Hüseynbəyli kəndinə çəkilmiş yeni asfalt yolun açılışı olub
Bu gün Hüseynbəyli kəndinə çəkilmiş yeni asfalt yolun açılışı olub. Yolun kənarlarına toplaşmış yüzlərlə kənd sakini bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər.
Bu münasibətlə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, mətbuat işçiləri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açılış mərasimində qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunmuş Qazax-Hüseynbəyli avtomobil yolu 1711 nəfər sakinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirir. 2,5 kilometr uzunluğunda olan yeni asfalt yol kənddə təsərrüfatın, eləcə də digər sahələrin daha da inkişaf etməsinə xidmət göstərəcəkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev rayon rəhbərliyinin fikirləinə qoşularaq kənd sakinlərinə ən xoş arzularını bildirib. Qeyd edib ki, yeni yolun istifadəyə verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının ən bariz nümunəsidir.
Hüseynbəyli kənd sakinlərindən Mahirə Abbasova, Əsəd Mahmudov və başqaları çıxış edərək kəndə yeni asfalt yolun çəkilişinə görə başda Ölkə Prezidenti İlham Əliyev cənabları olmaqla Avtomobil Yolları Dövlət Agentliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, kəndə çəkilən yeni yol bayram ərəfəsində onlara verilən ən böyük hədiyyədir.
Sonra Rəcəb Babaşov və Əvəz Qocayev alqış sədaları altında yolun rəmzi açılışını bildirən lenti kəsiblər.
Yüksək səviyyədə inşa olunmuş yeni yol bütün kənd sakinlərinin ürəyincə olub.