ADA Universitetinin Qazax Mərkəzində Firidun bəy Köçərli adına “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib
Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzində görkəmli maarifçi Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibətilə “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib.
Təhsil fədaisi olan Firudin bəy Köçərlinin izi ilə gedən ADA Universiteti görkəmli maarifçinin yubileyi ərəfəsində bu forumu təşkil etməklə həm tarixi şəxsiyyətə minnətdarlığını bir daha ifadə edib, həm də onun tarixi missiyasına olan bağlılığını nümayiş etdirib.
Forum Qazax Müəllimlər Seminariyasında tarixi ənənəyə sadiq qalmaqla, maarifçilik hərəkatının varisliyini təmin edərək təhsil sisteminin modernləşdirilməsinə və keyfiyyətinin artırılmasına xidmət etməyi qarşısına məqsəd qoyub.
Tədbir ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdalın açılış nitqi ilə öz işinə başlayıb. Vəfa Kazdal qeyd edib ki, forumda regionları təmsil edən müəllimlər ADA Universitetinin müəllimləri ilə birgə təhsildə tətbiqi mümkün olan innovativ yanaşmalardan bəhs edəcəklər. Forumun “seminarist”lərin fikir mübadiləsi məkanı olduğunu bildirən prorektor əlavə edib ki, bu tədbir regional müəllim və direktorlar icmasını qurmaq, əməkdaşlıq və təcrübə paylaşmaq mədəniyyətini gücləndirmək və beləliklə, təhsilin inkişafına töhfə vermək məqsədi daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov forum iştirakçılarını salamlayıb, öz peşələri vasitəsilə şəxsiyyət yetişdirən müəllimləri daim inkişaf etməyə, öz üzərlərində işləməyə səsləyib.
Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllim peşəsinin atributlarından söhbət açıb. O, cəmiyyət tərəfindən müəllimə qoyulan hörmətin bu peşəyə olan dəyəri əks etdirməsindən və ADA Universitetinin yeni nəsil maarifpərvərlər yetişdirərək və yeni layihələr irəli sürərək “müəllim” adını daha da yüksəyə qaldırmasından bəhs edib. Qalib Məmməd bildirib ki, ADA Universiteti bu yolda tarixə nəzər salır, əməli ilə tarixə imzasını atan müəllimləri yad edir.
Forum ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın “Müasir pedaqoji yanaşmalar” mövzusunda çıxışı ilə davam edib.
Müxtəlif təhsil müəssisələrində çalışan, ADA Universitetinin təqdim etdiyi proqramların tələbələri və məzunları - Elza İsgəndərli, Söylü Xəlilova, Vəli Əliyev, Tünzalə Hüseynova və Aytəkin Əliyeva pedaqoji ideyalarını təqdim ediblər. Təqdimatlar təlim-tədris prosesində tətbiq ediləcək müasir pedaqoji yanaşmalar, rəqəmsal innovasiyalar, azərbaycançılıq və vətəndaşlıq mövqeyinin təhsildəki rolu kimi əhəmiyyətli mövzuları əhatə edib.
Daha sonra şagirdyönümlü tədrisin təşkilində ADA Universitetinin müəllimləri öz təcrübələrini region müəllimləri ilə bölüşüblər.
ADA Universitetində mədəniyyət üzrə menecer Afət Muradova gənc nəsil arasında milli kimliyin dərk edilməsinə yönəlmiş təhsil proqramı barədə təqdimatla çıxış edib.
“Sokratik sinif mühitinin yaradılması” mövzusunda məruzə isə ADA Universitetinin baş müəllimi Günel Kərimova tərəfindən təqdim olunub.
Sonda ADA Universitetinin baş müəllimi Lalə Məmmədova layihəəsaslı öyrənmənin şagird və tələbələri necə motivasiya etdiyini diqqətə çatdırıb.
Forumda, həmçinin ADA Universiteti Qazax Mərkəzinin Məzunlar Assosiasiyasının nümunəsində məzunlarla işin təşkili müzakirə olunub.
ADA Universiteti Qazax Mərkəzinin Məzunlar Assosiasiyasının sədri Aynurə Səfərova təşkilatın illik fəaliyyət planı barədə məlumat verib.
Daha sonra ADA Universiteti Qazax Mərkəzinin baş məsləhətçisi Ziya Mirzəyev tərəfindən Məzunlar Assosiasiyasının 13 regional koordinatoru elan olunub.
Forumun sonunda Aynurə Mustafayevanın “Dəyərlər” adlı rəsm sərgisinin açılışı olub. Milli-mənəvi dəyərlərimizi əks etdirən rəsm əsərlərinin nümayiş olunduğu sərgi fevralın 2-də başa çatacaq.
Qeyd edək ki, hər il keçirilməsi planlaşdırılan forum öz fəaliyyəti ilə təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, distant, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və bu sahələrin gələcək inkişafı üçün töhfələr verəcək.