Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Qazax rayonunun fəal qadınları ilə görüş olub
Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyuldu və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı. Ötən illər ərzində Azərbaycan Qadınlarının 5 Qurultayı keçirilib. Növbəti VI Qurultayın 19 oktyabr 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulub. Azərbaycan Qadınlarının VI Qurultayı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Oktyabrın 5-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Qazax rayonunun fəal qadınları ilə görüş keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər əməkdaşları, AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, şəhid anaları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ulu Öndər Heyər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə həsr edilmiş videçarx nümayiş olunub.
Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirdə iştirak edən təhsil işçilərini və müəllimləri təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. C.Hüseynova qeyd edib ki, Azərbaycan tarixinin yarıməsrlik dövrü Ümummilli Lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazdırıb. Onun millət, Vətən, dövlət üçün göstərdiyi xidmət, şücaət, qəhrəmanlıq unudulmazdır. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini fəaliyyətinin əsas aparıcı istiqamətlərdən biri hesab etmişdir. Müasir dövrdə qadınların cəmiyyətdə fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan dövlətinin də bu istiqamətdə atdığı addımlar və əldə etdiyi nailiyyətlər danılmazdır. Azərbaycanda qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qadınların hüquqlarının müdafiəsi, qadın məsələlərinin həlli istiqamətində bütün imkanların genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun şəkildə davam etdirilir. İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fərqlənən qadınların fəaliyyətini yüksək mükafat və fəxri adlarla qiymətləndirir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Müavin G.Həsənova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu daha da güclənib və fəaliyyətləri genişlənib. Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. Ümummilli Liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. 1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olunub. Məhz bu qurultay müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olub. Ulu Öndər Heydər Əliyev öz çıxışında deyib: “Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Bundan sonra ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci illərdə Azərbaycan Qadınlarının Qurultayı baş tutub. Bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. G.Həsənova bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirlər yüksək dəyərləndirilməlidir. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Azərbaycan qadınının bütün sahələrdə nümunə olduğunu bildirən müavin bunun bariz nümunəsini Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında aydın şəkildə gördüyümüzü söyləyib. Mehriban xanımın nümunəvi fəaliyyətinin, dövlət və xalq naminə xidmətlərinin hər kəsə örnək olduğunu qeyd edib.
Təqaüddə olan müəllim Bəsdi Ələkbərova çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. B.Ələkbərova vurğulayıb ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə qadın siyasətinin həyata keçirilməsində də mütərəqqi nailiyyətlər əldə olunub. Azərbaycanda məqsədyönlü gender siyasəti həyata keçirilir və bu sahəyə aid xüsusi dövlət proqramı qəbul olunub. Bu isə bir daha onu göstərir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev bu sahəyə böyük diqqət və qayğı göstərir.
AMEA Folklor İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edərək bildirib ki, Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdirdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan Azərbaycan qadının şərəfli təmsilçiləri olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların xidmətlərini unutmayacaq. Azərbaycan qadının istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlətdə gördüyü işlər hər zaman xüsusi fərqlənib.
Əməkdar müəllim, Bakı Dövlət Universitetinin Qazax filialında Təqdimat və ictimai elmlər kafedrasının müəllimi İndira Vəliyeva Azərbaycan qadınının keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Ölkədə bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva Azərbaycanda aparılan yüksək səviyyəli qadın siyasətindən danışıb. Qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial, iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmış, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri nəzərə çarpacaq dərəcədə dəyişmiş, gender siyasəti güclənmiş, qadınların cəmiyyətdə rolu yüksəlmiş, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunmuş, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etmiş, ölkə idmanının inkişafına böyük töhfələr vermişlər. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunlar qəbul edilmiş, fərman və sərəncamlar imzalanmış, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiqi, qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.
Sonda Mərkəzin direktoru Ceyhunə Hüseynova qarşıdan gələn Azərbaycan Qadınlarının VI Qurultayı münasibətilə qadınları təbrik edib və qurultayda rayonumuzu təmsil edəcək nümayəndələrimizə uğurlar arzu edib.