Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalmış baş leytenant Elvin Namazovun əziz xatirəsi ehtiramla yad olunub
Bu gün də hər kəsin qürurla xatırladığı 1-4 aprel, 2016-cı il... Bəli, şanlı zəfərlərlə dolu həmin dörd gündür ki, Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olub. Bu gün əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirmirlər. Erməni quldur birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində mühüm və əhəmiyyətli rol oynayan şanlı Aprel döyüşlərindən artıq doqquz il ötür. Azərbaycan Ordusu dörd gün davam edən Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistanın hərbi birləşmələrinin sərhədyanı və sərhədətrafı yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təmas xəttindəki bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan Ordusunun komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çoxlu canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötsə də həmin döyüşlərin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı 9 il əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə” kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və 4 gün davam edən döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ildə qazandığımız Qələbənin təməli də məhz 9 il əvvəl qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Məhz Aprel döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etməklə yanaşı, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq bundan iki il sonra daha bir böyük Zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlər qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər. Aprel döyüşləri böyük Qələbəyə olan inamı artırmaqla yanaşı, Silahlı Qüvvələrin şəxsi heyəti üçün böyük təcrübə oldu. Dörd gün ərzində aparılan döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Əldə edilən təcrübəni Vətən müharibəsində uğurla tətbiq edərək Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər qəhrəman oğlu - Fərəhli kəndinin igid oğlu kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndinin igid oğlu baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndinin igid oğlu əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldi.
Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun bu gün canını fəda etdiyi torpağa tapşırıldığı gündür. İgid Vətən oğlunun yoxluğundan bizi 9 il ayırır. İllər ötsə belə Elvin kimi oğullarımız daim qəlblərdə yaşayacaqlar. Bütün şəhidlərimiz kimi Elvin Namazovun da xatirəsi hər zaman əziz tutulur.
Bu gün qürurverici olan odur ki, Namazovlar ailəsində - igid qəhrəmanımızın doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ata yurdunda daha bir qəhrəman yetişir. Əmisinin adını layiqincə yaşadacaq balaca Elvin böyüyür. O qəhrəman ki, onun gəlişi ilə Namazovlar ailəsində həyat yenidən canlandı. 2019-cu ilin 20 aprelində dünyaya göz açan həmin körpə əmisinin adını daşımaqla, nənə və babasının, əmisini sevənlərin yarasına bir məlhəm oldu. Öz gülüşü, səsi ilə Elvin sevərlərə sevinc, xoşbəxtlik gətirdi.
Bəli, bu gün Namazovlar ailəsi övladları Elvinin yoxluğunu əmisinin adını daşıyan balaca Elvinlə doldurmağa, təsəlli tapmağa çalışırlar. Elvinin yerini əvəz etməsə də onun gəlişi ilə ailədə həyatın yenidən dəyişdiyini söyləyirlər. Artıq Namazovlar ailəsində kədər göz yaşı ilə yanaşı, sevinc göz yaşları da axıdılır. Balaca Elvinin varlığı bu ailəyə Allahın sevinc payı, ən böyük töhfəsi kimi bəxş olunub. Namazovlar ailəsinin daha bir sevinci isə ailənin Vahid adlı nəvə payıdır. Onun gəlişi ilə ailənin sevincinə daha bir sevinc qatılıb.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyü ilə əbədiyyətə qovuşan, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuş şəhidimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun xatirəsini əziz tutan rayon rəhbərliyi şəhidimizin doğum və anım günlərində məzarını ziyarət edir, ailəsinə baş çəkir.
Aprelin 9-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri Elvin Namazovun şəhadətinin 9-cu ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində olub, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar.
Rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdıran birinci müavin M.Alıyev şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, qəhrəman şəhidimizə Allahdan rəhmət diləyib. M.Alıyev bildirib ki, Aprel döyüşlərindən 9 il keçsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan sonsuz hörmət və ehtiramımız daha da artır. M.Alıyev qeyd edib ki, Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. "Qarabağ Azərbaycandır!” - deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 9 il əvvəl Lələtəpədə dalğalanan bayraq artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb. Birinci müavin bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycanın fəxri olduqlarını qeyd edib.
Şəhid atası Məmməd Namazov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirlərində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, həmçinin, bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu bildirib.
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.
Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.