Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 may 2024 | 17:32

Mayın 6-da Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Filialın Heydər Əliyev auiditoriyasında keçiririlən imzalanma mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi, professor, doktor Ali Kafkasyalı, Ərzincan Binəli Yıldırım Universitetinin Hüquq və iqtisadiyyat üzrə magistr tələbəsi Kənan İsmayılzadə, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, Fil.ü.f.d., dosent İlhamə Qəsəbova, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, filialın professor-müəllim heyəti, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib. Müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu, türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün və hər iki dövlətin şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Hər iki dövlətin ölkə başçıları ilə görüşləri əks etdirən videoçarx nümayiş etdirilib.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov iki qardaş ölkə arasında müxtəlif sahələr üzrə olan əməkdaşlığın günü-gündən artdığını, inkişaf etdiyini bildirib. Direktor Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Prof., Dr. Akın Leventə, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi, professor, doktor Ali Kafkasyalıya  BDU-nun Qazax filialına göstərdikləri yüksək inama, etibara, etimada, verilən dəyərə və əməkdaşlığa görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını ifadə edib. Müqavilənin bağlanmasında göstərdiyi dəstəyə görə Elm və Təhsil naziri Emin Əmrullayevə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb. A.Rüstəmov qarşılıqlı fayda və əməkdaşlıq məqsədilə imzalanmış müqavilənin hər iki təhsil müəssisəsi üçün səmərəli olacağını söyləyib. Direktor qeyd edib ki, müqavilənin məqsədi iki qurum - Ərzincan Binəli Yıldırım Universiteti və  Bakı Dövlət Universitetinin Qazax filialı arasında qarşılıqlı faydalı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, birgə elmi toplantıların keçirilməsi istiqamətində fəaliyyət üçün yeni imkanların yaradılmasıdır. Əməkdaşlıq forması və istiqamətlərindən söz açan A.Rüstəmov tərəflərin müasir təlim texnologiyaları və metodlarından istifadə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə elmi tədqiqatların aparılması, birgə elmi və praktiki tədbirlərin təşkili və nəşr işlərinin həyata keçirilməsi, birgə Beynəlxalq Simpozyum və konfransların təşkili və həyata keçirilməsi, tərəflərin elmi – pedaqoji potensialından, eləcə də kadr potensialından istifadə, informasiya mübadiləsi, kitab mübadiləsi və ya tərəflərin elmi bazalardan istifadə imkanı kimi istiqamətlər üzrə həyata keçirilməsinə dair razılığa gəldiklərini vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Prof., Dr. Akın Leventə, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi, professor, doktor Ali Kafkasyalıya  filialla olan əməkdaşlığa görə razılığını ifadə edib. Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan müavin Аzərbаycаn elminin, təhsilinin inkişafında Ulu Öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Liderin bu sаhəyə daim diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Vurğulayıb ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər bu sahəyə, təhsil sahəsində çalışan insanlara daim diqqət və qayğı göstərirdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə təhsil sahəsinin inkişafı, yüksəkixtisaslı kadrların yetişməsi, gənclərin dünyanın ən mötəbər ali təhsil ocaqlarında təhsil almaları üçün hər cür şərait yaradırdı. Müavin təhsil sahəsinin inkişaf etdirilməsi üçün çoxsaylı Fərman və Sərəncamların imzalanmasını bu istiqamətdə atılan uğurlu addımlar kimi qiymətləndirib. G.Həsənova bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan tələbələrinin istər ölkəmizdə, istərsə də dünya dövlətlərində olan ən ali təhsil müəssisələrində təhsil almaları bu sahəyə olan qayğının əyani göstəricisidir. G.Həsənova bildirib ki, SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Prezident Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Ulu Öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi. Ümummilli Lider Heydər Əliyev türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Ümummilli Lider Heydər Əliyev Türkiyə ilə əlaqələrin qurulmasına hər zaman böyük əhəmiyyət verib. Heydər Əliyevin dünyaşöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayıb. Ulu Öndərin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipi bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Müavin qeyd edib ki, möhtərəm Prezident İlham Əliyev iki qardaş ölkənin sarsılmaz birliyinin türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini yüksək qiymətləndirərək demişdir: "Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir". Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Türkiyə-Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində xüsusi əhəmiyyətə malikdir. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Prezident İham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türk dövlətləri İlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyildir. 2024-cü ildə Parlamentdə andiçmə mərasimində cənab Prezident İlham Əliyev nitqində türk dünyası ilə əməkdaşlığın önəmli olduğunu bildirərək: "Türk Dövlətləri Təşkilatı, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” demişdir. Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan ­İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru aparır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir. Müasir dövrdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi türk dünyasının böyük gələcəyinin əsas təminatı deməkdir. İki ölkə prezidentinin qardaşlıq prinsipinə əsaslanan münasibətləri sayəsində bu gün əlaqələrimiz ən yüksək zirvəyə çatmışdır. Müvain vurğulayıb ki, Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən tələbələrin və pedaqoji heyətin mübadiləsinin həyata keçirilməsi iki ölkə arasında yaranmış qardaşlıq münasibətinin bariz nümunəsidir. Müavin sonda bir daha hər iki universitetin əməkdaşlığının daimi olmasını qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi, professor, doktor Ali Kafkasyalı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təmsil etdiyi Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Prof., Dr. Akın Leventin təbriklərini, səmimi ürək sözlərini çatdırıb. A.Kafkasyalı dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürklə bağlı səmimi xatirələrini bölüşərək böyük insanları ehtiramla anıb. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Biz bir millət, iki dövlətik" müdrik kəlamının, Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının bu gün də hər iki qardaş dövlətin vətəndaşları üçün örnək olduğunu qeyd edib. A.Kafkasyalı cənab Prezident İlham Əliyevin 2024-cü ildə Parlamentdə andiçmə mərasimindəki nitqində türk dünyası ilə əməkdaşlığın önəmli olduğunu bildirərək: "Türk Dövlətləri Təşkilatı, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləməsinin iki qardaş ölkə ilə yanaşı, bütün dünya və türk dövlətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini söyəyib. Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün göstərdikləri yol xəritəsinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən hər iki qardaş ölkənin birliyi, həmrəyliyi istiqamətində davam etdirildiyini bildirib. A.Kafkasyalı Bakı Dövlət Universitetinin Qazax filialının Ərzincan Binəli Yıldırım Universiteti ilə  əməkdaşlıq barədə təklifini universitet rəhbərliyinin çox səmimi qarşıladığını, iki ölkə arasında olan dostluğun, qardaşlığın, təhsil sahəsindəki inkişafın davamı olaraq bu əməkdaşlığı yüksək dəyərləndirdiklərini bildirib. A.Kafkasyalı Ərzincan Binəli Yıldırım Universitetinin Türkiyədə, eləcə də dünyada sayılıb-seçilən universitetlərdən olduğunu qeyd edərək bu təhsil ocağı ilə olan əməkdaşlığın hər iki ölkədə təhsil alan gənclər üçün böyük rol oynayacağını, onlara geniş imkanlar açacağını söyləyib. 

Ərzincan Binəli Yıldırım Universitetinin Hüquq və iqtisadiyyat üzrə magistr tələbəsi Kənan İsmayılzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təhsil aldığı universitetin rəhbərliyi və orada təhsil alan tələbələr adından səmimi ürək sözlərini bölüşüb. K.İsmayılzadə Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının əhəmiyyətini vurğulayaraq hər iki təhsil ocağında təhsil alan gənclərin həyatlarında və təhsillərində mühüm rola malik olacağını qeyd edib. 

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, Fil.ü.f.d., dosent İlhamə Qəsəbova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir uğurudur”, - söyləyən İ.Qəsəbova bu münasibətlə qazaxlıları, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan həmyerlilərini təbrik edib. Xalqımıza bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandana minnətdar olduğumuzu bildirib. İ.Qəsəbova bu gün imza atılan, təməli qoyulan Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasındakı birgə əməkdaşlığın təhsilimiz üçün çox uğurlu olacağını qeyd edib. Hər iki təhsil ocağının neçə-neçə yüksəkixtisaslı kadrlar yetişdirdiyini qeyd edən İ.Qəsəbova universitetlər arasındakı birgə əməkdaşlıq sayəsində böyük nailiyyətlər əldə olunacağını vurğulayıb. Bu yolda hər iki təhsil ocağının kollektivinə uğurlar arzulayıb. İ.Qəsəbova Qazaxda təhsil sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. M.Yusifov Bakı Dövlət Universitetinin Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasını iki qardaş ölkə arasında olan dostluğun, qardaşlığın, təhsil sahəsində olan inkişafın bariz nümunəsi kim qiymətləndirib. Əlamətdar hadisə münasibətilə filialın tələbələrini təbrik edərək imzalanmış müqavilənin onların həyatında mühüm rol oynayacağını söyləyib. 

Sonda imzalanma mərasimi olub, hədiyyələr təqdim edilib.

Keçidlər