Sərhəd kəndi Cəfərlidə uşaq bağçası əsaslı şəkildə təmir olunur
Bu gün Qazax rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinin cöğrafiyası və miqyası geniş və əhatəlidir. Rayon mərkəzi ilə yanaşı, bütün yaşayış məntəqələrində, eləcə də sərhəd kəndlərində tikinti və yenidənqurma işləri aparılır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir. Bu istiqamətdə rayon rəhbərliyi lazım gələn bütün işləri görür, uşaqlara olan diqqət və qayğısını əməli işləri ilə həyata keçirir. Qısa bir zaman kəsiyində Kosalar kəndindəki 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib. Şəhərdə yeni tikilmiş 1 saylı, əsaslı şəkildə təmir olunmuş Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları isə istifadəyə tam hazırdır.
Sərhəd kəndlərini daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması və yenidən qurulması barədə göstəriş verib. Həmin tapşırığa əsasən bağçada təmir işlərinin görülməsinə başlanılıb. İlk növbədə cəmi 2 otaqdan ibarət bağça üçün rayon rəhbərliyinin göstərişinə əsasən yeni otaqlar ayrılıb. Ayrılmış otaqlarda hal-hazırda təmir işləri aparılır. Otaqlarda suvaq və üzçəkmə işləri başa çatdırılıb. Hazırda yeni döşəmə vurulur. Otaqlara müasir tipli qapı və pəncərələr qoyulub.
İşlərin sürətlə və keyfiyyətlə aparılması belə deməyə əsas verir ki, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması və yenidən qurulması işləri yaxın vaxtlarda başa çatdırılacaqdır.