Qafar Sarıvəllinin əsərlərinin sərgisi keçirilmişdir
Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəllinin əsərlərindən ibarət sərgi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova, rayonun İcra strukturlarının rəhbərləri, hüquq mühafizə orqalarının işçiləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Qalereyanın direktoru Minəvvər Xəlilova açmış, sərgidə rəssam Qafar Sarıvəllinin 46 rəsm əsərinin nümayiş etdirildiyini bildirmişdir. Tədbir iştirakçıları Q.Sarıvəllinin həyat və fəaliyyəti ilə, yaradıcılığı və qazandığı uğurlarla tanış olmuşlar. Sonra onun əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidəki əsərlər iştirakçılar tərəfindən bəyənilmiş və onlar rayonda gələcəkdə də bu cür rəsm əsərlərindən ibarət sərgilərin təşkil olunmasını arzu etdiklərini bildirmişlər.
Tədbirin sonunda sərgi iştirakçıları rəssam Qafar Sarıvəllini sərgiyə görə təbrik etmişlər, ona yaradıcılığında yeni-yeni uğurlar və möhkəm can sağlığı arzulamışlar.