Tədbir keçirilmişdir
Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrlə bağlı tədbir keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, rayonun iş adamları, sahibkar və fermerlər iştirak etmişdir.
Tədbir respublikamızın iqtisadi uğurları barədə filmin nümayişi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında dünya birliyində layiqli yerini tutan, davamlı iqtisadi inkişafa nail olan ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunmuş uğurlarla tarixə düşür. Əldə olunmuş davamlı iqtisadi inkişaf nəticəsində əhalinin həyat şəraiti daha da yaxşılaşmış, gəlirləri 13,8 faiz artmışdır. İkinci Dövlət Proqramı qəbul ediləndən bəri ölkədə 20 mindən çox yeni müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır. Ölkədə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə enmişdir. Bundan başqa, ölkəmizdə çox böyük tikinti – quruculuq və abadlıq işləri aparılmışdır. Sonra cənab Ayaz Əsgərov Dövlət Proqramı ilə bağlı Qazax rayonunda sosial-iqtisadi, tikinti, abadlıq və quruculuq sahəsində əldə olunmuş uğurlar, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Regionalrın İnkişafı və Dövlət Proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınnı prezidenti Məmməd Musayev, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdiri Zaur Qasımov, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınnı baş katibi Məmmədəli Əfəndiyev, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev və İqtisadi İnkişaf Nazirliyinin böyük məsləhətçisi Elnur Aslanov çıxış etmişlər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələr, onların həlli yolları ilə bağlı maraqlı fikir və təkliflər səslənmişdir.