Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Bayrağı” ordenli baş gizir Azər Məmmədovun doğum günü məzarı başında qeyd olunub

04 mart 2023 | 18:14

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 

44 günlük Vətən müharibəsində iştirak edən baş gizir Məmmədov Azər Mustafa oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, sinəsini düşmən gülləsinə sipər etməkdən bir an belə çəkinmədi. Torpağa, Vətənə olan sonsuz sevgisi onu Şəhidlik adlı uca bir məqama yüksəltdi. Qanı ilə tarix yazan igid Vətən oğlu bu gün on milyonluq Azərbaycan xalqının qəlbində yaşayır. Vaxtilə valideynlərinin övladı olan Azər Məmmədov bu gün elin övladı olub, hər bir Azərbaycan vətəndaşının doğmasına, əzizinə çevrilib.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Azər Məmmədovun bu gün cənnətdəki ilk doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı... Bütün şəhidlərimiz kimi, bu gün 30 yaşını qeyd etdiyimiz Azər Məmmədovun da doğum günü unudulmayıb.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizi və onların ailələrini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərliyinin şəhidlərimizə olan sonsuz ehtiramının bariz nümunəsidir ki, fəaliyyətə başladığı ilk gündən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən ənənə halını alan ziyarətlər bu gün də davam etdirilir.

Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, şəhid ailələri, müharibə əlilləri şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla anılıb. Ziyarət edənlər Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Azər kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Azərin xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov Azər kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib.

Qəhrəman şəhidin məzarını ziyarət edən şəhid ataları, müharibə əlilləri Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq həmin qələbədə Azər kimi qəhrəman oğullarımızın payının olduğunu, belə igidlərimizi yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Şəhid atası Mustafa Məmmədov öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini söyləyib. Şəhid ailəsi kimi göstərilən qayığya görə razılığını bildirib.

Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub.

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

   

 

Keçidlər