Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

03 avqust 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  yığıncaq keçirilmişdir. Yığıncaqda  rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat, hüquq mühafizə orqanlarının, özəl qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak etmişlər. 
Yığıncağı  giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq bildirmişdir ki, iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin ilk altı ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Ölkə başçısı öz çıxışında Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını, ölkəmizdə təhlükəsizlik tədbirlərinin  yüksək səviyyədə olduğunu bildirmişdir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.
Cənab Prezident bu ilin birinci yarısı  ərzində xarici ölkələrə 10 dəfə səfər etdiyini vurğulayaraq  Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycanın ləyaqətlə təmsil olunduğunu bildirmişdir.
Bu il Bakıda V Qlobal Forum keçirilmişdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. IV Mədəniyyətlərarası Dialoq Forumunda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.
Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu da qlobal tədbirdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tutmuşdur.
Bu il 24-cü Xəzər neft-qaz sərgisi və konfransı keçirilmişdir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Ünvanlanmış məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir.
Cənab Prezident bildirmişdir ki, məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır.
Ölkəmizdə sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.
Ölkə başçısı çıxışında aparılan iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artımın, qeyri-neft sənayesində isə  daha çox 4,4 faiz artım olduğunu bildirmişdir.
Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.
Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq.
Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir.
Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artmışdır. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artmışdır. Bununla bərabər, idxal 15 faiz azalmışdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Kənd təsərrüfatı da 2,2 faiz artmışdırdır.
2017-ci ilin birinci yarısı rayonumuz üçün də uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2017-ci ilin yerli gəlir və xərclərinin proqnozu  9073000  manat məbləğində müəyyənləşdirilmişdir.
2017-ci ilin birinci yarısında yerli daxilolmalar 3832435 manat proqnoza qarşı 4289209 manat və  ya  111,92 faiz yerinə yetirilərək büdcəyə  456774  manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1236817 manat və ya 40,52 faiz çox vəsait daxil olmuşdur.
2017-ci ilin birinci yarısında qarşılıqlı hesablaşmalar əsasında 565881 manat vəsait daxil olmuş və 473121 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir.
Yekun olaraq 2017-ci ilin birinci yarısında yerli gəlirlər cəmi 4398316  manat proqnoza qarşı 4855090 manat, yəni 110,39 faiz yerinə yetirilmişdir.
2017-ci ilin birinci yarısında yerli xərclər 4956305 manat proqnoza qarşı 3841835 manat  icra olunaraq 77,51 faiz icra olunmuşdur.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin birinci yarısı ərzində əhaliyə 5876026 manat kredit verilmişdir. Əhalidən 1280855 manat və 380578 ABŞ dolları əmanət cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 37 yeni iş yeri açılması nəzərdə tutulan 30 layihə üzrə  474400 manat kredit verilmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün  2017-ci ilin 6 ayında 18431300 manat vəsait köçürülmüşdür. Şöbədə 2017-ci ilin birinci yarısı ərzində sosial sığorta  haqları  üzrə  yığım  proqnozu  83,7  faiz  yerinə   yetirilmişdir. Belə ki, 1630500 manat proqnoza qarşı 1365000 manat vəsait toplanmışdır. O cümlədən  bu göstərici büdcə təşkilatları üzrə 1056000  manat proqnoza qarşı  880200 manat toplanmaqla 83,4 faiz, qeyri-büdcə təşkilatları üzrə 574000 manata qarşı 485000 manat olmaqla 84,4 faiz, o cümlədən hüquqi şəxslər 308000 manata qarşı 337000 manat olmaqla 109 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 243000 manata qarşı 146500 manat toplanmaqla 60,2 faiz  yerinə yetirilmişdir. Toplanmış vəsait 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 75000 manat çox olmuşdur.
2017-ci ilin birinci yarısında 1383 ailənin 4368 üzvünə 211600 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2358 nəfər müharibə veteranına 707400 manat müavinət, 3560 nəfərə 1791800 manat sosial müavinət ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2017-ci ilin birinci yarısında Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarım stansiyalarında, eləcə də 12 ədəd 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 
10/0,4 kv-luq yarım stansiyalarda 303 ədəd transformatorda cari təmir işləri aparılmış, 0,4 kv-luq şitlərdə 18 ədəd ayrıcı yenisi ilə əvəz edilmiş, 12 ədəd zədəli transformator təmir edilərək sxemaya qoşulmuşdur.
Hava xətlərində 66,71 km uzunluğunda cari təmir işləri aparılmış, 1.092 ədəd izalyator dəyişdirilmişdir. 23,5 km məsafədə ağaclar budanmış, 25,55 km uzunluğunda tarımlama işləri aparılmış, 193 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. 7,27 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuş, 1,8 km uzunluğunda zədəli naqil SİP kabellə əvəz edilmişdir. Çaylı kəndində SİP kabelin çəkilişi üçün 8 ədəd metal dayaq, 11 ədəd beton dayaq quraşdırılmış və 3,35 km uzunluğunda SİP kabel çəkilmişdir.
Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd 160 kv gücündə transformator quraşdırılmışdır.
İtkilərin azaldılması məqsədilə 5 ədəd transformator sxemadan çıxarılmışdır. 82 ədəd dayaq məhəllələrdən çıxarılaraq evlərin çöl hissəsində quraşdırılmışdır. Rayonun 22 ədəd yaşayış hissəsini ikitərəfli işıqlandıran 35 kv-luq Göyəzən və 35 kv-luq Qazax-1 hava xətlərində fazlaşma aparılmışdır. Vaxtı ilə Məcburi köçkünlər yaşayan “Göy bina” kimi tanınan ərazidə yeni daha güclü transformator quraşdırılaraq istifadəyə verilmişdir.
2017-ci ilin birinci yarısı ərzində Şəbəkə üzrə cəmi pul yığımı 2.953.800 manat olmuşdur. O cümlədən, pul yığımı yerli əhali sektorunda 1281400 manat, sərfiyyat dəyəri isə  1350000 manat, yığım faizi 94,9 faiz  olmuşdur.
Bildiyiniz kimi Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 6 ayda əhali abonentlərə satılmış qazın dəyəri 2159315 manat, yığım isə  2309204 manat olmaqla 106,9 faiz yerinə yetirilmişdir. Ötən dövr ərzində 96 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 450 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur.
Qazax Telekommunikasiya Qovşağı  tərəfindən 2017-ci ilin birinci yarısının yekununa görə 685.500 manat tarif gəliri proqnozuna qarşı 688700 manat gəlir əldə edilərək proqnoz tapşırığa 100 faiz əməl olunmuşdur. 6 ay  ərzində 50 ədəd yeni telefon çəkilmiş, 19 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayder üzrə 257 ədəd artım olmuş, ümumi istifadəçi sayı 5190-a çatmışdır.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları, həmçinin vergi, DSMF, DİN-nin ödənişləri qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 110 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 325 ədəd bağlama qəbul edilmiş və 142 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 3822 məktub göndərilmiş, 6271 ədəd məktub qəbul edilmişdir.
“Qazax-Avtovağzal” ASC-i  2017-ci ilin birinci yarısında plana 105 faiz əməl edərək 164000 nəfər sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində   6114 əhali və 246 qeyri-əhali abonentlərə xidmət göstərilmiş və 249172 manat vəsait toplanmışdır. Bu isə satışın 95,5 faizini təşkil edir. 2017-ci ilin birinci yarısı dövründə abonentlərin sayı 121 abonent olmaqla 123 nəfər artmışdır. Təşkilat tərəfindən 1 ədəd artezian nasosu yenisi ilə əvəz olunmuş, 1 ədəd artezian nasosu,  3 ədəd su mühərriki əsaslı, 4 ədəd su mühərriki cari təmir olunmuş, 4 ədəd su mühərrikinin isə nasos hissəsi əsaslı təmir olunmuşdur. Qazaxbəyli kəndi ərazisində yerləşən Məcburi köçkünlər üçün salınmış qəsəbənin çirkabsu təmizləmə qurğusunda yerləşən 3 ədəd elektrik mühərriki əsaslı təmir olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə yeni diametri 200 mm-lik uzunluğu 550 m olan kanalizasiya xətti çəkilmiş, Ş.Çobanov 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti və şanbo tikilib istifadəyə verilmiş və H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz edilmişdir.
2017-ci ilin birinci yarısı ərzində  Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 217039 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 83433 manat çoxdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 6 ay ərzində 12 binanın dam örtüyündə sınmış və çatlamış şiferlər dəyişdirilmiş, çox mərtəbəli yaşayış binalarının tüstü bacaları təmizlənmiş, 12 binanın zirzəmisində olan kanalizasiya xətləri təmir edilmişdir. 1 şəhid ailəsinin yaşadığı mənzil təmir olunmuşdur. N.Nərimanov yaşayış massivində piyadalar üçün gediş-gəliş yolunda 2 ədəd böyük məsafəli pilləkan yığılmışdır. Ş.Xiyabanı 27 ünvanında məskunlaşmış məcburi köçkünlər üçün su xətti çəkilmiş, su havuzu inşa edilmişdir.Ötən dövr ərzində sakinlərdən 5949 manat mənzil haqqı yığılmaqla plan 109 faiz yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24  ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq  əlavə 15 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 39 binada işlər görülərək başa çatdırılmışdır.
Bundan əlavə Qazax şəhərində 41 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır ki, 6 ay ərzində  9 binada işlər yekunlaşmış, 15 binada son tamamlama işləri aparılır, hazırda işlər davam edir. Bugünkü  günə 37 binada  işlər tam başa çatdırılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
2017-ci ilin birinci yarısı ərzində rayonun mədəniyyət , təhsil və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 09 iyun 2017-ci il tarixli 9-21/57 nömrəli Sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazaxın tarixi, mədəniyyəti, tarixi abidələri, görməli yerləri ilə tanış olublar.
Qazax şəhərinin  mərkəzində yerləşən “Ədəbiyyat Müzeyi”ndə əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır.    2017-ci ilin birinci yarısı ərzində  rayonda Yeni il şənliyi, 2 Fevral Gənclər günü, 8 Mart Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar Faciəsi, 26 Fevral Xocalı Faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırım günü, 18 Aprel Tarixi abidələrin mühafizəsi günü, 9 May faşizm üzərində Qələbə günü, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 94 illik yubileyi, 28 May Respublika günü, 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü, 15 İyun Milli Qurtuluş günü, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü  ilə bağlı kütləvi tədbirlər  və Azərbaycanın şair və yazıçılarının yubileyləri geniş və əhatəli keçirilmişdir.  
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi  orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan  11691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1713 nəfər müəllim məşğul olur.
2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 309 nəfər şagird  iştirak etmişdir. Zona mərhələsində  yüksək yer  tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilmiş final mərhələsində iştirak edərək Nazirliyin Sertifikatını almışdır. 
“Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin Respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramov Nurlan “Model Nominasiyası”nda üçüncü yerə çıxmışdır. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. Onlardan yalnız 9 nəfəri 10-dan aşağı bal toplamışdır. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Bu iştirak edən müəllimlərin 73,9 faizini təşkil edir.
Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Rayon Təhsil Şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 9 nəfər fənn müəllimləri və RTŞ-nın məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən tədrisin vəziyyətini öyrənmək məqsədilə 38 məktəbdə 268 müəllimin dərsləri dinlənilmişdir. Dinləmələrin nəticəsinə görə 86 müəllim yüksək, 168 müəllim orta, 13 müəllim isə zəif qiymətləndirilmişdir. 
Yekunda yüksək nəticə göstərən müəllimlərin diaqnostik qiymətləndirmə balı da nəzərə alınmaqla 2 nəfər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuş, 7 nəfərə təşəkkür elan edilmişdir. İşçi qrupunun 12 nəfər üzvü, 9 nəfər ən yüksək nəticə göstərən müəllimlərin məktəb direktorları, Təhsil Şöbəsinin müdiri və aparıcı məsləhətçisi İcra Hakimiyyəti başçısı tərəfindən mükafatlandırılmışdır.
2017-ci ilin mart ayında məktəblilərinin yaz tətilində “Ölkəmizi tanıyaq” tur aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki bölgəsində olmuşdur. Tur aksiya zamanı keçirilən bilik yarışmasında rayonumuzun komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşdür. Həmin şagirdlər fəxri fərmanla mükafatlandırılmışlar.
2016-2017-ci  tədris ilində rayon üzrə 770 nəfər məzundan 316 nəfər keçid balını keçmişdir ki, bunlardan da 13 nəfər  600-dən yuxarı, 43 nəfər 500-dən 600-dək , 58 nəfər 400-dən 500-dək, 78 nəfər 300-dən 400-dək, 82 nəfər 200-dən 300-dək, 42 nəfər isə 150-dən yuxarı  200-ə qədər bal toplamışlar.
Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisinə başlanılmış, hazırda işlər yekunlaşmaq üzrədir.
Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.
Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada yenidən fəaliyyətə başlamışdır.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində  tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Bundan əlavə “HGC GROUP” MMC tərəfindən  Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış və hazırda işlər başa çatmaq üzrədir. Hal-hazırda Kosalar kəndində 2 və Xanlıqlar kəndində 1 ədəd körpələr evi-uşaq bağçasının dam örtüyünün dəyişdirilməsi istiqamətində hazırlıq işləri görülür, yaxın günlərdə təmir işlərinə başlanılacaqdır.
Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçaları istilik sistemi ilə təchiz olunmuşdur.
Bağçalar  “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.
Fövqaladə Hallar Nazirliyinin yerli nümayəndəliyi ilə birlikdə rayonun körpələr evi-uşaq bağçalarında və  təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər planı hazırlanmış, işçilərin təlimatlandırma jurnalı tutulmuş, təlimatlar verilmiş, yanğının qarşısını almaq üçün məsul şəxslər təyin olunmuş, qruplar yaradılmış və xəbərverici lövhələr hazırlanıb asılmışdır.
Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana,  16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə rayonumuzda Respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi surətlə davam etdirilir. 
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 m2 olan 2 otaqlı tibb məntəqəsinin tikintisinə başlanılmışdır.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 76.917 nəfər olmuş, 462 nəfər rentgen-flüoqrafiya müayinəsindən keçirilmiş, 243 nəfər əməliyyat olunmuş, 642 nəfər laborator müayinədən keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasında 2710 nəfər şəkərli diabet xəstəsi, 332 nəfər vərəmli xəstə, 692 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır.
Fevral ayının 15-dən etibarən Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla həyata keçirilmişdir. 70312 nəfər əhali tibbi müayinədən keçirilmiş, 1024 nəfər amblator müalicəyə, 224 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müainə və müalicəyə göndərilmişdir.
Şəkərli diabet, onkoloji və vərəmli xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər. Rayon üzrə 1750 xəstəyə qanda şəkərin  miqdarını təyin edən “Qlukometr” aparatı paylanılmışdır.
Aprel ayının 22-də Səhiyyə Nazirliyinin tövsiyəsi ilə rayonumuzda kütləvi qanvermə aksiyası keçirilmişdir. Aksiyada 70 litrə yaxın qan tədarük edilərək Respublika qan bankına verilmişdir.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  6 ay ərzində 13853 ambulator gəliş  olmuş, mərkəzdə 60.689 labaratoriya müayinələri olunmuş, 415 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 15 nəfər xəstə daxil olmuşdur. Onlardan 3 nəfəri köçürülmüş, 2 nəfəri sağalmış, 10 nəfəri vəfat etmişdir.  Xəstələr üzərində 4052 hemodializ seans aparılmışdır.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2017-ci ilin 6 ayında gənclərlə iş sahəsi üzrə 10, bədən tərbiyəsı və idman sahəsi üzrə 19 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2718 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 23, Respublika yarışlarında 67 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir.
2017-ci ilin birinci yarısında rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 7296400 manat, ümumi məhsul buraxılışının həcmi  71650000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 16006000 manat keçən ilə nisbətən  2,4 dəfə çox, kənd təsərrüfatı məhsullarının həcmi 27530000 manat 2016-cı ilin müvafiq dövrünə nisbətən 20 faiz çox olmuşdur. Rayon üzrə adambaşına düşən məhsul buraxılışı 850 manat, orta aylıq əmək haqqı 269,3 manat olmuşdur.
Tikinti-quraşdırma  işlərinin həcmi 6910000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 2680000 manat olan 154 yaşayış evi tikilib istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 7 yeni  müəssisə yaradılmış, 1121-i daimi olmaqla 1162 yeni iş yeri açılmışdır. 2017-ci ilin 6 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 29 müəssisədən 383 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1697 nəfər vətəndaşlardan 1282 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 359 nəfər münasib işlə təmin olunmuş, 126 nəfərə işsizlik statusu verilmiş və  140 nəfərə müavinat təyinatı aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 aprel 2016-cı il tarixli Əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş “ASAN qatar” konsepsiyası reallaşdırılıb.
Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərilmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır. Bundan əlavə Səyyar Asan Xidmət iyun ayında da 15 gün müddətində Qazax rayonunda sakinlərə xidmət göstərmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.
  Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2017-ci ilin birinci yarısında da  davam  etdirilmişdir.
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş,  yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksində tamamilə yenidənqurma işləri davam etdirilir.
Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Qazax şəhəri H.Əliyev prospektində və küçələrə 3890 p/m uzunluğunda yeni bardür düzülmüş, əraziyə tamet döşənmiş bu istiqamətdə işlər davam edir.
Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş At heykəli götürülərək yeni, daha əzəmətli "Dilboz at" heykəli qoyulmuşdur.
Qazax şəhəri ərazisində şəhidlərin və Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə  bulaq   tikilib istifadəyə verilmiş,  3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.
“Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi sürətlə davam etdirilir.
İkinci Şıxlı kəndində “Sınıq Körpü” Gömrük keçid məntəqəsində yenidənqurma və abadlıq işləri davam etdirilir.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır. 
“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan  7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən, avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli avtomobil yolunun tikintisinə başlanılmışdır.
Uzunluğu 7 km olan  strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi üçün hazırlıq işləri görülür.
Rayonun kənd  yaşayış məntəqələrindən 104 km  uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Rayonun Quşçu Ayrım kəndində 4 ədəd, Fərəhli kəndində 3 ədəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 ədəd olmaqla cəmi 9 ədəd  sığınacaq tikilmişdir.
Rayonun Ermənistanla təmasda yerləşən  Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində Polis məntəqələri tikilmişdir.
Hər  birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-ə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i  istifadəyə verilmiş, 6-sında işlər  yekunlaşmış, 2017-ci ildə isə daha 5 yaşayış evinin tikintisinə başlanılmışdır.
Bakı Dövlət Universitetinin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə 6,0 hektar torpaq sahəsi  filialın istifadəsinə verilmişdir.
  2017-cı ilin birinci yarısı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hər birində 1 ədəd, cəmi  10 ədəd subartezian quyusu qazılmış onlardan 6-sı istifadəyə verilmiş, qalan 4 ədədi isə yaxın günlərdə istifadəyə veriləcəkdir.  2017-ci ildə daha 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən  2017-ci ilin  birinci yarısında plana uyğun  olaraq  arxlarda 467 min m3 lildən təmizləmə işləri aparılmışdır. Rayon İcra hakimiyyətinin bilavasitə rəhbərliyi ilə 274 km uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. 2017-ci ilin birinci yarısı ərzində 40651 m3 faktiki olaraq su götürülmüş və aidiyyəti üzrə su istehlakçılarına verilmişdir. Rayonda  6 Sudan İstifadə Birlikləri fəaliyyət  göstərir, bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.
2017-ci ilin məhsulu  üçün 2750,6 hektar arpa, 8277,7 hektar buğda olmaqla cəmi 11028,6 hektar taxıl becərilmişdir.  2017-ci ildə cəmi 36469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29840 tonu buğda, 6629 tonu isə arpadır. Bir hektar sahədən 33,03 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton çox olmuşdur. Taxıl sahələrinin biçini üçün 55 ədəd kombayn cəlb olunmuşdur.  2017-ci ildə 809 hektar kartof, 523,31 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34  hektar vələmir, 52,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 630,5  hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri  əkilmişdir və becərmə işləri davam etdirilir.  2017-ci ilin yazında   50,5 hektar yeni fındıq bağı salınmış, rayonun Ağköynək kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmışdır. Bu il rayonumuzda 4623 kq barama istehsal edilmişdir, bu isə keçən ildən 3123 kq və ya 3,1 dəfə çoxdur.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 105 baş bala alınmış və həmin balalara görə subsidiyaların alınmasına görə sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 240 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,15 ton artaraq 2741,5 ton, süd istehsalı 108,5  ton artaraq 15627,5 ton, yumurta istehsalı 12000 ədəd artaraq 5982000 ədəd olmuşdur.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2017-ci ilin birinci yarısında epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30446 baş iri buynuzlu, 134664 baş xırda buynuzlu , 1084 baş  təkdırnaqlılar qarayara, 29840  baş iri buynuzlu, 57661 baş xırda buynuzlu heyvanlar  dabax, 5840 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı, 27395 baş xırda buynuzlular Bruseliyoza qarşı Rev-1 ilə peyvənd edilmişdir.
Həmçinin 193916 baş körpə ev quşları taun xəstəliyinə qarşı “La Sota” ilə, 202421 baş yetkin ev quşları taun xəstəliyinə qarşı “H” vaksini  ilə peyvənd olunmuşlar.
2017-ci ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinə 854 müraciət daxil olmuşdur ki, bunlardan 44-ü minnətdarlıq və təşəkkürdür. Müraciətlərdən  152-i Prezidentin Administrasiyasına (17,8%), 8-i Milli Məclisə (0,9%), 8-i Nazirlər Kabinetinə (0,9%), 29-u respublikanın digər təşkilatlarına (3,4%), 657-i isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir (77%) . 2016-cı ilin 6 ayı ilə müqayisədə Prezidentin Administrasiyasına  daxil olmuş müraciətlər azalmış, bilavasitə İcra Hakimiyyətinə daxil olmuş müraciətlər isə artmışdır.
Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 23 faizi mərkəzi orqanlardan, 77 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 31,3  faizi mərkəzi orqanlardan, 68,7 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur.  Daxil olan müraciətlərin 31,2 faizi müsbət həll olunmuş, 10,0 faizi qismən həll olunmuş, 0,6 faizi əsassız sayılmış, 53,5 faizinə müvafiq izahat verilmiş, 1,8 faizi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmiş, 2,9 faizi isə icradadır.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 11 faiz artmışdır.
2016-cı ilin ilk 6 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti başçısının aparatında keçirdiyi qəbullar zamanı 780 nəfər, 2017-ci ilin ilk 6 ayı ərzində isə  1127 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Müraciətlərdən 95-i torpaqla əlaqədar məsələlər, 99-u mənzillə təmin olunmalarına, 69-u evinin təmir olunmasına köməklik, 205-i  işlə əlaqədar, 73-ü ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 14-ü görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 572-i isə digər məsələlərlə əlaqədar olmuşdur.
2017-ci  ilin 6 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti başçısı tərəfindən kəndlər və şəhərdə 26 səyyar görüş  keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 8745 nəfər, müraciət edənlərin sayı 298 nəfər olmaqla 148  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 88-i icra edilmiş, 10 məsələ üzrə işlər davam edir, 50 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Sonra məruzə ətrafında Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov,  Qazax Su Kanal İdarəsinin rəisi Alı Hüseynov və başqaları çıxış edərək  hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışmışlar.
Tədbirə Rayon İcra Hakmiyyətini başçısı cənab Rəcəb Babaşov yekun vuraraq bildirmişdir ki, biz hər birimiz ölkə prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin, tapşırıq və tövsiyələrin  icra olunmasında daha məsuliyyətlə çalışmalıyıq və bu məqsədlə həyata keçirilən bütün işlərdə fəal iştirak etməliyik. 
Sonda cənab başçı bu işdə hamıya uğurlar arzulamışdır.

Keçidlər