“Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun ailəsi ziyarət olunub
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə olan bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 4 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk edən igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər il olduğu kimi, bu il də şəhidlərimizi yad edib. Həmişə olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü tədbirlərinə Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən, 44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun əziz xatirəsi daim ehtiramla anılır, ailəsi, yaşadığı ev hər zaman ziyarət olunur.
Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri olan gənclər rayonun Qarapapaq kəndində olub, Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun ailəsini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına Quran oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi yad edilib. Şəhidimizin otağında şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan gənclərə Xaliddin Nəsibovun keçdiyi döyüş yolundan, döyüş meydanında göstərdiyi qəhrəmanlığından geniş bəhs edilib. Bildirilib ki, Xaliddin Nəsibov 2012-ci ildə səkkizinci sinifi bitirəndən sonra sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla qəbul olundu. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələndi. Sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, ali təhsilli zabit kimi yetişdi. 2019-cu ildə həmin məktəbi bitirib avqust ayının 1-dən leytenant hərbi rütbəsində xidmətə başladı. Arzusu Vətənə şərəflə xidmət edib gələcəkdə general olmaq idi. Bu məqsədlə təhsildə olduğu kimi, xidmətdə də öz nizam-intizamı, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi ilə fərqləndi. Döyüşdə nümunə göstərərək həmişə qabaqda özü gedir, əsgər və zabitlərə ruh yüksəkliyi verirdi. Bu gün Xaliddin ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmaqla adını xalqımızın və doğma qazaxlıların qəlbinə əbədi həkk edib. Xaliddin tək igid Vətən oğullarının daim qəlblərdə yaşayacaqları söylənilib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Xaliddin Nəsibovun xatirəsinin daim əziz tutulacağı qeyd edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova şəhidin ailəsinə rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə daim yüksək səviyyədə qayğı göstərildiyini qeyd edən müavin G.Həsənova Qazaxda həmin qayğının hər zaman nümunə götürüldüyünü, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu amili əldə rəhbər tutaraq şəhidlərimizin ailə üzvlərinə daim diqqət ayırdığını söyləyib. Bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu bildirib.
Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlığın illər keçsə belə heç zaman unudulmayacağını, bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. S.Çobanov igid Vətən oğlunun həyatından, döyüş yolundan söz açaraq bildirib ki, Xaliddin Nəsibov Vətən müharibəsi başlayanda motoatıcı taborun tağım komandiri vəzifəsində xidmət edirdi. İkinci Qarabağ savaşına ilk dəfə Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə başladı. Separatçıların ən böyük qüvvəsi burada idi. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Döyüşçülərimiz Xocavəndə doğru 3 istiqamətdən hərəkət edərək düşmən səngərinin arxasına keçib canlı qüvvəsini və texnikasını məhv ediblər. Xaliddinin komandir olduğu tağım qanlı döyüşlər apararaq Xocavəndə birinci girib. Bu şücaətinə və igidliyinə görə hazırda Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev döyüş meydanında Xaliddin Nəsibova baş leytenant rütbəsi verib. Xaliddin 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdu. S.Çobanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Gənclərin diqqətinə çatdırıb ki, bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. S.Çobanov Azərbaycan dövləti və xalqımız var olduğu müddətcə bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, bugünkü və gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğunu vurğulayıb. “Bugünkü ziyarətin əsas məqsədi Xaliddin kimi qəhrəman Vətən oğlunu siz gənclərə daha yaxından tanıtmaq və örnək göstərməkdir”, - deyən S.Çobanov gənclərə nümunəvi addımlarına görə razılığını ifadə edib.
Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıdan razılıq edib və buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhid atası övladının doğum və anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayıb. Şəhid atası qeyd edib ki, “Xaliddin öz peşəsinin vurğunu idi. Vətənini, torpağını sevdiyi qədər öz peşəsini də çox sevirdi. Arzusu general olmaq idi. Bu gün o, öz arzusuna ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalmaqla çatdı. Daha uca məqamı seçdi. Sizin kimi gənclər Xaliddini yad etməklə, öz sənətinizi, peşənizi sevməklə onu hər zaman uca tutursunuz. Şəhid atası kimi siz gənclərə tövsiyəm odur ki, Xaliddin kimi qəhrəmanlarımızın həyatını örnək biləsiniz və onları daim yad edəsiniz. Gələcək nəsillərə tanıdasınız. Bugünkü ziyarət bunu bir daha təsdiq edir ki, siz gənclərimiz var olduqca Xaliddin kimi igid oğullarımız heç vaxt unudulmayacaqlar”.
Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.
Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub.