Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid son mənzilə yola salındı

09 mart 2017 | 16:00

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Süleymanov Süleyman Elçin oğlu təmas xəttində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Süleyman Süleymanov doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində torpağa tapşırılmışdır. Dəfn mərasimində  Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının kollektivi, Müdafiyə Nazirliyinin əməkdaşı, polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbani,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgər heyəti, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Dəfn mərasimində çıxış edənlər şəhidin valideynlərinə səbr, şəhidə Allahdan rəhmət dilədilər. Qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız azad olacaq və şəhidlərin qisası yerdə qalmayacaq.
Şəhidin  atası Elçin Süleymanov çıxış edərək övladı ilə fəxr etdiyini bildirdi. O, bütün şəhidlərə rəhmət dilədi.
   Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər bizim əsgər!” şüarları səslənirdi. Şəhidin cənazəsi hərbi orkestrin səsləndirdiyi matəm marşının sədaları  altında son mənzilə yola salındı.  Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid hərbiçimizin cənazəsi Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşi altında kənddəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

           Vəli Vəliyev
        “Respublika”.

Keçidlər