Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər ordu sıralarına yola salınır

13 iyul 2017 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da iyul ayının 1-dən gənclərin həqiq hərbi xidmətə çağırışı ilə bağlı təntənəli yolasalma mərasimləri keçirilir.  Belə mərasimlərdən biri iyul ayının 13-də Qazax rayonundakı Heydər Əliyev parkında təşkil olunmuşdur. Həmin gün Qazaxlı gənclərin bir qrupu həqiqi hərbi xidmətə yola salınmışdır.  Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış, abidəsi önünüə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra mərasim iştirakçıları və həqiq hərbi xidmətə yola salınan gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Mərkəzdə onlara foto stendlər vasitəsilə Azərbaycan Milli Ordusunun yaranması, güclənməsi və bu günkü Ordumuz haqqında ətraflı məlumat verilmişdir. Azərbaycanda hərbi kadrların hazırlanmasında, hərbi məktəb və liseylərin yaradılmasında Ulu Öndərin misilsiz xidmətləri barədə danışılmışdır. Azərbaycan ordusunun bu gün dünyanın ən güclü orduları ilə bir sırada dayanması, ölkə prezidenti İlham Əliyev cənabalrının diqqəti və qayğısı sayəsində ordumuzun getdikcə daha güclənməsi barədə məlumat verilmişdir. Gənclər Mərkəzdə hərbi vətənpərvərlik mövzusunda hazırlanmış video-çarxa baxmışlar.
Bundan sonra mərasim davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri rayon İcra Haklimiyyəti başçısının müavini Gulaya Həsənova açaraq bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın dinamik inkişafı ölkəmizin təhlükəsizlik və müdafiə gücünün artmasına da bilavasitə təsir göstərmiş, silahlı qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi, silahlı qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmış və onları torpaqlarımızın işğaldan azad olunmasına daha da ruhlandırmışdır.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də bütün sahələrdə uğur və inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bir sıra işlər görülmüşdür.
Qazaxlılar həmişə yüksək mərdlik və mübarizlik göstərərək torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışlar. Ulu Öndər bu şücaəti yüksək qiymətləndirərək demişdir: “Siz, əziz Qazaxlılar, burada öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz Azərbaycan xalqının dayağısınız”.
Rayonumuzda vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilmiş, 2017-ci ildə gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayonumuzda gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, vətənə məhəbbət hisslərinin gücləndirilməsi, məktəb şagirdlərinin hərbi məktəblərə marağının artırılması istiqamətində müvafiq işlər aparılmışdır.
Belə ki, 2016-2017-ci tədris ilinin yekununda təhsil müəssisələri üzrə 12 nəfər şagirdimiz Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2 nəfər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 5 nəfər Fövqəladə Hallar Nazirliyinin, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Dövlət Təhlükəsizlik Xidmətinin, 1 nəfər şagirdimiz isə Daxili İşlər Nazirliyinin Akademiyasına qəbul olmaq üçün müvafiq sənədləri təqdim etmişlər və əsas mərhələni keçmişlər.
“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”  bu yolda minlərlə igid Azərbaycan oğulları öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb, öz torpaqlarını qanları bahasına qoruyublar. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 283 nəfər şəhid vermiş, 5 nəfər Azərbaycanın Milli Qəhrəmanıdır.Rayonumuzda şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların problemləri yaxından öyrənilir.
Bildiyiniz kimi, Qazax şəhərində yerləşən Şəhidlər qəbirstanlığı, Yuxarı Salahlı, Çaylı, Xanlıqlar və Daş Salahlı kəndlərində olan Şəhidlər Xiyabanlarında, eləcə də şəhidlərin dəfn olunduğu bütün qəbiristanlıqlarda abadlıq-bərpa işləri aparılmışdır.
Azərbaycanın Milli Qəhrəmanları Alı Mustafayevin, Mərfət Nəsibovun və Firuddin Şamoyevin xatirələrinə tikilmiş bulaq komplekslərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Qazax şəhərində aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə abidə-bulaq kompleksləri tikilmiş və Şəhid polislərin xatirəsinə tikilmiş bulaq komplekslərində yenidənqurma işləri aparılmışdır. Eyni zamanda şəhidlərin adına olan bütün bulaqlar əsaslı şəkildə yenidən qurulmuşdur. Rayonun girişində Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmış, abidə ətrafında geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanında əsaslı şəkildə təmir-bərpa işləri aparılmış, xiyaban yenidən qurulmuşdur. Şəhidlərin şəkilləri mərmər daşlara işlənərək xiyabanın divarlarına vurulmuşdur
Bundan başqa rayonda Milli Qəhrəman Alı Mustafayevin 65 ilik yubileyi keçirilmiş, Milli Qəhrəman Mərfət Nəsibovun xatirəsi anılmış, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş, şəhid Qaratel Hacımahmudovanın vəfatının 25-ci ildönümü ilə əlaqədar çəkilmiş sənədli film rayon Mədəniyyət Mərkəzində nümayiş olunmuşdur. Aprel döyüşlərində şəhid olmuş hərbiçilərimizin doğum günləri və ildönümləri qeyd olunmuş, 2017-ci ildə Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbiçimiz - Süleymanov Süleyman Elçin oğlunun doğulduğu Daş Salahlı kəndində dəfn və qırx mərasimləri keçirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd, rayon gənclərinə döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq və gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır.
Biz Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına, qəhrəmanlarımızın qanının yerdə qalmayacağına əmin ola bilərik.
G.Həsənova çıxışının sonunda həqiqi hərbi xdmətə yola salınan gənclərə möhkəm cansağlığı, xidmətdə uğulra arzulamışdır.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev Azərbaycan ordusunun keçdiyi inkişaf yolu, bu gün regionun ən güclü ordusu olması barədə məlumat vermiş, torpaqlarımızın işğaldan azad olunmasına lap az vaxt qaldığını söyləmişdir.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinin həyata keçirilməsi, ordumuzun torpaqlarımızın azad olunması uğrunda döyüşlərə hər an hazır olması barədə məlumat vermişdir.
V.Mirzəyev çıxışına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aşağıdakı fikirləri ilə yekun vurmuşdur. "Bu gün Azərbaycan, sözün əsl mənasında  bölgədə ən yüksək mövqelərə malik olan bir ölkədir. Əlbəttə, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən, iqtisadi potensial və ordunun güclü olması. Biz tarixi yaxşı bilirik və uğur qazanmış ölkələrin təcrübəsini də öyrənirik.Güclü ordu güclü dövlət deməkdir. Bütün məqsədlərimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq və daha da möhkəm orduya malik olmalıyıq".  Xidmət rəisi həqiqi hərbi xidmətə yola salınan gənclərimizə möhkəm cansağlığı, uğurlu hərbi xidmət arzulamış, onlara komandir və zabitlərin əmrinə hər an hazır olmalarını,öz hərbi hazırlıqlarını və savadlarını artırmağı tövsiyə etmişdir.
Sonra mərasimdə əməkdar incəsənət xadimi,  AYB Qazax zona filialının sədri, şair Barat Vüsal, əməkdar müəllim Mustafa Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin sərd müavini Qurban Qurbanov, Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova və valideynlər çıxış etmişlər.
Qazax şəhər 2 saylı tam orta məktəbin birinci sinif şagirdi Mahmud Yusifov  şair Eldar Nəsiblinin hərbi vətənpərvərlik mövzusunda yazılmış şerini əzbər söyləmişdir.
Tədbirin sonunda həqiqi hərbi xidmətə yola salınan gənclər rəqs etmişlər və qara zurnanın cəngi sədaları ilə müqəddəs "Qurani Kərim"in  altından keçərək Azərbaycan bayrağını öpüb avtobuslarla hərbi xidmətə yollanmışlar.

Keçidlər