Şriftin ölçüsü :

Saytın rəngi :

Qaratel Hacımahmudova kimi igid qadınlarımız əbədi yaşayacaqdır

14 iyun 2017 | 16:00

Qarabağ müharibəsi şəhidi - Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1962-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib.  Q.Hacımahmudova Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub.
Qaratel Aşağı Əskiparada müharibə getdiyindən öz kəndlərində kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Qaratel həm də döyüşçülərlə birgə səngərdə bərabər döyüşürdü.
1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti dəfə güclü hücuma keçirlər. Düşmənlə qeyri-bərabər döyüşdə Qaratel mühasirəyə  düşür. O, düşmənin əlinə sağ keçməmək üçün özünü öldürür.
Q. Hacımahmudova ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə 2012-ci ildən etibarən “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsilə sənədli filmlərinin istehsalına başlanılmış və bu silsilədən 70-dən çox film çəkilmişdir.
Ərsəyə gələn növbəti sənədli film isə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş Q.Hacımahmudovanın vəfatının 25-ci ildönümü ilə əlaqədar çəkilmiş sənədli filmidir.
Bu gün Mədəniyyət Mərkəzində həmin filmin nümayişi olub.  Filmin nümayişində Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Məhəmməd Orucov, Kəmalə Cəfərova, şairlər, mədəniyyət, təhsil, səhiyyə işçiləri, həmkarlar təşkilatlarının sədrləri, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Mərasimdə iştirak edənlər Q.Hacımahmudovanın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin  müavini Məhəmməd Orucov, filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, Yazıçılar Birliyinin Qazax zona filialın sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Mustafa Rasimoğlu və başqaları çıxış edərək bildiriblər ki, belə filmlərin çəkilməsində məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq və Milli Qəhrəmanlarımızı, şəhidlərimizi, Qaratel kimi igid qadınlarımızı yaddan çıxarmamaqdır. Çıxış edənlər həmçinin rayonda şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə və müharibə veteranlarına göstərilən diqqət və qayğı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülmüş işlər barədə ətraflı danışmışlar.

Keçidlər