Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərli kənd uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olmuşdur

19 dekabr 2017 | 16:00

Qazax rayonunda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, bəziləri əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Kosalar kəndində əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən Xanlıqlar kənd körpələr evi-uşaq bağçası körpə balaların düzgün tərbiyə olunmaları üçün görülən işlərin ən parlaq nümunəsidir.
Fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini həmişə diqqətdə saxlayan rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun qayğısı sayəsində Cəfərli kənd uşaq bağçasına yeni bir həyat verilib. Qeyd edək ki, Cəfərli kənd uşaq bağçası 1992-ci ildən cəmi iki darısqal otaqda fəaliyyət göstərirdi. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağça binasının yararsız hala düşdüyünü və günün tələblərinə cavab vermədiyini nəzərə alaraq əlavə otaqların tikilməsi və əsaslı şəkildə təmir olunması barədə göstəriş verib. Rayon rəhbərliyinin tapşırığına əsasən bağçanın yerləşdiyi ərazidə əlavə otaqlar tikilib  və bina əsaslı şəkildə təmir edilib, bağça üçün lazım olan bütün infrastruktur  yaradılmışdr.  Yataq və oyun otağı, dəhliz, anbar, mətbəx, sanitar qovşağı, istilik sistemi, müdir otağı ən yüksək səviyyədədir.
Əsaslı təmir olunmuş Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının və  Xanlıqlar kəndindəki  uşaq bağçasının açılışından sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı ərəfəsində sərhəd kəndi olan Cəfərlidə uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, kənd sakinləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri, kənd sakinlərini bağçanın istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib.  Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbriklərini çatdıraraq ən xoş arzularını bildirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir.
İcra Başçısı bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.
Rəcəb Babaşov qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu işlər davam edir. Gələn ilin sonuna kimi bütün kəndlərdə olan körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.
Cəfərli kənd uşaq bağçasının müdiri Fiqura Yunisova, ağsaqqallardan Sabir Vəliyev, Mehman Nəbiyev, Seyfəddin Vəliyev, Əməkdar müəllim Xatın Hüseynxanova çıxış edərək uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.
Sonra bağçada tərbiyə alan körpələr Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər.
Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları bağça ilə tanış olaraq bağçanın dünənini və bu gününü özündə əks etdirən fotostendə baxıblar, yataq otaqları, mətbəx, oyun otaqları, musiqi otaqları ilə tanış olublar. Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Sonda cənab Rəcəb Babaşov bir daha bağçanın kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

 

 

Keçidlər