Qazaxda 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir
Yığıncaqda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə göstərilmişdir ki, 2013-cü ilin aprel ayının 14-də ölkə prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılmış uğur və nailiyyətlərə öz münasibətini bildirmiş və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, cari ilin üç ayı ərzində ölkədə ÜDM 3,1 %, qeyri –neft sektoru 11, 4 % artmışdır. İnflyasiya cəmi 1,2 % olmuş, əhalinin pul gəlirləri təxminən 6 % artmış, kənd təsərrüfatında 4 %-dən çox artım olmuş, 30 min yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 50 %-dən 6 %-ə enmişdir.
2013-cü ilin birinci rübü Qazax rayonu üçün də uğurlu olmuşdur. Yerli daxil olmalar 110,1 % yerinə yetirilərək büdcəyə 107.350 manat çox vəsait mədaxil olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhaliyə 37 min manat, KYK yolu ilə 12 min manat kredit verilmişdir. DSMF Rayon şöbəsi tərəfindən ödəniş müəssisələrinə keçən ilin müvafiq dövrünə nisbətən 81.800 manat çox vəsait köürülmüşdür. ƏƏSMM tərəfindən 1330 ailəyə ÜSY təyin edilmiş, 571.470 manat vəsait ödənilmişdir. Əhali fasiləsiz və keyfiyyətli qaz, elektrik enerjisi ilə təmin edilmişdir. Satılan qazın, elektrik enerjisinin dəyəri tam yığılaraq aidiyyatı təşkilatların bank hesabına köçürülmüşdür. Əhaliyə göstərilən səhiyyə, mədəni xidmətin və təhsilin səviyyəsi daha da yaxşılaşmışdır. İdman sahəsində həyata keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmuşdur. Gənclərimiz Beynəlxalq və Respublika yarışlarında mükafata layiq yerlər tutmuşlar.
2013-cü ilin birinci rübündə əsas kapitala yönəldilən investisiyaların həcmi 4.952.800 manat, ümumi məhsul buraxılışının həcmi 24.250.000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çoxdur. Sənaye məhsulunun ümumi həcmi 1.970.000 manat, kənd təsərrüfatı məhsullarının həcmi 7.087.800 manat olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 266 manat və orta aylıq əmək haqqı 226 manat təşkil etmişdir.
Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2013-cü ilin birinci rübündə də uğurla davam etmişdir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri davam etdirilmiş və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Azadlıq küçəsi, 108 ünvanda yerləşən, qəza vəziyyətində olan kommunal binanın sakinlərinin yerləşdirilməsi üçün 24 mənzilli yeni yaşayış binasının tikintisi, uzunluğu 30 km olan Yuxarı Salahlı – Kəmərli avtomobil yolunda əsaslı tikinti işləri başa çatmaq üzrədir. Qazax şəhərinin prospekt və küçələrində işıqlandırıcılarla birlikdə 186 ədəd yeni işıq dayaqları quraşdırılaraq yeni xətlər çəkilmişdir.
Rayon Polis şöbəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 01 iyun 2012-ci il tarixli 2255 nömrəli sərəncamı ilə Qazax şəhərində “Ədəbiyyat Muzeyi”nin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılmışdır. Hazırda “Ədəbiyyat muzeyinin” tikintisində işlər davam etdirilir. Muzeyin ətrafında sahəsi 2 hektar olan parklarda yenidənqurma və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Hazırda Heydər Əliyev parkında yenidənqurma işləri davam etdirilir, parkın ərazisində ətrafında idman və əyləncə qurğuları quraşdırılacaq “Ana və uşaq” istirahət mərkəzinin və parkda salınmış süni gölün ikinci pilləsinin tikinti işləri davam etdirilir.
Rayonun daxili imkanları hesabına YAP Qazax rayon şöbəsinin yeni inzibati binası tikilir, 4 kənddə artezian quyusu qazılmış, daha 10 kənddə yeni artezian quyularının qazılması nəzərdə tutulur.
Rayon üzrə 5 məktəbdə, o cümlədən 640 şagird yerlik Çaylı kənd 2 saylı, 640 şagird yerlik Daş Salahlı kənd 2 saylı, 220 şagird yerlik Ürkməzli kənd və 180 şagird yerlik Xanlıqlar kənd tam orta məktəblərinin tikintisi və Kəmərli kəndindəki Xanbağı tam orta məktəbində isə əsaslı təmir işləri davam etdirilir.
Bundan əlavə 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işlərinə başlanması məqsədilə layihə-smeta sənədləri hazırlanmışdır.
2013-cü ilin mart ayında baş vermiş təbii fəlakətin törətdiyi ziyanın aradan qaldırılması məqsədilə məcburi köçkünlər yaşayan 5 mərtəbəli yataqxana və Ş.Xiyabanı küçəsi 27 N-li ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarının külək aparmış dam örtüklərinin dəyişdirilməsi işi qısa müddətdə həll edilmişdir.
Ötən müddət ərzində Dəmirçilər və Ürkməzli kəndlərinə içməli suyun çəkilişi, Dəmirçilər kəndində suvarma su arxının 900 metr hissəsinin beton üzlüyə alınması, diametri 800 mm olan metal boru ilə 250 metr uzunluğunda su arxının bərpa edilməsi işi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli 2730 N-li sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. Hazırda yolun layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə yolun tikintisinə başlanacaqdır. Prezidentin məlum sərəncamına uyğun olaraq məcburi köçkünlərin sosial-inkişaf fondunun xətti ilə Qazax rayonunun Qarapapaq kəndi ərazisində 300 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli yaşayış binalarının tikintisinə 5 hektar sahə ayrılmışdır. Hazırda layihə institutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanır.
2013-cü ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 3.749 hektar buğda əkini üçün 149.958 manat yardım hesablanaraq istehsalçılara verilmişdir.
Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıqlardan cəmi 270 hektar , o cümlədən 180 hektar yonca, 45 hektar kartof, 15 hektar günəbaxan və 30 hektar vələmir əkilmişdir. Hazırda əkin işləri davam etdirilir.
2013-cü ilin birinci rübü ərzində rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 106.700 ədəd ağacın 10.000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qulluq işləri davam etdirilir.
İstehsalçılara texnika cəhətdən kömək göstərilməsi məqsədilə Aqroservisdə və şəxsi vətəndaşlarda olan 28 ədəd şum traktoru, 259 ədəd təkərli traktorlar, 15 ədəd toxum təmizləyən, 25 ədəd taxıl və qarğıdalı səpən, 17 ədəd mala, 12 ədəd gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.
Bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur.
Hesabat dövrü ərzində süni yolla mayalandırılmış heyvanlardan 338 baş bala alınmışdır ki, bu da keçən ilin müvafiq dövründəkindən 159 baş çoxdur. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, keçən üç ay ərzində ötən ilin eyni dövrünə nisbətən 1.082 ton artıq süd istehsal olunaraq, 7.229 tona, 26 ton artıq ət istehsal olunaraq, 1.097 tona və 32 min ədəd çox yumurta alınaraq 2.444.000 ədədə çatdırılmışdır.
2013-ci ilin 3 ayı ərzində Qazax RİH başçısı tərəfindən 12 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 5960 nəfər,müraciət edənlərin sayı 139 nəfər olmaqla 91 təklif irəli sürülmüşdür.
2013-cü ilin 3 ayı ərzində qaldırılan problemlər və təkliflərindən 39 məsələ icra edilmiş, 52 təklif ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Axırda cənab Ayaz Əsgərov dövlət proqramında nəzərdə tutulmuş vəzifələrin, eləcə də cari tapşırıqların həllində rayonda bundan sonra da böyük uğurlar əldə olunacağına əmin olduğunu bildirmişdir.
Rayon Mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, Rayon Paylayıcı Elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev, Rayon Qaz İstismar İdarəsinin rəisi Mahir Qocayev, Rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov çıxış etmişlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etmiş, görülmüş işlərə öz münasibətini bildirmiş və qarşıda duran vəzifələrdən danışmışdır.