Şriftin ölçüsü :

Saytın rəngi :

Taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir

28 sentyabr 2017 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində taxılçılığın mövcud vəziyyətinə dair müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, aparatın məsul işçiləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, işçi qrupunun üzvləri, idarə və müəssisə rəhbərləri, sahibkarlar, SİB sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq ötən təsərrüfat ilində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışmışdır. Bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənablarının təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir.
Respublikamızda taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Beləki, taxıl sahələrində yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə yeni xəstəliyə davamlı və məhsuldar sortlar yaradılır.
Bildiyiniz kimi, rayonumuzda bütün sahələrə diqqət və qayğı ilə yanaşılır. Ən əsası isə odur ki, insanlarda kənd təsərrüfatına inam yaradılmışdır.
Rayon ərazisinin ümumi əkin sahəsi 21180 hektardır. 2016-cı ildə 16518,6 hektar sahədə əkin aparılmışdırsa, 2017-ci ildə 19500 hektar sahədə əkin aparılmış, bu da keçən illə müqayisədə 3000 hektara yaxın çoxdur. 2018-ci ilin məhsulu üçün 20000 hektardan artıq sahədə əkin aparılması nəzərdə tutulur. 2016-cı ildə 7820 hektar əkilmiş taxıl sahəsindən  23750,2 ton məhsul istesal edilmiş, orta məhsuldarlıq 30,37 sentner olmuşdur. Bundan 5559 hektar buğda sahəsindən 18830 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq  33,8 sentner, 2261 hektar arpa sahəsindən 4920,2 ton məhsul itehsal edilmiş, məhsuldarlıq 21,7 sentner olmuşdur. 2017-ci ilin məhsulu üçün əkilmiş 11039,8 hektar taxıl sahəsindən 36469 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 33,03 sentner olmuşdur. Bundan 8289,2 hektar buğda  sahəsindən 29840 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq  36,0 sentner,  2750,6 hektar arpa sahəsindən 6629 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 24,1 sentner olmuşdur. Bu da 2016-cı illə müqayisədə  3219,8 hektar taxıl sahəsindən 12718,8 ton məhsul istesal edilmiş və məhsuldarlıq 2,66 sentner çox olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxışında bildirmişdir ki, həqiqətən də ötən təsərrüfat ili rayonumuz üçün uğurlu olmuşdur və bir sıra yüksək nəticələr qazanılmışdır.  Bu nəticəyə yüksək reproduksiyalı toxumlardan istifadə olunması və məhsulun becərilməsi zamanı bütün aqrotexniki qaydalara əməl edilməsi sayəsində nail olunmuşdur.  2017-ci ildə rayonumuza cəmi 1481 ton müxtəlif növ mineral gübrələr gətirilərək güzəştli qiymətlərlə  istehsalçılara satılmışdır. 2018-ci ilin məhsulu üçün əkiləcək sahələrə 2160 tondan artıq müxtəlif növ mineral gübrələr sifariş verilmişdir.
Rayonumuzda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmışdır. Biçin vaxtı 55 taxılbiçən kombaynın gücündən istifadə edilmişdir. Ötən illərdən fərqli olaraq istehsal edilmiş  məhsulun satışında heç-bir maneə olmamışdır.
Hazırda rayon ərazisində 3458 hektar sahədə  şumlama aparılmışdır, 2016-cı ilin bu günü  3250 hektar olmuşdur ki, bu da keçən illə müqayisədə 208 hektar çoxdur. Lakin hava şəraitinin quraq keçməsi nəticəsində payızlıq bitkilərinin əkin sahəsinin şumlanmasında müəyyən qədər gecikmələr vardır. Hava şəraiti əlverişli olduğu halda rayonda olan mövcud texnikalardan istifadə edərək sahələr tez bir vaxtda şumlanacaqdır. Ehtiyac olduğu halda əlavə texnikalar da cəlb ediləcəkdir.
2017-ci ilin may, iyun və iyul aylarında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən rayonda olan taxıl sahələrinin monitorinqi keçirilmişdir. Monitorinq zamanı işçi qrupunun fəaliyyəti üçün lazımı şərait yaradılmışdır.
Bildiyiniz kimi, yüksək keyfiyyətli, bol məhsul əldə etmək üçün keyfiyyətli toxumlardan istifadə edilməlidir. Hazırda həmin toxumların rayonumuza gətirilməsi istiqamətində işlər aparılır. Bundan başqa rayon ərazisində 2 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir ki, onların da istehsal etdiyi toxumlardan istifadə olunacaqdır.
Qazax rayonu ərazisində kənd təsərrüfatına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər əkin sahələrində ciddi artım müşahidə olunur. Lakin əkilmiş məhsulların becərilməsi zamanı kənd təsərrüfatı texnikalarının çatışmazlığı hiss olunur. Ona görə də Qazax rayonunun lazım olan texnikalarla təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılmışdır.
  Bol məhsul əldə etmək üçün suvarma suyunun nə dərəcədə vacib olduğunu   hamımız yaxşı bilirik. Bunun üçün 2017-ci ildə rayon ərazisində 275 km suvarma arxlarında təmizləmə işləri aparılmışdır, bundan 155 km texnika vasitəsilə, 120 km isə əl əməyi ilə təmizlənmişdir. Sizin rəhbərliyinizlə suvarma arxlarında aparlan təmizlik işlərinin nəticəsində su itkisinin qarşısı alınmışdır. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır.
2018-ci ildə də arxların təmizlənməsi prosesi davam etdiriləcəkdir ki, fermerlərin suvarma suyu ilə təminatında ləngimələr olmasın. Bu işdə işçi qrupunun üzvlərinin rolu danılmazdır. Belə ki, arxların təmizlənməsi ilə əlaqədar əhali arasında olaraq daim maarifləndirmə işlərini aparmışlar.
Respublikada kənd təsərrüfatı bitkiləri məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev cənabları növbəti Sərəncam imzalamışdır.  05 iyun 2017-ci il tarixdə imzalanmış Sərəncama əsasən 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur ki, bunlardan 6-sı Qazax rayonunun Birinci Şıxlı, Çaylı, Alpout, Canalı və Hüseynbəyli kəndlərində qazılacaqdır. Bundan əlavə 2018-ci ildə 11 ədəd subartezian quyusunun qazılması planlaşdırılır. Əminliklə qeyd etmək istəyirəm ki, suvarma suyuna olan tələbatın ödənilməsi bol məhsulun əldə olunmasına birbaşa müsbət təsir göstərəcəkdir.
Sonra çıxışlar olmuşdur. Qazax Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov,  "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının direktor müavini Səfurə Vəliyeva, Qazax “Aqroservis” ASC-nin direktoru Vilayət Məmmədov, Qazax rayonu Bitki Mühafizə Mərkəzinin rəisi  Əli Mustafayev,  ağsaqqal, aqronom Osman Mustafayev,  sahibkar, Toxumçuluq təsərrüfatının rəhbəri Asif Yusifov və başqaları çıxış edərək ötən təsərrüfat ilinin yekunu, taxılçılığın inkişafı sahəsində görülmüş işlər və yeni təsərrüfat ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Müşavirəyə cənab Rəcəb Babaşov yekun vurmuşdur. Rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq, yol infrastrukturunun  yenilənməsi və yeni yol çəkilişi, payızlıq əkin, qışa hazırlıqla əlaqədar  aparılan işlərin daha da  sürətləndirilməsi və vaxtında başa çatdırılması ilə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Keçidlər