Xocalı Soyqırımı Qazax rayonunda da anılmışdır
27 fevral 2013 | 16:00
Qazax rayon İcra hakimiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov erməni cəlladları tərəfindən başımıza gələn facilələrlə bağlı geniş məlumat verdi. Qeyd olundu ki, erməni qəsbkarlarının xalqımıza qarşı düşmənçiliyinin 200 illik tarixi vardır və onlar tarixin müxtəlif məqamlarında Bakıda,Şamaxıda, Qubada, Qarabağ torpağında və digər yerlərdə soyqırım həyata keçirmişlər. Xocalı soyqırımı da həmin hadisələrin ən dəhşətlisi olmaqla təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixinə insanlıq əleyhinə törədilmiş ağır cinayət kimi daxil olmuşdur.
Xocalının Soyqırımı olması tarixi həqiqətdir və danılmazdır.
Xocalı faciəsinin dünyada tanınması üçün ilk təşəbbüs Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Sonrakı illərdə isə Prezident İlham Əliyevin, ölkəmizin xaricdəki diplomatik korpuslarının, Azərbaycan diasporasının və digər təşkilatların fəaliyyəti nəticəsində bir çox dövlətlərin parlamentləri həmin qətilamı soyqırım kimi tanıyaraq pisləmişdir.
Çıxış edənlər Xocalı Soyqırımı ilə bağlı fikir və mülahizərələrini söylədi və ölkə prezidenti İlham Əliyev tərəfindən bu soyqırımın bütün dünya dövlətləri tərəfindən tanınması üçün görülmüş işlərdən danışdılar.
Tədbirin sonunda Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.