Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndlərində bütün sahələr yüksək səviyyədə olmalıdır

27 noyabr 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərində yaşayan sakinlərə xüsusi diqqət və qayğı göstərir. Mütəmadi olaraq onlarla görüşlər keçirir, sakinləri narahat edən problemləri yerindəcə öyrənir və həll olunması üçün öz tapşırıqlarını verir. Son 1 il yarım ərzində görülən işlərin nəticəsidir ki, sərhəd kəndlərində demək olar ki, heç bir həll olunmamış məsələ qalmayıb.
  Bu gün dövlət tərəfindən də sərhəd kəndlərinə və orada yaşayan sakinlərə diqqət və qayğı göstərilir. İstər sosial obyektlərin inşası, istərsə də elm, təhsil, mədəniyyət, səhiyyə sahəsi daim diqqət mərkəzində saxlanılır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, sərhəd kəndi olan Cəfərli bu gün fasiləsiz elektrik enerjisi, qazla tam təmin olunub, kənddə məktəb binası, poçt və tibb məntəqəsi yüksək səviyyədədir.
  Rayon rəhbərliyinin tapşırığına əsasən artıq Cəfərli kənd uşaq bağçası üçün əlavə otaqlar ayrılıb və əsaslı təmir işlərinə başlanılıb.
  Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bağçada aparılan əsaslı təmir işləri ilə tanış olmaq üçün Cəfərli kəndinə gəlib. Görülən işlərlə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, ayrılmış otaqlarda hal-hazırda təmir işləri aparılır. Həyata keçirilən təmir-bərpa işləri ilə yaxın tanış olan İcra Başçısı görülən işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.
  Sonra rayon rəhbərliyi kəndə çəkilən asfalt yolda aparılan işlərin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, yolun təməli üçün görülən bütün işlər başa çatdırılıb. Hal-hazırda asfalt vurulur və bu proses 1 km-dən çox məsafədə həyata keçirilib. Bildirilib ki, yolun çəkilişi yaxın vaxtlarda başa çatdırılacaqdır.
  Rəcəb Babaşov günün sonunda şəhərdəki hərbçilərin yaşadıqları beşmərtəbəli binalarda görülən təmir-bərpa işləri ilə də tanış olub. Burada binanın fasad hissəsi, blokları, divarları əsaslı şəkildə və yüksək keyfiyyətlə təmir olunub. Bina köklü şəkildə öz görkəmini dəyişib.
  Binada görülən işlərlə tanış olan zaman İcra Başçısına onlarla sakin yaxınlaşaraq görülən bütün işlərə görə Ölkə başçısı İlham Əliyev cənablarına  və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirib, sonsuz təşəkkürlərini çatdırıblar.

 

Keçidlər