüsusi təkan verərək yeni gənc idmançıların yetişməsinə səbəb olmuşdur.
   2006-cı ildə möhtərəm prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Azərbaycan idmanının inkişafında böyük xidmətləri olmuş Qazax rayonunda güləş idman növünün yaradıcısı Kamal Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. 2008-ci ildə Ramiz Tağıyeva, 2010-cu ildə Sarı Əhmədova Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman xadimi fəxri adları verilmişdir. Mərhum Rafiq Həsənova isə 2008-ci ildə Azərbaycan Respblikasının Əməkdar Bədən tərbiyə və İdman Xadimi adı, 2014-cü ildə isə Azərbaycan Respublikasının fərdi təqaüdü verilmişdir.
    Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan Respublikasının Milli komandası Rio Olimpiada oyunlarında həmyerlimiz Firdovsi Umudovun rəhbərliyi altında böyük dövlətləri geridə qoyaraq komanda hesabında böyük uğur qazanaraq birinci yerə çıxmışlar. “Şöhrət” ordenli, Avropa və Dünya çempionatları və kuboku yarışlarının qalibi və mükafatçısı Firdovsi Umudov bu uğura görə Cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşur.
    2010-cu ildə “Dünyanın ən gclü güləşçisi” olmuş həmyerlimiz Həsən Əliyev yunan-roma güləşi üzrə ötən il dünya çempionatının bürünc mükafatçısı, 2016-cı ildə qol güləşi üzrə Avropa dünya çempionu olmuş Ramazan Rüstəmov isə Respublika üzrə 10 ən güclü idmançıdan biri olmuşdur. Poverliftinq üzrə Azərbaycan Respublikasının Əməkdar idman ustası İsrafil Məmmədov dəfələrlə Avropa və Dünya çempionatları kubokunun qalibi adını qazanmışdır.
   İdmanın sərbəst və yunan-roma, qol güləşi, ağır atletika, futbol, karate, ciu-citsu, boks, kik-boksinq növlərində rayonumuzun idmançıları respublikamızda və respublikamızdan kənarda yüksək idman nailiyyətləri qazanmışlar. Təkcə 2016-cı ildə Qazax idmançıları respublika səviyyəli yarışlardan 68 medal, beynəlxalq yarışlardan isə 23 medal qazanmışlar.
   Qazax rayonunun idman tarixində ən mühüm hadisələrdən biri 2016-ci il iyul ayının 24-ü Azərbaycan Kik-Boksinq Federasiyasının və Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax rayon Olimpiya Kompleksində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş Azərbaycan və gürcü kik-boksinqçiləri arasında beynəlxalq turnirin keçirilməsi olmuşdur.
     Çıxışın sonunda cənab başçı dünya və Avropa çempionları yetişdirən Məhəmmədəli Qazaxlı adına güləş zalının Qazax rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunduğunu qeyd etmiş və bir daha idmançılarımızı, idman sahəsində çalışan bütün insanları, müəllimləri, məşqçiləri “5 Mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə təbrik etmişdir.
Gənclər İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbirdə məruzə ilə çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək   2016-cı ildə idmançılarımızın qazandıqları uğurlardan danışmışdır. Rayonumuzda idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova idmançılar adından öz dərin minnətdarlığını bildirmişdir.
  Sonra çıxışlar olmuşdur. Sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi, Respublika Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi, Respublikanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, Yunan-Poma güləşi üzrə əməkdar məşqçi Tariyel Nəsibov, karate üzrə əməkdar məşqçi, rayon təhsil şöbəsinin nəzdindəki UGİM-nin direktoru Şücayət Nağdalıyev, qol güləşi üzrə əməkdar məşqçi, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, “Biomen”  peşəkar idman klubunun sədri Azər Əliyev, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, əməkdar müəllim Bəsti Ələkbərova, qol güləşi üzrə avropa və dünya çempionu, gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvü Ramazan Rüstəmov çıxış edərək idmançıların qazandıqları uğurlardan, ölkəmizdə, eləcə də Qazaxda idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışmışlar.    
Tədbirin sonunda idmanın müxtəlif növlərində nailiyyətlər əldə etmiş idmançılar, veteran idmançılar və məşqçi-müəllimlər təltif olunmuşlar.

Keçidlər