ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd "Saloğlu” və “Venzana” mebel fabriklərində olub
Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü işlər görülür, genişmiqyaslı layihələr reallaşdırılır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planına uyğun olaraq respublikamızın bütün bölgələrində böyük sənaye parklarının yaradılması, fabriklərin inşa olunması bu sahədə görülən işlərin bariz nümunəsidir.
Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki bu gün nəinki respublikamızda, hətta, ölkə hüdudlarından kənarda belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biri olmaqla yanaşı, istehsal etdiyi məhsullar da alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” fərdi firması 23 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil edir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan "Saloğlu” mebel fabriki böyük kollektivlə, respublikamızın Qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.
2004 və 2016-cı illərdə Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək, 2500-ə yaxın yeni iş yerinin açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisini reallaşdırır. Belə ki, 2016-cı ildə ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı "Venzana” layihəsinin tikintisi uğurla icra olunub. "Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil, eyni zamanda, bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Gələcəkdə fəaliyyət göstərəcək yeni müəssisədə 500 nəfər üçün vakant iş yerinin açılması nəzərdə tutulmuşdur.
Mayın 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd və Universitetin əməkdaşları "Saloğlu” və “Venzana” mebel fabriklərində istehsal prosesi ilə tanış olublar. İcra başçısı və qonaqlar fabrikdə çalışan işçilərlə səmimi söhbət edərək onlara işlərində uğurlar arzulayıblar.
"Saloğlu” mebel firmasının təsisçisi Tacəddin Mustafayev hər iki fabrikdə istehsal olunan mebellər, istehsal prosesi, istifadə olunan avadanlıqlar barədə ətraflı məlumat verib. Bildirib ki, yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılığı azaldacaq, əlavə vəsait xərclənməsinin qarşısını alacaq, ən əsası da əhalinin məşğulluğunu artıracaq. Eyni zamanda, əsas hədəflərdən biri də məhsul istehsalını artırmaq və daxili bazarı gücləndirməkdir.
Hər iki fabriklə yaxından tanış olan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd burada istehsal olunan mebellərin, istifadə edilən materialların keyfiyyətini yüksək qiymətləndirib.