Qazaxda poeziya bayramı keçirilib
Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib. Tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, akademik Teymur Bünyadov, Milli Məclisinin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, şair, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Gülamayıl Murad, şair-jurnalist Məmməd Əfşan, Xalq şairinin oğlu, professor Babək Qurbanov, digər qonaqlar və KİV nümayəndələri iştirak edib.
Poeziya bayramından əvvəl tədbir iştirakçıları İkinci Şıxlı kənd məzarlığına gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini ziyarət ediblər.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məzarlıqda təmir-bərpa işləri aparıldığını və yüksək səviyyəyə çatdırıldığını qeyd edib.
Sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını giriş sözü ilə açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb, Osman Sarıvəlli poeziyasının gözəlliyindən söz açıb. Qeyd edib ki, “Hər kim yüz il yaşamasa, günah onun özündədir” misralarını milyonları düşündürən sətirə çevirən görkəmli şair Osman Sarıvəlli Azərbaycan ədəbiyyatına böyük töhvələr verib.
Sonra Xalq şairinin həyat və yaradıcılığından bəhs edən, onun haqqında söylənmiş qiymətli fikirlərin yer aldığı film nümayiş olunub.
Əməkdar İncəsənət Xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Osman Sarıvəllinin ilk kitabı 1934-cü ildə “Dəmir sətirlərim” adı altında oxuculara təqdim edilib.
Tədbir iştirakçıları Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini söyləyib, şairlə bağlı xatirələrini danışıblar.
Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov saz havaları üstündə şairin şeirlərini oxuyublar.
Xalq şairinin oğlu, bu gün Türkiyədə çalışan professor Babək Qurbanov çıxış edərək atasına verilən yüksək dəyərə və bu cür yüksək səviyyədə tədbirin keçirilməsinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından, ailəsi adından, xüsusilə də Osmansevərlər adından öz dərin minnətdarlığını bildirib.
Bayram Eldar Nəsiblinin “Bura Qazaxdı” şeirinin sədaları altında başa çatıb.
Vəli VƏLİYEV
“Respublika”
21.12.2017-ci il