Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir
İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərovun rayonun şəhər və kəndlərindəki Ağsaqqallar Şurasının sədrləri, əmək və müharibə veteranları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri ilə görüşü keçirilmişdir. Görüş zamanı İcra Başçısı Respublikamızda və eləcə də rayonda son 10 ildə aparılmış tikinti, quruculuq, abadlıq işləri, sosial iqtisadi sahədə qazanılmış nailiyyətlər, bütün bunların əldə olunması üçün ölkə prezidenti İlham Əliyev cənablarının fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Belə bir fikir vurğulanmışdır ki, Azərbaycan artıq dünyada öz sözünü deyən və dediyi sözü reallaşdırmağı bacaran qüdrətli ölkədir. İndi Azərbaycanın razılığı olmadan dünyada heç bir beynəlxalq layihənin həyata keçirilməsi, Azərbaycanla güc yolu ilə danışıqlar aparılması mümkün deyildir.
Tədbir iştirakçıları söylənilən fikirlərlə tam həmrəy olduqlarını, son 10 ildə Azərbaycanda və eləcə də Qazax rayonunda köklü islahatlar aparıldığını, tikinti və abadlıq işlərinin geniş vüsət aldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini, sosial rifah halının daha da yaxşılaşdığını, pensiya və müavinətlərin, əmək haqqlarının mütəmadi olaraq hər il artırıldığını bildirmişlər. Bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərova öz dərin minnətdarlıqlarını söyləmişlər.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyiin rayon şöbəsinin sədri Xasay Balayev, AYB-nin qərb bölgəsi üzrə zona filialının direktoru, əməkdar incəsənət xadimi Barat Vüsal, şair Tofiq Saleh, Bağanıs Ayrım kənd sakini, məcburi köçkün Allahverən Poladov, Cəfərli kənd Ağsaqqallar Şurasınnı sədri Sabir Vəliyev, əməkdar müəllim Mustafa Mirzəyev, II qrup Qarabağ Müharibəsi Əlili Dünyamalı Zeynalov, Quşçu Ayrım kənd sakini Lətif Dünyamalıyev və başqaları çıxış etmişlər.
Lətif Dünyamalıyev Qazax-Quşçu Ayrım avtomobil yolunun yenidən tikilməsi və bu məqsəd üçün lazımi vəsaitin ayrılmasına görə ölkə başçısına dərin minnətdarlığını bildirmişdir. O, Quşçu Ayrım kəndinə gedən yolda ermənilər tərəfindən tez-tez törədilən hadisələrin qarşısını almaq məqsədilə alternativ olaraq ikinci yolun da çəkilməsini xahiş etmişdir.