Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmmədəli Qazaxlı adına Güləş zalının açılışı olmuşdur

06 mart 2017 | 16:00

  Qazax şəhərindəki Məhəmmədəli Qazaxlı adına güləş zalının açılışı olmuşdur. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Millət vəkilləri Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov, rayonun veteran idmançıları, idman ictimaiyyəti və KİV nümayəndələri  iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq qonaqları salamlamış və rayonun bütün idmançılarını əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Cənab R.Babaşov çıxışında bildirmişdir ki, Ümummilli  lider Heydər Əliyev idmana çox böyük önəm verərək demişdir ki, idman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
Azərbaycanda idmanın tarixi çox qədimdir və xalqın mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan folklorunda igidlərin oxatma, atçapma, güləş və digər xalq oyunlarında göstərdikləri şücayət və qəhrəmanlıqlar  tərənnüm olunmuşdur. Qobustan qayaüstü rəsmlərində qədim insanın müxtəlif fiziki hərəkətlərin əyani təsviri Azərbaycanda idmanın uzaq tarixindən xəbər verir.
   Azərbaycanda Bədən Tərbiyəsi və İdmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndər Heydər Əliyev həmişə idmançılara diqqətlə, qayğıyla yanaşmışdır.  Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin gün Ümummilli Liderimiz bu sözləri deyib: “ Bu gündən idmana və bədən tərbiyəsinə xüsusi qayğını öz üzərimə götürürəm və sizləri əmin edirəm ki, bu gündən bu qayğı və diqqəti öz üzərinizdə daim hiss edəcəksiniz”.
     Ölkə Prezidenti İlham Əliyev cənabları 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında mühüm rol oynayır.
    Ölkəmizə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı getdikcə daha da artır. Bu gün əsaslı şəkildə təmirdən sonra açılışına toplaşdığımız M.Qazaxlı adına güləş zalı dediklərimizə əyani sübutdur. Mən rayona İcra başçısı təyin olunduqdan az sonra  idman zalı ilə yaxından tanış olmuşdum. Binanın çox acınacaqlı vəziyyətini görüb əsaslı təmir işlərinə başlanılması barədə tapşırıqlarımı vermişdim. İdman zalı sizin də gördüyünüz kimi, həqiqətən yüksək səviyyədə təmir olunmuşdur. Binanın iç hissəsində 650 kvadrat metr sahə suvanaraq rənglənmiş, 105 kvadrat metr döşəmə yonularaq laklanmış, 7,5 kvadrat metr hamam tam yenidən qurulmuş, 25 kvadrat metr metlax döşənmiş, binanın giriş qapısı və 2 ədəd daxili qapı yenisi ilə əvəz olunmuş və yeni kanalizasiya və işıq sistemi qurulmuşdur.
Bundan başqa binanın 380 kvadrat metr fasad hissəsi rənglənmiş, giriş pilləkanına yeni üzlük və binanın həyətinə 100 kvadrat metr tamet döşənmişdir.
Cənab Rəcəb Babaşov əsaslı təmirdən sonra Güləş zalının açılışı münasibətilə bütün idmançıları, xüsusilə yeniyetmə və gəncləri ürəkdən təbrik etmiş və onlara yeni-yeni idman uğurları arzulamışdır.
Sonra çıxışlar olmuşdur. Millət vəkilləri Kamran Nəbizadə, Ülviyyə Ağayeva,  sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi, şöhrət ordenli Firdovsi Umudov, əməkdar  məşqçilər, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov və  Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və idman xadimi Ramiz Tağıyev çıxış edərək əsaslı təmirdən sonra Güləş zalının açılışı münasibətilə idmançıları təbrik etmiş, onlara idman sahəsində yeni-yeni uğurlar arzulamışlar. İdmançılara göstərilən bu diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına və cənab Rəcəb Babaşova rayon idmançıları adından dərin minnətdarlıqlarını bildirmişlər. 
Tədbirin sonunda Azərbaycanda idmanın inkişafındakı xüsusi xidmətlərinə görə Firdovsi Umudov, Ramiz Tağıyev, Kamal  və  Sarı Əhmədov qardaşları təltif olunmuşlar. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudova üzərində portreti təsvir olunmuş xalça hədiyyə edilmişdir. 
Sonda qonaqların və rayon idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə güləş zalına baxış keçirilmişdir.

Keçidlər