Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Milli Teatr Günü qeyd olunub

10 mart 2017 | 16:00

XIX əsrin 70-ci illərində Azərbaycanda Milli Teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Məhz həmin gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir.

Milli Teatr Günü münasibətlə Qazaxdakı Mədəniyyət Mərkəzində tədbir keçirilib. Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov giriş sözü ilə çıxış edərək Azərbaycan teatrının keçdiyi tarixi yoldan danışıb, rəhbərlik etdiyi kollektivin qazandığı uğurlardan söz açıb.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun salamlarını və təbriklərini çatdırıb. Qazax Dövlət Dram Teatrının fərqlənən aktyorlarına Fəxri Fərmanları təqdim edib.
  “ARB-24” kanalının direktoru Nadir Şəfiyev tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə aktyorları və bütün teatr sevərləri təbrik edib.
  Çıxışlar başa çatdıqdan sonra Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı Əhməd Orucoğlunun “Sonuncu seriya” komediyası nümayiş olunub.
  Tamaşada rolları aktyorlardan Aydın Orucov, Nazilə Məmmədova, Zəmanə Dərvişova, İlqar Hacıəliyev, Minayə İbrahimova, Arif Alməmmədov və başqaları ifa ediblər.
  Tamaşanın quruluşçu rejissoru Saqif İskəndərov, quruluşçu rəssamı isə Afiq Məmmədovdur. Tamaşanın musiqisi bəstəkar, respublikanın xalq artisti Eldar Mansurovundur.
  “Sonuncu seriya” məişət komediyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Keçidlər