Aparılan təmir-tikinti və abadlıq işləri sakinləri sevindirir
Qazax rayonunda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Aparılan abadlıq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə də diqqət yetirilir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Daş Salahlı, İkinci Şıxlı, Kosalar kəndlərinə və şəhər 6 saylı körpələr evi-uşaq bağçasına gələrək aparılan tikinti-quruculuq işləri ilə yanaşı, həmin kəndlərdəki bağçaların mövcud vəziyyəti ilə tanış olub. İlkin olaraq “Mətanət A” şirkəti tərəfindən rayonumuzda illik istehsal gücü 50 min ton olan Əhəng zavodunun inşası ilə tanış olub. İşlər sürətlə aparıldığından yeni zavodun tikintisi demək olar ki, başa çatdırılmaq üzrədir. Məlumat verilib ki, zavod yaxın günlərdə açılışa tam hazır olacaqdır.
İcra Başçısı sonra kəndin mərkəzində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinə gəlib. Burada da təmir işləri başa çatmaq üzrədir. Olduqca yararsız hala düşmüş bu abidə əsaslı şəkildə yenidən qurularaq yeni bir görkəm alıb. Abidənin üzəri mərmərlə örtülüb. Ətrafına tamet daşı döşənib. Yeni işıqlanma sistemi quraşdırılıb.
Görülən işlərlə tanış olan rayon rəhbərliyi abidənin ətrafındakı parkda abadlıq işlərinin sürətləndirilməsini və buranın yüksək səviyyəyə gətirilib kompleks halda camaatın istifadəsinə verilməsini tapşırıb.
Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən digər sahələrlə yanaşı bağçalara həmişə həsassıqla yanaşır, bu sahəyə daha çox diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, rayonumuzdakı uşaq bağçalarının əksəriyyəti əsaslı şəkildə təmir olunub. Hal-hazırda isə Kosalar və Xanlıqlar kəndlərindəki bağçalar təmir olunmaqdadır.
Bu gün rayon rəhbərliyi Kosalar kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binasında həyata keçirilən işlərlə tanış olub. Binanın dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissələri suvanıb, lazım gələn yerlərdə hörgü işləri görülüb. Bundan başqa, pilləkan düzəldilib, otaqlar və foye başdan-başa suvanıb və döşəmə hissəsinə beton tökülərək laminat vurulub. Bütün qapılar yeni plastik qapılarla əvəz olunub. Kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib, 2 mətbəx də düzəldilib. Bundan əlavə bağçanın həyətinə çınqıl tökülərək hamarlanıb. Bağçaya gedib-gəlmək üçün beton yol düzəldilib, müasir istilik sistemi ilə də təmin olunub. Köhnə yararsız halda olan bağça binasının yerinə yeni, müasir tipli yeni bir bağça hazırlanıb.
Bəli, bağçalarda çox işlər görülüb, amma görüləsi işlər də çoxdur. Bunu İkinci Şıxlı kəndindəki bağçaların timsalında aydın görmək olar. Tikildiyi gündən 30-40 ildən çox vaxt keçməsinə baxmayaraq kənddəki 1, 2 və 3 saylı bağçalarda heç bir təmir-bərpa işləri görülməmiş, binalar olduqca yararsız hala düşmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bağça binalarının durumu ilə yaxından tanış olduqdan sonra ilkin olaraq 1 və 3 saylı bağçaların yaxın günlərdə təmir olunması haqqında göstəriş verib.
Eyni durum şəhərdəki 6 saylı körpələr evi-uşaq bağçasında da yaşanır. Rayon rəhbərliyi bağçanın binası ilə ətraflı tanış olaraq burada da təmir-bərpa işlərinin görülməsinin vacibliyini bildirib.
Sonra baxış keçirilən bağçalardakı vəziyyəti müzakirə etmək üçün icra hakimiyyətində yığıncaq keçirilib. Qeyd olunub ki, gələcəyimiz olan körpələrin daha yaxşı şəraitdə böyümələri üçün həmin bağçalarda tezliklə təmir-bərpa işlərinə başlanılmalıdır. Bununla əlaqədar lazımi tapşırıqlar verilib.
Aparılan təmir-tikinti və abadlıq işləri rayon sakinlərini sevindirir və onlar bütün bunlara görə ölkə Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirirlər.